Şriftin ölçüsü:
Saytın rəngi:
Braziliyanın Azərbaycan və Xəzər hövzəsi regionu üzrə ixtisaslaşan portuqal dilli internet portalı “Espaco Caspio”- da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun “Xocalı faciəsi: insanlığa qarşı zorakı cinayət” adlı məqaləsi dərc edilib.
Soyqırımının 30-cu ildönümünə həsr edilmiş məqalədə ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisinə qarşı törədilmiş misilsiz vəhşiliklərdən bəhs edilib.
Bildirilib ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil. Əhalisinin əksəriyyətini etnik azərbaycanlıların təşkil etdiyi Xocalı şəhəri yerlə-yeksan edilib.
Məqalədə o da qeyd edilib ki, 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, həmçinin ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı aktı olaraq dəyərləndirib.
Yazıda, eyni zamanda 2008-ci il mayın 8-dən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının məqsədi, həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Azərbaycan dövlətinin Xocalı faciəsi həqiqətlərinin beynəlxalq səviyyədə bundan sonra da tanınmasını davam etdirəcəyi vurğulanıb.
Nəzərə çatdırılıb ki, Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planının həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncamın imzalandığı da xüsusilə vurğulanıb.
Məqalədə dost Braziliya xalqının tarixdə bir sıra kütləvi insan qətlləri ilə nəticələnmiş oxşar faciələrə məruz qoyulduğu vurğulanaraq, yaşanmış soyqırımlar arasında müqayisələr aparılıb. Braziliya ictimaiyyətində erməni yalanının ifşa edilməsi önə çəkilərək, dünyamızda bu kimi qanlı olayların bir daha təkrar baş verməməsi üçün birgə işlərin görülməsinin vacibliyi bildirilib.
https://espacocaspio.com.br/2022/02/22/a-tragedia-de-khojaly/