Azərbaycan-İtaliya Assosiasiyasının səyi nəticəsində ərsəyə gələn “Via della seta” (“İpək yolu”) jurnalı ildə dörd dəfə çap edilir. Jurnalın nəşrində əsas məqsəd Azərbaycan-İtaliya əlaqələrinin inkişafına töhfə verməkdir. Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edən nəşr vasitəsilə italiyalı oxucular ölkəmizin beynəlxalq əlaqələri, iqtisadi inkişafı, zəngin mədəni irsi və qədim tarixi barədə ətraflı məlumat əldə edirlər.
“Via della seta” jurnalının növbəti nömrəsində ölkəmizin mədəniyyəti, iqtisadiyyatı, turizm və idman sahələrindəki potensialı, İtaliya ilə müxtəlif istiqamətlərdə əlaqələrimiz barədə məlumatlarla yanaşı, Azərbaycanda hökm sürən tolerantlıq mühitindən də bəhs edilib.
Jurnalda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü barədə məlumat verilib və səfərin dövlətlərimiz arasındakı əlaqələrə töhfəsi geniş təhlil olunub.
Bununla yanaşı jurnaldakı “Azərbaycanın tolerantlıq modeli dünya üçün örnək ola bilər” sərlövhəli yazıda ölkəmizdə mövcud multikultural mühitin Avropada, o cümlədən İtaliyada təbliği istiqamətində keçirilmiş tədbirlərdən bəhs olunur. Ötən ilin dekabr ayında Romada Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda keçirilən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da iştirak etdiyi konfrans barədə jurnalda geniş məqalə çap edilib. Həmçinin, Komitə sədrinin İslam ölkələrində dünyəviləşmə anlayışının tarixindən və Azərbaycanda aparılan din siyasətindən, bu siyasətin beynəlxalq hüquq prinsipləri və normaları çərçivəsində həyata keçirilməsindən bəhs edən “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzəsi də nəşrdə öz əksini tapıb.
Bununla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının jurnalda müsahibəsi də dərc olunub. Komitə sədri jurnalın Azərbaycanda mövcud olan dini və milli tolerantlıq ənənələri, Dövlət Komitəsinin Azərbaycandakı multikultural mühitin qorunub saxlanılmasında rolu, dini konfessiyalar arasında münasibətlər, dini maarifləndirmənin effektivliyinin artırılması üçün həyata keçirilən tədbirlər, beynəlxalq əlaqələr və digər mövzularla bağlı suallarını cavablandırıb.