Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
15.01.2019 / Məqalə

Gənclər dini dözümlülük və tolerantlıq ruhunda tərbiyə olunmalıdır

“İslamsng.com” (“MDB-də İslam”) saytında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “İlham Əliyevin unikal multikulturalizm və tolerantlıq modeli” sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə deyilir ki, son illər Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə istər regionda, istərsə də beynəlxalq səviyyədə əldə edilən nailiyyətlər ictimai-siyasi və sosial həyatla birbaşa bağlı olan dinə müsbət təsir göstərir.

Mübariz Qurbanlı yazır: “Ölkədə fəaliyyət göstərən konfessiyalar arasında heç bir qarşıdurma müşahidə olunmur, əksinə, onların arasındakı münasibətlər artıq birgə əməkdaşlığın yeni səviyyəsinə - qarşılıqlı yardım və empatiya mərhələsinə yüksəlib. Bunu belə bir fakt təsdiq edir ki, hər hansı konfessiya üçün ibadət evi tikiləndə digər konfessiyalar ona yardım və dəstək göstərirlər”.

Müasir Azərbaycanda tolerantlığın təkcə cəmiyyətdə deyil, həm də hər bir vətəndaşın şüurunda, mövqeyində və həyat tərzində gündən-günə özünü daha qabarıq göstərdiyini qeyd edən müəllif vurğulayır: “Bunun əsas səbəblərindən biri milli siyasətin Konstitusiyada və “Dini etiqad azadlığı haqqında” Qanunda nəzərdə tutulmuş, milliyyətindən, dinindən, dilindən və irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən əsas müddəalarıdır. İnsan hüquq və azadlıqlarına, o cümlədən vicdan və din azadlığına dair qanunvericilik bazası respublikada tolerantlıq və dini dözümlülük kimi ali dəyərləri möhkəmləndirmək məqsədi ilə beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış azərbaycançılıq ideologiyasının əsasını da məhz belə yanaşma təşkil edir. Ömrünün 30 ilindən çoxunu Azərbaycanın və onun xalqının rifahına həsr etmiş Heydər Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsində, dini-əxlaqi dəyərlərin müdafiə olunmasında və dini tolerantlığın möhkəmlənməsində müstəsna xidmətlər göstərmiş, özündən sonra bu sahədə böyük siyasi və dövlətçilik təcrübəsi qoyub getmişdir. Ümummilli Lider gənclərin dini dözümlülük və tolerantlıq ruhunda tərbiyə olunmasının əhəmiyyətini həmişə vurğulayırdı”.

Mübariz Qurbanlı yazır ki, Ümummilli Liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, İslam dininə hörmətin və ehtiramın, digər dinlərə tolerantlığın möhkəmlənməsi sahəsində xeyli işlər görülüb.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun multikulturalizmin Azərbaycan modelinin reallaşmasında xüsusi rolu qeyd edilir. Müəllif yazır: “Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətində çoxsaylı layihələr həyata keçirir, onların sayəsində Azərbaycan multikulturalizminin üstünlüklərini əyani nümayiş etdirir. Fond “Azərbaycan - tolerantlıq məkanı” layihəsi çərçivəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda onlarca tədbir və layihə həyata keçirib”.

Məqalədə VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Prezident İlham Əliyevin çıxışından sitatlar da gətirilib.

 

Məqalənin orijinalı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz

 

http://islamsng.com/aze/opinion/15044