Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
24.06.2016 / Məqalə

İslamafobiyanı kimlər və necə yaradırlar?

Bu gün dini, siyasi, ideoloji ziddiyyət səbəbindən baş qaldıran münaqişələr və dağıdıcı müharibələr bəşəriyyətin nəinki uzaq, hətta yaxın gələcəyini də şübhə altına alır. Qloballaşma nəticəsində xalqların, millətlərin qarşılıqlı anlaşmasında yaşanan çətinliklər pik həddə çatıb. Ünsiyyət, humanizm və sevgi öz yerini şəxsi eqonun, maraqların və ambisiyaların təmin edilməsinə verib. Başqalarının mədəniyyətinə, adət-ənənələrinə qarşı “məndən olmadığı üçün mənim deyil” müstəvisində laqeyd münasibət formalaşıb, hətta bu münasibətdən maraqlarının və ambisiyalarının təmin olunması üçün istifadə edən dairələrin olduğu heç kəsə sirr deyil. Bütün dünyaya nadir tapılan hind qumaşı kimi təqdim edilən, hətta müqəddəsləşdirilib əldə bayrağa çevrilən Qərb ideyalarının digər ölkələrə müxtəlif, bəzən ən çirkin vasitələrlə “inyeksiyası”ına cəhdlər edilməsi və şərqli-qərbli kimi qərəzli, təhlükəli bölgü aparmaq vəziyyəti daha da alovlandırır. Bütün bu neqativ proseslərin fonunda multikultural təhlükəsizlik və dialoq anlayışının əhəmiyyəti bir daha ön plana çıxır. Ancaq bu gün Qərbin açıq, yaxud gizli şəkildə hər hansı etiqad və ya fərqli mədəniyyət daşıyıcılarına demokratiya pərdəsi altında təzyiq göstərməsi acı təəssüf doğurur. Qüvvələr balansının dəyişdiyi müasir dünyada “köhnə qitəçilər”in milli-dini azlıqların hüquqlarının müdafiəsi adı altında digər dövlətlərin daxili işlərinə müdaxilə etməsi “öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtarmağa” bənzəyir.
İnsan hüquqlarını irəli çəkərək dünyəvi sülhə nail olmaq məqsədilə yazılmış Ümumdünya İnsan Hüquqları Bəyannaməsini əldə bayraq tutaraq, vicdan azadlığının aliliyindən dəm vuran bu cür dairələr özləri vicdan azadlığını pozur, üstəlik, bunu edərkən qarşı tərəfi ləkələməkdən, şantaj etməkdən də çəkinmirlər. Haqqında bəhs etdiyimiz Bəyannamənin 18-ci maddəsində deyilir: “Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir”. 19-cu maddədə isə hər kəsin öz əqidəsində qalmaq, həmçinin, istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq, həmçinin, yaymaq azadlığına sahib olduğu vurğulanır. Lakin son dövrlər Qərbdə bəzi media orqanlarının İslamı terror dini, müsəlmanları isə terrorçu kimi qələmə verməsi, eyni zamanda İslam mərkəzlərinin irqçi hücumlara məruz qalması artan islamafob meyillərin təzahürüdür.
Demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət kimi ali dəyərlərin Avropada doğulduğu hesab edilir, ancaq bu gün Qərb dünyasında müxtəlifliklərin qarşıdurmalara zəmin hazırladığı və miqrantların işsizliyə, iqtisadi böhrana gətirib çıxardığını əsas gətirən irqçi, nasist, islamafob partiyaların daha çox səs topladıqları bir faktdır. Bu inkarolunmaz həqiqətlər, təbii ki, bəzi Qərb dairələrinin irqçi, islamafob fəaliyyətlərinin “məhsuludur”. Ona görə də hökumətlər miqrantlara qarşı sərt tədbirlər görmək “məcburiyyətində qalır”, tanınmış elm və siyasət adamları isə multikulturalizmin iflasa uğradığı haqda açıq bəyanatlar səsləndirməklə onları dəstəkləyirlər. Narahatlıq doğuran bu cür bəyanatlar sanki Qərb cəmiyyətinin rifah dövründə ikən nəzarət altında saxlanılan, ancaq ani qığılcımla “metastaz” verən patoloji xəstəliyidir.
