Şriftin ölçüsü:
Saytın rəngi:
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dövlət quruculuğu təcrübəsi artıq dünyada mükəmməl örnəklərdən biri kimi qəbul edilir
"2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”.
Dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi bu fikirlər 2018-ci ilin real mənzərəsini göz önündə canlandırır. Dövlət başçısı İlham Əliyevin siyasi, iqtisadi, hərbi, sosial, humanitar və bir çox sahələrdə həyata keçirdiyi uzaqgörən, uğurlu siyasət nəticəsində dinamik inkişafa nail olunur, ölkəmiz bu gün məhz bu inkişafın sayəsində beynəlxalq arenada öz mövqeyini gücləndirir və əsl söz sahibinə çevrilir.
2018-ci ilin sosial-iqtisadi uğurları
Bu ilin ən böyük uğurları sırasında regionun inkişafı, iqtisadi imkanların genişləndirilməsi baxımından önəmli olan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanda dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Qara dəniz konfransının, Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına yeni imkanlar yaradacaq görüşlərin keçirilməsi, eləcə də enerji siyasətimizin inkişafının növbəti uğurlu layihəsi olan "Cənub qaz dəhlizi”nin açılışı, qardaş Türkiyə Respublikasında XXI əsrin enerji tarixinə qızıl hərflərlə yazılan TANAP layihəsinin açılış mərasimi, eyniadlı qaz kəmərinin istifadəyə verilməsi başa çatan ilin ən uğurlu iqtisadi göstəriciləri hesab edilməlidir.
Cari ilin oktyabr ayında İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin İzmirdə ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək "Star” Neft Emalı Zavodunun açılışı, Xəzər dənizinin ən böyük limanı olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ölkəmizin dinamik iqtisadi yüksəlişinin bariz sübutudur. Həmçinin beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli hadisəyə çevrilən 90-dan artıq ölkədən 400-dən çox xarici qonağın iştirak etdiyi Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsini və bir çox önəmli hadisələri sadalamaq olar. Bütün bu göstəricilər ölkəmizin beynəlxalq maliyyə institutları və aparıcı təşkilatlar tərəfindən dünya ölkələri arasında ən etibarlı və sağlam tərəfdaş kimi tanınmasına şərait yaradıb ki, bu uğurlu inkişafın təməlində də Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti dayanır.
2018-ci ildə Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Prezidentin apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir. Bütün bunlar göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb. İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, qeyri-neft ixracının artırılması və dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirilən siyasət növbəti 10 ildə qeyri-neft sektorunun əvvəlki onilliklə müqayisədə daha çox artacağını şərtləndirir.
Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa töhfəsi
2018-ci il beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi, qonşu dövlətlərlə, həmçinin İslam ölkələri ilə münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə də yadda qalıb. Təsadüfi deyil ki, İslam aləmində birliyin, sabitliyin, həmrəyliyin möhkəmləndirilməsi, islami dəyərlərin bütün dünyaya düzgün çatdırılması, multikulturalizm ənənələrinin təbliği işindəki fəaliyyətimiz İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də yüksək dəyərləndirilir. 2018-ci ildə Bakıdan sonra bu dəfə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı adına layiq görülməsi özlüyündə müsəlman dünyasının ölkəmizə verdiyi dəyərin bariz nümunəsidir.
Bu il də Prezident İlham Əliyevin siyasətində tolerant və multikultural dəyərlərin əhəmiyyətli yer tutduğuna bir daha şahid olduq. Ölkə rəhbərliyinin dəstəyi ilə 2018-ci ildə də müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslar keçirilib ki, bu tədbirlər coğrafi olaraq çox geniş ərazini əhatə edib. İspaniya, Avropanın müxtəlif ölkələri, Almaniya və başqa ölkələrdə təşkil edilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılıb. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə reallaşan beynəlxalq tədbirlər insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verib. Ölkə rəhbərinin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimul verir və verməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Dövlət başçımız İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçımızın diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür.
