Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
01.11.2018 / Məqalə

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Azərbaycanın bu sahədəki təcrübəsi qlobal miqyasda təkmil nümunə kimi qəbul edilir
 
Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm də beynəlxalq miqyasda əldə etdiyimiz uğurlar hər sahəyə olduğu kimi, ictimai-siyasi və sosial həyatla birbaşa əlaqəsi olan din sahəsinə də müsbət təsirini göstərməkdədir.
Bu gün hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın, "Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan istifadə edərək etiqad azadlığını tam yaşaya bilir.
Ölkədə fəaliyyət göstərən konfessiyalar arasında nəinki hər hansı qarşıdurma müşahidə olunmur, əksinə, onlar arasındakı münasibətlər artıq birgə əməkdaşlıq mərhələsindən yeni dövrə - qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə keçmişdir. Biz bunu hər hansı dini konfessiyanın ibadət evi inşa edərkən digər konfessiyaların ona dəstək verməsində və yardım göstərməsində əyani şəkildə görə bilərik.
Məsələn, 2003-cü ildə Bakıda Avropa yəhudiləri üçün sinaqoq tikilərkən ölkədəki digər dini konfessiyalar həm mənəvi, həm də maddi dəstək göstərmişdilər. Yaxud Bakıda katolik kilsəsi inşa edilərkən Qafqaz Müsəlmanları İdarəsi, Dağ və Avropa yəhudiləri, eləcə də pravoslav kilsəsi bir araya gələrək vəsait toplamış və inşaat işinə maddi yardım etmişdilər. Əlbəttə, belə unikal faktlar bu gün dünyanın bir çox ölkəsində müşahidə etdiyimiz vəziyyətin - nəinki fərqli dinlərin mənsublarının, hətta eyni dinin müxtəlif məzhəblərinin nümayəndələrinin bir-birinə az qala düşmən gözü ilə baxması fonunda olduqca ürəkaçan və qürurvericidir. Şübhəsiz, bu gün müasir Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin, başqa sözlə, multikulturallığın ən ideal modelinin formalaşmasında onların ortaq taleyə sahib olmaları da mühüm rol oynamışdır. Tarix boyu bu torpaqlarda məskunlaşmış müxtəlif xalqların və etnik qrupların nümayəndələri qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş, dini-mədəni baxışlarındakı fərqlərə baxmayaraq, mövcud şərait onları bir-birinə daha da yaxınlaşdırmışdır.
 
Sağlam genetika və möhkəm siyasi iradə
 
Müasir Azərbaycanda tolerantlıq hər ötən gün daha da möhkəmlənən, təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində öz əksini tapan dəyərə çevrilmişdir. Bunun əsas səbəblərindıən biri milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəalarının Azərbaycan Konstitusiyasında, "Dini etiqad azadlığı haqqında” qanunda təsbit olunmasıdır. Respublikamızda tolerantlıq, dini dözümlülük kimi ali dəyərləri möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.
Eyni zamanda, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün dövlət tərəfindən lazımi şərait yaradılması, milli azlıqların öz bayramlarını qeyd etməsi, hətta həmin günlərdə dövlət başçısından təbrik almaları, əhalinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olsa da, dövlətimizin respublika ərazisində yaşayan bütün dinlərin nümayəndələrinə diqqət göstərməsi, onlara müsəlmanlarla bərabər hüquqlar verməsi bugünkü mənzərənin formalaşmasının əsas səbəblərindəndir. Bir sözlə, hər hansı xalqın tolerant düşüncəyə sahib olması onun keçmişi ilə nə qədər bağlıdırsa, qorunub saxlanılması ona rəhbərlik edən şəxslərin iradəsindən bir o qədər asılıdır. Bu mənada birmənalı şəkildə vurğulamaq olar ki, ölkəmizdə yaşayan milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, din, tarix və adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi işi ümummilli liderin şəxsi iradəsi və təşəbbüsü əsasında qanuni müstəviyə çıxmış, dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Ulu öndər deyirdi: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər də zəngin olar”.
 
Azərbaycançılıq: vahid, bölünməz Azərbaycanın yeganə düsturu
 
Ulu öndərin formalaşdırdığı azərbaycançılıq ideologiyasının təməl sütunlarını da məhz bu yanaşma tərzi təşkil edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev müəllifi olduğu "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” kitabında qeyd edir ki, "ideologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilmişdir. "Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün "azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqəsi və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycan Respublikasının bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir. ...Azərbaycançılığın mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. O, ənənəvi mifləri və rəmzləri özündə birləşdirir, lakin bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması və əsaslandırılması üçün istifadə edir. Azərbaycançılığın gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir. Şübhəsiz ki, öz birliyinə mənsubiyyət hissi həyatın özünə də məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və qarşılıqlı əlaqə hissini möhkəmləndirir və beləliklə, tənhalıq və qəriblik hissini azaldır. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır”.
Azərbaycançılıq məfkurəsinin dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyasının durduğunu vurğulayan akademik bildirir ki, bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir.
Ömrünün 30 ildən artıq dövrünü doğma vətəni Azərbaycanın, xalqının rifahı üçün fəda etmiş ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi ilə cəmiyyətin bütün sahələrində olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsində, dini-mənəvi dəyərlərinin qorunmasında, dini tolerantlığın möhkəmləndirilməsində müstəsna xidmətlər göstərməklə yanaşı, bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsini miras qoymuşdur. Dini dözümlülüyü, tolerantlığı daim dəstəkləyən ümummilli lider gənclərimizin bu ruhda tərbiyə olunmasının vacibliyini hər zaman vurğulayırdı. O bilirdi ki, yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlülük ruhunda tərbiyəsi önəmli məsələdir. O, həm də bilirdi ki, müasir dövrdə bu iş çox mürəkkəb və çətindir. Ancaq ulu öndər xalqımızın bu ali keyfiyyəti heç vaxt itirməyəcəyinə əmin idi.
 
Yenidən Bakı və niyə məhz Bakı?
 
Dahi liderin bütün sahələr üzrə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, islam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülmüşdür. Dövlət başçımız islam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalamışdır. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, bu istiqamətdə çoxsaylı beynəlxalq konfranslar keçirməsində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür.
Bu gün öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim edən Azərbaycan əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən istifadə edərək artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilmişdir. Son illər həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkil olunması, həmçinin xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi tamamilə məntiqəuyğundur. Bugünlərdə altıncısı yekunlaşan Bakı Beynəlxalq Humanitar Forumu bu qəbildən olan, aktual, ümumbəşəri, humanitar məsələlərin müzakirə edildiyi nüfuzlu tədbirlərdəndir.
2011-ci ildən keçirilən və ənənə halı alan forum hər dəfə 100-ə yaxın ölkədən 500-dən çox tanınmış ictimai-siyasi xadimi, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndəsini birləşdirir, müxtəlif ölkələrin, regionların və nəsillərin nümayəndələrinin ünsiyyət qurmasına, diskussiya aparmasına və ümumi nəticələrə gəlməsinə şərait yaradır. Belə vacib tədbirə məhz Bakının evsahibliyi etməsi forumun əhəmiyyətini daha da artırır. Çünki paytaxtımız müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır, Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə tanınmışdır. Çünki bu torpaqlarda insan amili hər zaman yüksək yerdə dayanmışdır, insana yüksək dəyər verilmişdir. Prezident İlham Əliyevin Azərbaycanın qarşısında duran vəzifə neft faktorunu insan kapitalına çevirmək olduğunu dəfələrlə söyləməsi də məhz bu xarakterik keyfiyyətimizdən irəli gələn dərin mənalı ifadə tərzidir.
Dövlət başçımızın bu ideyasının da təməlində Azərbaycanın multikulturalizm modelinin mühüm bir xüsusiyyəti dayanır və onun həyata keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir. Fond "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində bugünədək Azərbaycanda və digər ölkələrdə onlarla tədbir və layihələr həyata keçirmişdir. Bu layihələr çərçivəsində dini abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa işləri aparılır, müxtəlif konfranslar və sərgilər təşkil edilir.
Fondun Fransanın Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Strasburq və bu ölkənin digər regionlarında kilsələrin təmirində, eləcə də Romadakı katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında yaxından iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirin şərəfinə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların, konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
 
Multikulturalizm siyasəti üçün üç prinsip
 
Avropanın multikulturalizmin iflasa uğradığını qəbul və bəyan etdiyi - hətta bunu dövlət xadimlərinin dilindən də eşitmişik - müasir dövrdə dövlətimizin bu istiqamətdə nümayiş etdirdiyi nümunəvi mövqenin xarici qonaqlar, bu sahənin ekspertləri, araşdırmaçılar, sosioloq və politoloqlar tərəfindən rəğbətlə qarşılanması bir daha doğru yolda olduğumuzu sübut edir. Bu fakt həm də onu göstərir ki, Qərb intellektualları özləri hələ multikulturalizm anlayışını detallı şəkildə müəyyənləşdirməmişlər. Yaxud bu terminə öz dünyagörüşləri, siyasi baxışları, həmçinin seçkiqabağı platformalarının "dekorasiyası” qismində yanaşmışlar. Halbuki Azərbaycan nümunəsi də təsdiq edir ki, multikulturalizm siyasətinin əsasında üç əsas prinsip dayanmalıdır:
- dövlət bütövlükdə plüralizmi, o cümlədən mədəni plüralizmi təmin etməlidir (bu, vətəndaş cəmiyyətinin ən mühüm göstəricisidir);
- hətta ən kiçik mədəni qrupların sosiallaşmasına mane olan əngəllər aradan qaldırılmalıdır;
- müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişafı dəstəklənməlidir.
Bu tezislər həm də o deməkdir ki, multikulturalizm müasir qloballaşma şəraitində mədəni dəyərlərin demokratiyasıdır, bərabərhüquqluluğudur və tolerantlıq onun xarakterik xüsusiyyətidir. BMT-nin baş katibi olmuş Butros Butros-Qalinin təbirincə desək: "Biz dayanmadan qloballaşmadan bəhs edirik. Bu, həqiqətən də, mövcud gerçəklikdir. İqtisadiyyat, maliyyə, kommunikasiya qloballaşır. Dünya ekologiya, mütəşəkkil cinayətkarlıq sahələrində qlobal miqyas alan problemlərlə üzləşir, qlobal epidemiyalarla mübarizə aparır. Bizdə çatışmayan demokratiyanın qloballaşması, onun beynəlxalq münasibətlərdə genişlənməsidir. Buna nail olmağın ən yaxşı üsulu mədəni müxtəlifliyin dəstəklənməsidir ki, mən bunu multikulturalizm adlandırıram”.
Ümumiyyətlə, son illər sosial elmlər sahəsində çalışan müəlliflərin mübahisələrinə səbəb olan elmi debatlar arasında sivilizasiyaların insan şüurunun, cəmiyyətlərin, eləcə də dövlətlərin inkişafında rolunun mühümlüyü mövzusu xüsusi yer tutur. Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması” adlı məşhur məqaləsindən sonra bu nəzəriyyə təkcə alimlər deyil, nüfuzlu siyasətçilər üçün də prioritet məsələyə çevrildi.
Faktiki olaraq son zamanlar biz dünya ölkələrinin böyük bir qismində islamafob faktları, dini simvollara qarşı hücumları tez-tez müşahidə edirik. Təəssüf ki, islamofobiya, öz növbəsində, daha bir neqativ təzahürün - müsəlman ölkələrinin milli maraqlarına cavab verməyən vesternfobiya hallarının da genişlənməsinə gətirib çıxarır. Bu isə çox təhlükəli tendensiyadır...
 
Özünəinamın təcəssümü
 
Ölkə Prezidenti cənab İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində dediyi kimi: "Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. VI dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir”.
Son illər müxtəlif istiqamətli beynəlxalq tədbirlərin, konfransların, idman yarışlarının niyə məhz paytaxtımızda təşkil olunmasının səbəblərini yuxarıda qeyd etmişdik. O səbəblərdən biri də odur ki, Azərbaycan xalqı və dövlətimizin rəhbərliyi özünə əmindir, hansı addımlar atmaq lazım olduğunu çox yaxşı bilir. Bu mötəbər tədbirin Bakıda keçirilməsi də məhz bu əminliyin göstəricisidir.
Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki öz dərin məzmunlu çıxışı ilə göstərdi ki, bu kimi tədbirlər həm də ölkəmizlə bağlı həqiqətlərin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz Ermənistanın nizamlama prosesinə aqressiv, destruktiv yanaşması ucbatından 25 ildir həll edilmədiyini beynəlxalq ictimaiyyətə bir daha bəyan etmək üçün çox yaxşı vasitədir. Bir sözlə, bu cür tədbirlərə evsahibliyi etməyimiz də ideoloji qələbəmizdir və ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar ölkədən qat-qat yüksək olduğunu nümayiş etdirməkdə böyük rol oynayır.
Şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, geridə qalan VI Bakı Beynəlxalq Humanitar Forumunda da müzakirəyə çıxarılan məsələlər bəşəriyyətin üzləşdiyi çağırışlara cavab verməsi baxımından mühüm töhfələri ilə yadda qalacaqdır. Çünki müxtəlif peşə və ixtisas sahiblərinin, xüsusilə də mədəniyyət sahəsini təmsil edən insanların Bakıda bir araya gələrək mühüm məsələləri müzakirə etməsi böyük nəticədir.
Bir sözlə, bu gün Azərbaycan dövləti təkcə ölkədaxili problemlərlə məşğul deyil, o, həm də xarici ölkələrdə mədəni quruculuq işi ilə məşğul olur, yol göstərir, müxtəlif problemlərin həlli üçün yol xəritəsi çəkir. Çünki genetik kodu mərhəmət, humanizm, ədalət kimi bəşəri keyfiyyətlərlə zəngin olan biz azərbaycanlılar hər zaman daha hissiyyatlı, başqalarının acı talelərinə daha həssas yanaşmışıq, bizə ikili standartlarla yanaşan dünyaya açıq olmuşuq, ümumbəşəri ideyaları, dəyərləri doğma şəkildə qəbul etmişik.
 
Mübariz QURBANLI,
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
"Azərbaycan" qəzeti
01 noyabr 2018-ci il