Tarixə nəzər salsaq, Qərbin uzun əsrlər boyu özünü formalaşdırarkən İslam əleyhdarlığını vasitəyə çevirdiyini aydın şəkildə görərik. Bu gün həmin tarixi təcrübə müxtəlif şəkillərdə qarşımıza çıxmaqdadır. Keçmişdə yaşanılmış və günümüzdə də bəşəriyyətin yaddaşında qara ləkə kimi qalan hadisələr sanki 2001-ci il sentyabrın 11-də Amerikada baş vermiş terror aktından sonra yenidən alovlanmağa başlandı. Bu terror aktı Qərb-Şərq münasibətlərində dönüş nöqtəsi oldu. Həmin vaxtdan etibarən bir çox dünya KİV-inin və siyasətçilərinin daim gündəmdə saxladığı islamafobiya Qərb cəmiyyətinin sağalmaz xəstəliyinə çevrildi. Bu anlayış özündə İslam dininə antipatik yanaşmanı, müsəlmanlara qarşı diskriminasiyanı dəstəkləyən düşüncəni əks etdirsə də, bir çox təhlilçilərin fikrincə, o, düşmən axtarışında olan Qərb cəmiyyətinin uğurlu uydurması kimi şərh edirlər.
Ötən ilin sonlarında ABŞ İslam Əlaqələri Şurasının nəşr etdiyi hesabatda 2015-ci ildə təkcə bu ölkədə məscidlərə qarşı 75 hücum və hədə-qorxu hadisəsinin baş verdiyi və bunun 2009-cu ildən bəri qeydə alınan ən böyük göstərici olduğu bildirilib. “New York Times” qəzeti də Amerikada müsəlmanlara qarşı hücumların Parisdə törədilmiş terror hadisəsindən sonra üç dəfə artdığını xəbər verib.
11 sentyabr hadisələrindən bütün müsəlmanlara və ümumilikdə İslama qarşı başladılan gözdənsalma kampaniyası bu gün Avropada davam etdirilir. İslam düşmənçiliyi qabardılaraq müsəlmanlara təzyiqlər göstərilir, insan hüquq və azadlıqları heçə sayılaraq müsəlmanlar konstitusion hüquqlarından məhrum edilir, bu da azmış kimi, şəxsi həyatlarına müdaxilələr olunur. Fransa və Belçikada niqabın ictimai yerlərdə tamamilə yasaqlanması, Lüksemburq və İsveçdə, həmçinin, İsveçrə, Norveç, İslandiya və Polşada dini qurbanların kəsilməsinə məhdudiyyətlər qoyulması Qərbdə din azadlığı ilə bağlı ikili standartların hökm sürdüyünün göstəricisidir. Bundan başqa, təqribən 400 min müsəlmanın yaşadığı İsveçrədə ilk dəfə minarə inşasına qadağa qoyulması dini azadlığın haqsız olaraq məhdudlaşdırılması və bu ölkədə müsəlmanlara qarşı ayrı-seçkilik edilməsinin bariz göstəricisidir. Ekspertlərin rəyinə görə, bu cür qadağalar dini deyil, daha çox, sosial xarakterlidir və müxtəlifliklərdən qorxan mühafizəkar partiyalar, qruplar tərəfindən qaldırılır. Bu qadağalar onlar üçün sadəcə nəzarəti əldə saxlamağın bir yoludur. Belə ki, müsəlmanların Avropaya köçü həm də qloballaşmanın tərkib hissəsidir. Bəzi insanlar isə qloballaşmadan və ətraf aləmin onların nəzarətindən kənar şəkildə dəyişməsindən qorxurlar. Lakin milyonlarla müsəlmana ev sahibliyi edən Avropada onlara göstərilən bu cür mənfi münasibət müsəlmanların gələcəyinə dair ciddi suallar ortaya qoyur.
Federal İrqçilik və Ayrı-seçkilik Komissiyasının hazırladığı hesabat son bir ildə İsveçrədə irqçiliyin artdığını meydana çıxarıb. Komissiyanın sədri Martina Brunşviq Qraf bunun Avropada baş verən böyük köç dalğası və terror hadisələrindən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, 2016-cı ilin ilk 5 ayının sonunda irqçilik və ayrı-seçkilik zəminində baş verən hadisələrin sayı  240-ı keçib və müvafiq tədbirlər görülməyəcəyi təqdirdə ilin sonunadək bu rəqəm daha da arta bilər.
Daha bir Avropa ölkəsi olan Almaniyada da müsəlmanlar ağır cinayətlərdə günahlandırılır, izlənilir və hücumlara məruz qalırlar. Ölkə Konstitusiyasında, o cümlədən qanunlarda vicdan azadlığı əhəmiyyətli mövqeyə sahib olduğu halda, söhbət İslamdan və müsəlmanlardan düşən kimi Konstitusiya və qanunlar heçə sayılır.