Siyasətində insan amilinə böyük dəyər verən İlham Əliyevin İslam ölkələrinin həmrəyliyi, eləcə də mədəniyyətlər və dinlər arasında harmoniyaya nail olunması istiqamətində atdığı addımları xüsusilə qeyd etmək lazımdır. Sivilizasiyalararası, dinlərarası dialoqu dərinləşdirən, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilməsini şərtləndirən tədbirlərin keçirilməsi, bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılması ölkə rəhbərinin bu sahədəki siyasətinin ana xəttini təşkil edir.
2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili” elan edilməsi, mürəkkəb geosiyasi şəraitdə müsəlman ölkələrinin əməkdaşlığına əhəmiyyətli töhfələri ilə yadda qalan və İslam aləmində böyük nüfuz qazanan IV İslam Həmrəyliyi Oyunlarının, "2017 - İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın, "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumunun keçirilməsi və bu mötəbər tədbirin bağlanış mərasimində "Bakı platforması”nın qəbul olunması, eləcə də qəbul olunan bu platforma əsasında Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin təsis edilməsi, həmçinin, qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilən Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ölkəmizin İslam, eləcə də dünya ölkələri arasında nüfuzunun güclənməsinə zəmin yaradıb. Bütün bu tədbirlər sırasında artıq 10 ildir mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə yüksək səviyyəli qonaqların iştirakı ilə Azərbaycanda keçirilən "Bakı Prosesi” konfransı xüsusi əhəmiyyətə malikdir. Ötən on il ərzində ölkədə "Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir. Bu gün ölkədə həyata keçirilən dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas və fərqləndirici xüsusiyyəti odur ki, dindarlara və onların dini hisslərinə hörmət, tolerant və multikultural dəyərlərin qorunması, inkişafı sözdə deyil, əməldədir. Məsələn, ölkə rəhbəri İlham Əliyev milli-mənəvi dəyərlərin dirçəldilməsinə, həmçinin məscidlərin, ziyarətgahların, kilsələrin, sinaqoqların inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır, eyni zamanda, hər il müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır, ölkədəki ibadətgahlara illik limitlə pulsuz təbii qaz verilir və s. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə ölkəmizdə 17 məscid vardısa, bu gün onların sayı 2250-dən çoxdur, eyni zamanda, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkəmizdə 877-si İslam, 32-i isə qeyri-islam (xristian - 21; yəhudi - 8; bəhai - 2; krişna - 1) olmaqla 909 dini qurum qeydiyyatdan keçib.
Azərbaycan dünyada öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq olan az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını ümummilli lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox böyük diqqət və qayğı göstərir. Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rol oynadığını vurğulayan Prezident İlham Əliyev bu fikri aşağıdakı kimi şərh edib: "Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüzillərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır”.
Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Bu gün öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim edən Azərbaycan əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən istifadə edərək artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib. Son illər həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkil olunması tamamilə məntiqəuyğundur.
Bu il altıncısı keçirilən Bakı Beynəlxalq Humanitar Forumu bu qəbildən olan, aktual, ümumbəşəri, humanitar məsələlərin müzakirə edildiyi nüfuzlu tədbirlərdəndir. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab tapmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair genişspektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal ölkədir. Belə vacib tədbirə məhz Bakının evsahibliyi etməsi forumun əhəmiyyətini daha da artırır. Çünki paytaxtımız müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır, Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə tanınıb. Çünki bu torpaqlarda insan amili hər zaman yüksək yerdə dayanıb, insana yüksək dəyər verilib.
Xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü misilsiz işlər xüsusi vurğulanmalıdır. Belə ki, məhz fondun maliyyə dəstəyi ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu il İmam Hüseyn məscidində təmir-bərpa işləri aparılıb və dindarların istifadəsinə verilib.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər respublikanın hüdudlarını aşaraq Avropanın sərhədlərinə çatıb ki, bu da ayrı-ayrı xalqların, konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir. Qeyd edək ki, 2018-ci ildə Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı olub. Bundan əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları da bərpa olunub. Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə, ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Ölkəmizdəki yüksək dini-mənəvi mühit və onun inkişafı
Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri təkmilləşməkdə və möhkəmlənməkdədir. Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığının təminatı sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir.
Təcrübə göstərir ki, bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə dini savadsızlıq, İslamın olduğu kimi təqdim edilməməsi dayanır. Məhz bu səbəbdən Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi önəm verir. Çünki dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, dövlətlər və xalqlar arasındakı qarşıdurmaların qarşısı alınır.
Maarifləndirmə işi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Dövlət Komitəsi ölkədə dövlət-din münasibətlərinin, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini radikalizm meyillərinin qarşısının alınması, o cümlədən milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işi aparır. Bu məqsədlə komitənin "Dövlət və Din” ictimai fikir toplusu və "Cəmiyyət və Din” qəzeti nəşr olunur; dini radikalizm, ekstremizm, fanatizm və xurafat meyillərinin qarşısını almaq, eyni zamanda milli-mənəvi dəyərləri təbliğ etmək məqsədilə kitab, broşür və digər çap məhsulları hazırlanır; İctimai TV-də hər həftə "Din və Cəmiyyət” verilişi, Space TV-də "İnam” verilişi efirə gedir; ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktual olan mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, "dəyirmi masa”lar təşkil edilir. Eyni zamanda, keçirilən əksər tədbirlərdə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş, dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən "Fitnə”, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş "Şəhadət”, İslam dininin sülhsevərliyindən, tolerantlığından bəhs edən "Üfüqdəki gələcək” və bu günlərdə ictimaiyyətə təqdim olunmuş Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri işıqlandırılmış "Vəhdət qanımızdadır” sənədli filmləri nümayiş olunur. Ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirilən filmlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.
Bunlarla yanaşı, vətəndaşlarımızın, xüsusilə gənclərimizin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə 550-dən artıq tədbir həyata keçirib. 45 minə yaxın insanın iştirak etdiyi bu tədbirlərdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr, eləcə də hüquq-mühafizə orqanları, təhsil müəssisələri, gənclər təşkilatları, dini qurumlar və digər QHT-lər ilə yaxından əməkdaşlıq edilib. Qeyd olunan qurumlarla yanaşı, Dövlət Komitəsi ötən illərin təcrübəsinin davamı olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, AMEA, Qafqaz Müsəlmanları İdarəsi, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı davam etdirmişdir. Bu tədbirlərin əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam imzalanıb. Dövlət Komitəsi tərəfindən bu istiqamətdə müxtəlif formatlarda 24 tədbir təşkil edilib. "Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti - son 100 il” adlı konfrans, dini icmaların üzvləri arasında "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda məqalə müsabiqəsi bu qəbildən keçirilmiş tədbirlərdəndir.
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komitəsinin Tədbirlər Planına uyğun olaraq "Vətən sevgisi imandandır” mövzusunda 17, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 22, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə əməkdaşlıq çərçivəsində "İnsan hüquqları aylığı” ilə bağlı 15, "Sülh aylığı” ilə əlaqədar 22, "Uşaq hüquqları aylığı” ilə bağlı isə 32 tədbir olmaqla ümumilikdə 69 maarifləndirmə xarakterli tədbir həyata keçirilib.
Bu il ərzində ölkənin şəhər və rayonlarında "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda 13 ikigünlük regional konfrans, "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda 17 seminar-müşavirə, "Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda 20 ikigünlük seminar-treninq təşkil olunmuşdur. Bununla yanaşı, "Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda respublika müşavirəsi, "Dini radikalizmlə mübarizədə qadınların yeri və rolu” mövzusunda isə regional konfranslar baş tutmuşdur.
Eyni zamanda, 2018-ci ildə Bakı şəhərində müxtəlif mövzularda 18 konfrans, eləcə də Məhərrəm ayı ərəfəsində "Dini mərasimlər: ənənəvilik və müasirlik” və digər müvafiq mövzularda silsilə tədbirlər həyata keçirilib.
Dövlət Komitəsi və regional şöbələrimiz tərəfindən cari il ərzində 20 Yanvar və Xocalı faciələri, 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbirlər təşkil olunub. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Dini ekstremizmə qarşı mübarizəyə məsul dövlət qurumlarının əməkdaşları ilə 2018-ci ildə keçirilən seminar-müşavirələrin Tədbirlər Planı” çərçivəsində "Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” və "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzularında 10 seminar-müşavirə keçirilib.
Dövlət Komitəsi cari ildə dini maarifləndirmə işi sahəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirib. Belə ki, ilin əvvəlindən Müdafiə Nazirliyi ilə 9, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə 11, Dövlət Sərhəd Xidməti ilə 6 tədbir həyata keçirib. Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planı çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 33 tədbir baş tutub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizm və ekstremizmə, eləcə də xurafat meyillərə qarşı mübarizə, həmçinin milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində Yeni Azərbaycan Partiyası və Gənclər birliyi ilə də yaxından əməkdaşlıq edib.
Dövlət Komitəsi 2018-ci ildə bir sıra dövlət və özəl müəssisələri ilə də yaxından əməkdaşlıq edib. Belə ki, dini radikalizmin törətdiyi təhdidlərlə bağlı preventiv xarakterli, eləcə də ölkəmizdə mövcud tolerantlıq mühitinin daha da gücləndirilməsi, multikulturalizm siyasətinin təbliği və təşviqi məqsədilə müxtəlif qurumların kollektivləri arasında dini maarifçilik işinin təşkili məqsədilə 23 maarifləndirici tədbir həyata keçirib.
Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə hər il ənənəvi olaraq tədbirlər təşkil edir. Bu il də Dövlət Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən silsilə tədbirlərin yekunu olaraq may ayında dövlət, media və dini qurumlar, eləcə də qeyri-hökumət təşkilatları və elmi ictimaiyyətin iştirakı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans təşkil olunub. Konfransın materialları kitab formatında çap olunaraq oxucuların ixtiyarına verilib.
Dövlət Komitəsi maarifləndirmə işini təkcə ölkə daxili ilə məhdudlaşdırmayıb, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də fəaliyyətini davam etdirib. Ölkə hüdudlarından kənarda keçirilmiş beynəlxalq tədbir və konfranslarda Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, zəngin mənəvi-əxlaqi irsinin təbliği, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən tarixi-dini abidələrimizə qarşı törədilmiş terror faktlarının dünya ictimaiyyətinə çatdırılması prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu ilin may ayının 13-19 tarixlərində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğun təşkilatçılığı ilə ölkəmizdəki dini konfessiya təmsilçilərindən ibarət nümayəndə heyəti ABŞ-a səfər edib. Heyət ABŞ Katolik Kilsəsinin rəhbərlərindən biri, ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti, Los-Anceles arxiyepiskopu Xose Horasiyo Qomezlə, San-Fransisko Şəhər Şurasının üzvü Norman Yi və Kaliforniya ştat senatoru Ceri Hill ilə görüşlər keçirib. Səfər çərçivəsində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los-Ancelesdə fəaliyyət göstərən Sinay sinaqoqunda, həmçinin ABŞ-ın ən qədim qurumlarından olan "Commonwealth Club” təşkilatında Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş tədbir keçirilib.
Noyabrın 19-da Berlin şəhərində Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilmiş beynəlxalq konfransda da tolerantlığın ölkəmizdə möhkəm təməl sütunlarının, zəngin ənənələrinin mövcud olduğu bir daha vurğulanıb.
Dini müstəvidə dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il oktyabrın 10-da Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında müvafiq fərman imzalayıb. Milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın bu addımı, eyni zamanda Dövlət Komitəsinə olan yüksək etimadın göstəricisidir.
Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığı sahəsində fəaliyyətinə dövlət dəstəyini təmin etməkdir.
Fond keçən il yaradıldıqdan sonra onun strukturunun tam formalaşması bir neçə ay davam etdi və 2018-ci ilin əvvəllərindən başlayaraq fəaliyyət göstərməyə başladı. Fondun bu günədək öz Nizamnaməsinə uyğun olaraq gördüyü işlər əsasən üç istiqamət üzrə olub. Birinci istiqamət Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi təyin olunan bütün imam, imam müavini və mütəvəllilərə aylıq maddi dəstək göstərməkdir. Belə ki, artıq Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərən və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi təyin olunan 1060-dan yuxarı din xadiminə Fond tərəfindən hər ay maddi dəstək göstərilir.
İkinci istiqamət mənəvi dəyərlərimiz, eyni zamanda onun tərkib hissəsi olan dini dəyərlərimiz sahəsində geniş maarifləndirmə işinin aparılmasıdır. Maarifləndirmə işi müxtəlif formalarda təşkil olunub. Bakıda, ölkəmizin digər bir çox şəhər və rayonlarında ictimaiyyətin, xüsusilə gənclərin iştirakı ilə müxtəlif səpkili konfranslar, seminar müşavirə və seminar treninqlər keçirilib, Yay məktəbi təşkil olunub, bu tədbirlərə xüsusi ekspertlər cəlb olunaraq mənəvi dəyərlərimiz, Azərbaycançılıq ideologiyası, tariximiz, müasir dünyada ənənəvi dəyərlərimiz və s. kimi aktual mövzular ətrafında diskusiyalar aparılıb.
Üçüncü istiqamət şəhid və əlil ailələlərinə yardımlar göstərmək, ümumiyyətlə xeyriyyəçiliklə məşğul olmaqdır. Bu il Ramazan ayında respublikamızın müxtəlif bölgələrində şəhid ailələri və Qarabağ əlilləri üçün iftar süfrələri təşkil olunub, Ramazan və Qurban bayramlarında bəzi şəhid ailələrinə ərzaq yardımları göstərilib. Sentyabr ayında Fond tərəfindən Bilik Fondu ilə birgə cəbhəyanı bölgədə (Cocuq Mərcanlı, Füzuli, Ağdam, Tərtər, Laçın, Ağcabədi rayonlarında) məktəbə gedəcək 100 nəfər birinci sinif şagirdinə məktəbli forması və çantalar hədiyyə olunub.
Bundan əlavə, ölkəmizdəki yüksək dini-mənəvi mühitin qorunub-saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında 2018-ci il 09 fevral tarixli, 3654 nömrəli Sərəncam imzalayıb. Sərəncamda göstərildiyi kimi, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədini daşıyır.
Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının din sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatını beynəlxalq standartlara əsaslanaraq təmin etmək, ilahiyyat sahəsindəki problemlərə işıq tutan və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və çap etmək, həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimlərini məzun etmək, milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək missiyasını həyata keçirməyi nəzərdə tutub.
Azərbaycan İlahiyyat İnstitutu dini xarici dairələrin nəzarətində olmayan, dinə məhdud çərçivədə deyil, geniş prizmadan yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycan gerçəkliklərini nəzərə alan, xalqımızın tarixi ənənələrinə söykənən, yüksək dini-mənəvi mühitin qorunub saxlanmasına və inkişaf etdirilməsinə xidmət edən, dini fəaliyyətin təşkili sahəsində yüksək dini və dünyəvi savada malik ixtisaslı kadrların hazırlanmasını təmin edən mötəbər bir elm ocağı olmağı qarşısına məqsəd qoyub.
İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır
Sadalanan faktlar birmənalı şəkildə deməyə əsas verir ki, ölkəmizdə bütün sahələr, o cümlədən dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir.
Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf, bütün sahələrdə aparılan islahatlar Azərbaycanın gələcək inkişafının təminatçısıdır. 2018-ci il cənab Prezident tərəfindən aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycana bəxş etdiyi mühüm nailiyyətlərlə zəngin bir il kimi tarixə yazıldı. Biz növbəti illərdə də Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəyinə əminik. Bu günümüzün reallığı məhz ölkəmizin sürətli inkişaf yolunda inamla irəlilədiyini göstərir.
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini