ABŞ-da nəşr olunan “Jewish Journal” qəzetində Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin “BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumu və Qlobal Sülhə təsiri” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə ölkəmizdə keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumu və onun əhəmiyyəti barədə söz açılır.
Forumun əhəmiyyətinə toxunan müəllif qeyd edir ki, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrıseçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması məqsədi daşıyır.
Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini önə çəkən Milix Yevdayev tədbirdə, eyni zamanda müsəlman, xristian və yəhudi dostlarının iştirak etdiyini də qürurla vurğulayır.
Azərbaycanda tolerantlıqdan danışan müəllif vurğulayır ki, multikulturalizm məkanı olan Azərbaycanda belə bir tədbirin baş tutması göstərir ki, bizim ölkə sülh və barış içində yaşamaq niyyətindədir və bu istiqamətdə mesajları beynəlxalq aləmə çatdırır.
Məqalənin sonunda icma sədri BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunun Azərbaycanın ümumi sülhə, dostluğa və tolerantlığa sadiqliyinin möhtəşəm simvolu kimi xatırlanacağını qeyd edib.
Məqalənin qısa mətnini təqdim edirik:
Qlobal Sülhə və BMT Sivilisaziyalar Alyansının 7-ci Qlobal Forumuna Töhfə
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun açılış mərasimi 25 aprel səhər saatlarında Bakı şəhərində baş tutmuşdur. Tədbir Prezident İlham Əliyevin iştirakı ilə Bakı Konqres mərkəzində BMT-nin Baş Katibi Pan Ki Munun video müraciəti ilə başladı. Dünyanın 140 ölkəsindən 3 mindən çox nümayəndə əməkdaşlığın perspektivləri və müxtəlif cəmiyyətlərdə qəbul edilmə ilə bağlı ortaq istəklərini dilə gətirmək üçün təhsil, sülh və mədəni vəhdətə dair bir neçə gün davam edəcək müzakirələrə qatılmaq məqsədilə bir araya gəlmişdir. Prezident İlham Əliyev öz çıxışında belə bir mötəbər tədbirə ev sahibliyinin Azərbaycan üçün önəmini vurğulayaraq, ölkəmizin Şərqlə Qərb arasında təkcə coğrafi körpü deyil, həm də mədəni körpü olduğunu qeyd etmişdir.
Parçalanmanın, separatizmin və nifaqın hökm sürdüyü dünyada inkluziv cəmiyyətin gücünü və önəmini müzakirə etmək üçün dünyanın dörd bir tərəfindən Azərbaycana nümayəndələr toplaşmışdır. Təhlükəsizlik məsələləri üzrə ekspertlər, siyasi alimlər, dövlət başçıları, diplomatlar, təşkilat rəhbərləri, fəallar, tələbələr və hər gün cəbhənin ön xəttində həyatlarını təhlükəyə atan cəsur qəhrəmanlar öz qəlblərinin və ağlının görüşünə gəlmişdir.
İkigünlük intensiv proqram və panellərdəki müzakirələr ərzində Forumun əsas diqqəti dini liderlərə, qadınlara, gənclərə, nifrət və ekstremizmə qarşı fəal şəkildə ümumi bir amala xidmət və özündə sülh yaratma anlayışını ehtiva edən mədəniyyət , təhsil və biliyə yönəlmişdir. Tədbirdə mən bir çox yeni simalarla yanaşı Azərbaycanın dini icma camiasından tanış simaları da- müsəlman, xristian və yəhudi qardaşlarımı və bu sahədə əsas rol oynayan rəhbərləri- gördüm.
Forum və onun mövzusuna uyğun, xüsusilə Azərbaycanla bağlı olan çox güclü bir məqam var idi. “İnkluziv Cəmiyyətlərdə Birgəyaşayış: Çağırış və Məqsəd”ə həsr olunmuş Forum daxilimdə fəxarət hissini oyatmışdı. Azərbaycan diyarından başqa heç bir yer belə bir mövzunun müzakirəsi üçün məkan ola bilməzdi. Birgəyaşayış ənənəsi bizim milli şüurumuzla yanaşı tarixi kimliyimizin əsas özəyidir. Dünyanın müxtəlif yerlərində separatizmin, nifrətin və nifaqın hökm sürdüyü bir zamanda xalqımız bu günə qədər nailiyyəti özünün inkluzivliyi, multikulturallığı və müxtəlif dinlərə, inanclara hörməti ilə əldə etmişdir.
Daha çox diqqətim aprelin əvvəlində Ermənistanın Azərbaycanın Qarabağ regionunda yenidən hücuma keçməsindən sonra şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsini hüznlə qeyd edən həmvətənlərimin belə bir zamanda Keçid (Forum) bayramını necə qarşılayacağına zillənmişdi.
2016 BMT Sivilisaziyalar Alyansı Forumunda nümayiş etdirilən uğur və mədh edilən dəyərlər dünyanın müxtəlif cəmiyyətlərində yaşayan günahsız, terrorun, ekstremizmin və etnik təmizləmənin qurbanı olmuş insanlara qarşı davam edən ədalətsizliyi dəyişdirmirdi.
Ancaq bununla bağlı əhatəli suallar Forumda müzakirə edilmişdir: müxtəlif mədəniyyətlərdə birgəyaşayışın ən yaxşı yollarının ortaya çıxarılması, müxtəlif dini inanclara və icmalara eyni hüquqların tanınması ilə bağlı suallar tədbirin əsas gündəmini zəbt etmişdir.
Azərbaycanda yaşadığım müddət ərzində insanların harmoniya şəklində birgə yaşaya bilməsi haqqında illərin sınağından çıxmış bir çox sübutlarım var və bu mənə dünyanın başqa yerlərində yaşayan insanların inkluzivliyi və birgə yaşaya bilməsi haqqında ümid verir. Azərbaycanın birgəyaşayış modeli dünyaya nümunə olmaqla yanaşı, həmçinin sözün əsl mənasında ortaq dəyərlərə sahib olan müxtəlif mədəniyyətə mənsub insanlara dəyəri olmayan töhfəsi ola bilər. Biz qarşlıqlı hörmət hər bir insanın azad şəkildə yaşamaq hüququ, fəxarətlə və heç bir zorakılığa yol vermədən gələcəyə apara biləcək və həyatımıza tətbiq edə biəcəyimiz dəyər və arzularımızı paylaşırıq. Minlərlə önəmli ictimai xadimlərin, bu sahədə tanınmış fəalların Bakıdakı bu izdihamı bir daha sübut etdi ki, dəyərlər və arzular əbədi olaraq terrorizmdən və nifrətdən güclüdür.