Üstəlik, İslam əleyhdarı kimi tanınan Almaniya üçün Alternativ Partiyasının (AfD) bu yaxınlarda yaydığı açıqlamada İslamın ölkə Konstitusiyası ilə uyğun gəlmədiyini iddia edərək bundan sonra siyasətlərinin bu dinə qarşı yönəldiləcəyini bildirməsi müsəlmanlara qarşı ayrı-seçkiliyin pik həddidir. “Bu gün Almaniyada demokratiya və azadlıq üçün ən böyük təhlükə İslamdır” - şəklində çıxışlar edən partiya sədrinin köməkçisi, eyni zamanda Avropa Parlamentinin millət vəkili olan Beatriks fon Ştroxun “qaçqınların Almaniyaya girməsinə, lazım gələrsə, silahla mane olmaq lazımdır” şəklində çıxışları da bu ölkədə dini ayrı-seçkiliyin hansı səviyyədə olduğunu göstərir. Ən maraqlısı isə rəsmi dairələrin bu cür bölücü açıqlamalar qarşısında sükutunu qorumasıdır.
Göründüyü kimi, qlobal qaçqın böhranı, siyasi çəkişmələr və iqtisadi əlaqələrin pozulması son bir neçə ildə dünyada dini etiqad azadlığı durumunun pisləşməsinə gətirib çıxarıb. Bütün bunların fonunda bu gün Azərbaycan dövləti dini və etnik dözümlülüyə, bərabərhüquqlu birgəyaşayışa əsaslanan, yüzilliklər ərzində formalaşmış zəngin mənəvi mədəniyyəti qoruyub saxlamağı və gələcək nəsillərə ötürməyi qarşısına əsas məqsəd kimi qoyub. Fəxrlə deyə bilərik ki, ölkəmiz konfessiyalar arasında ayrı-seçkilik etmir, bütün etiqadlara bərabər hüquqlar tanıyır və dünyəvilik sisteminin ən uğurlu, nümunə kimi qəbul olunan dövlət-din münasibətləri modelini – hansı ki, bu modeli də o, hardansa idxal etməyib, özü qurub, özü yaradıb - inkişaf etdirir.
Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlərin möhkəmlənməsi və bu sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi, heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin alternativsiz siyasi xəttinin nəticəsidir. Ulu Öndərin dövlətçilik konsepsiyası hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarı olan Prezident İlham Əliyev tərəfindən uğurla və uzaqgörənliklə həyata keçirilir. Böyük tarixə malik dini məbədlərimizin – məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və s. - dövlət başçısının diqqət və qayğısı ilə təmiri, bərpası və yenidən qurularaq istifadəyə verilməsi bütün dünyaya nümunə göstəriləcək həqiqətdir. Son illərdə Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Görülən bu işlərin davamı olaraq, 2014-cü ilin dekabr ayında özündə Azərbaycanın milli-dini ənənələrə sadiqliyini əks etdirən əzəmətli Heydər məscidinin açılışı olmuşdur. 2016-cı ilin fevralında isə Gəncədəki İmamzadə dini kompleksi əsaslı təmir və yenidənqurma işlərindən sonra dindarların istifadəsinə verilmişdir. Onu da qeyd etməliyik ki, ölkəmizdə 2 mindən artıq məscid mövcuddur. Təkcə dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 140-dan artıq məscid inşa olunmuş, 200-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bununla yanaşı, 2008-ci ildə Bakıda katolik kiləsinin açılışı olmuş, 2011-ci ildə şəhərin mərkəzində Dağ yəhudiləri üçün dövlət hesabına sinaqoq inşa edilmiş, ölkədəki əksər kilsə və sinaqoqlarda dövlət hesabına bərpa işləri həyata keçirilmişdir. Hazırda ölkədə 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Bu sahəyə UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin də xüsusi töhfələri var. Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Fondun bir sıra məscid və ziyarətgahları bərpa və təmir etməklə yanaşı, xristian və yəhudi abidələrinin bərpasına xüsusi diqqət yetirməsi təqdirəlayiq haldır. 
Hər il dini icmaların inkişafı üçün dövlət tərəfindən milyonlarla manat vəsait ayrılması və bu vəsaitin ölkə ərazisində fəaliyyət göstərən dini qurumlar arasında ayrı-seçkilik aparılmadan paylanılması məhz Azərbaycan Respublikasının siyasi rəhbərliyinin iradəsi ilə baş verən və dünyəvi demokratik dövlətlərin tam əksəriyyətində rast gəlinməyən faktdır. Özü də çoxlarının həzm edə bilmədiyi fakt...
 
Sadiq Mirzəyev
Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri