Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
02.10.2023 / Məqalə

Azərbaycanın uğurlu "dövlət-din modeli" Gürcüstanda təqdir edilir

«Sizinkilərə əhsən! Bircə günə Qarabağdakı erməniləri məğlubiyyətə uğradıb, istədiyinizi əldə etdiniz. Təbrik edirəm sizi!»…

Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyətini şəhərə aparan avtobusun sürücüsündən eşitdiyimiz bu sözlərin bizim üçün mənəvi dəyəri olduqca böyük idi. Çünki qalib xalqın nümayəndələri kimi qarşılanırdıq. Həm də xarici ölkədə bu cür qarşılanmağın yaratdığı xoş təəssürat tamamilə bambaşqaydı. Xüsusi ehtiramla qarşılanırdıq, qibtə olunduğumuz göz önündə idi….

 

Gürcü xalqının Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramının göstəricisi

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Gürcüstana dördgünlük səfərinin gündəliyi olduqca zəngin idi. Səfər proqramına həm dövlət qurumlarında, həm dini icmalarda, həm təhsil müəssisələrində görüşlərin keçirilməsi, müxtəlif ünvanlarla tanışlıq, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər, beynəlxalq konfransda iştirak, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əslən Gürcüstandan olan soydaşlarımızın ailə üzvləri ilə görüş daxil edilmişdi.

Səfərimiz nümayəndə heyətinin Tbilisinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanışlıq və Ulu Öndərin burada ucaldılmış abidəsini ziyarət etməklə başladı.

Eyni regionda yerləşən, xüsüsən XIX əsrdən etibarən eyni taleləri bölüşdüklərindən Azərbaycan və gürcü xalqlarını bir-birinə bağlayan amillər çoxdur. Başlıcası da odur ki, bu gün Azərbaycan və Gürcüstan dost və strateji tərəfdaş olan dövlətlərdir. Təməli Ulu Öndər Heydər Əliyev və Eduard Şevarnadze tərəfindən qoyulmuş müasir Azərbaycan-Gürcüstan münasibətləri ötən 20 ildə daha da inkişaf etmişdir. Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti ilə reallaşdırılaraq icrası başa çatdırılan enerji və nəqliyyat layihələri iki dövlət arasındakı münasibətləri yeni mərhələyə yüksəltmiş, dostluğu daha da möhkəmləndirmişdir.

Heydər Əliyevin Tbilisi şəhərinin mərkəzində, şəhər sakinlərinin və qonaqların daha çox üz tutduqları bir ərazidə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkının salınması və abidəsinin ucaldılması bu ölkədə xalqımızın dahi oğluna olan dərin ehtiramın nümunəsi, eyni zamanda iki dövlət arasındakı dostluğun göstəricisidir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan park 2004-cü il iyunun 14-də Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri zamanı açılmışdır. Ümumi sahəsi bir hektar olan parkda Tbilisi şəhərinin sakinlərinin və qonaqlarının istirahəti üçün hər cür şərait yaradılmışdır.

Qeyd etdiyimiz kimi Azərbaycan və gürcü xalqları həm də eyni taleləri bölüşürlər. Gürcülər də müstəqillik illərində separatizmlə üzləşib, ərazi bütövlükləri uğrunda şəhidlər veriblər. Bunu xatırlayan Azərbaycan nümayəndə heyəti gürcü xalqının öz şəhidlərinin xatirəsinə ucaltdığı Qəhrəmanlar abidəsini ziyarət edərək önünə əklil qoydu. Burada Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərin adları əbədiləşdirilib.

 

Qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri

 

Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri mövcuddur. Bu sırada hər iki dövlətin dini qurumlarla iş üzrə cavabdeh orqanları arasındakı əməkdaşlıq xüsusi qeyd edilməlidir. Son illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında əlaqələr daha da genişlənib. Azərbaycan nümayəndə heyətinin Tbilisiyə bu səfəri, Mübariz Qurbanlının Hökumət Administpasiyasında Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşündə müzakirə olunan məsələlər iki dövlətin müvafiq qurumları arasındakı sıx əməkdaşlıq münasibətlərinin göstəricisi sayıla bilər.

Görüşdə iki ölkə arasında dini, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olundu. Azərbaycanla Gürcüstan arasında əlaqələrin bütün sahələrdə, o cümlədən dini sahədə uğurla inkişaf etdiyini bildirən Zaza Vaşakmadzenin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin bu səfəri əlaqələrin daha da inkişafına xidmət göstərək.

Öz növbəsində Mübariz Qurbanlı Azərbaycanın Gürcüstanla əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verdiyini diqqətə çatdırdı. O bildirdi ki, qarşılıqlı səfərlər və aparılan müzakirələr dini qurumlar arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır.

Bu görüş zamanı imzalanan “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olmasından xəbər verdi. Sənəddə iki ölkənin dini qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin, konfrans, "dəyirmi masa" və seminarların təşkili və sair məsələlər əksini tapıb.

Nümayəndə heyətinin Tbilisidəki Cümə məscidi ilə tanışlığı da xoş təəssüratlarla yadda qaldı. XIX əsrin ortalarında inşa olunmuş bu məscid Gürcüstan paytaxtının tarixi məkanında yerləşir. XX əsrin əvvəllərində məscid əsaslı təmir olunub. Məscidin təmirinə vaxtilə Tiflisdə səfərdə olan Hacı Zeynalabdin Tağıyev də yardım edib.

Məscidlə tanışlıq zamanı Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Ramin İgidov qonaqlara binanın tarixi, burada saxlanılan nadir tarixi, mədəni və mənəvi abidələr barədə məlumat verdi. Nümayəndə heyəti tərəfindən məscidə “Qurani-Kərim” və digər dini kitablar hədiyyə edildi.

 Daha sonra məscidin dini idarəsində GMİ-nni din xadimləri ilə keçirilən görüşdə Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, bu sahədə dini qurumların rolu və sair məsələlər diqqət mərkəzində oldu. GMİ-nin sədri Ramin İgidov Gürcüstanda dini qurumların, xüsusən də islam dini icmasının fəaliyyəti barədə ətraflı məlumat verdi. Mübariz Qurbanlı isə bildirdi ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərəcək, o cümlədən azərbaycanlıların dini icması da bu qayğıdan kənarda qalmayacaq. Görüşdə zərərli dini meyillərə, separatçı qüvvələrə qarşı birgə mübarizə və sair məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Gürcüstanda Azərbaycan mədəniyyətini tanıdan və yaşadan mərkəz

 

Azərbaycan nümayəndə heyətinin səfərinin ikinci günü Tbilisi şəhərindəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanışlıqla başladı. Muzeyin elmi işçisi Leyla Əliyeva nümayəndə heyətinə muzeydə saxlanılan Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının nümunələri, burada yaradılan digər guşələr, eləcə də muzeydə Azərbaycan mədəniyyətinin, dilinin təbliği, tədrisi ilə bağlı təşkil olunan kurslar barədə ətraflı məlumat verdi.

Xatırladaq ki, muzeyin binası vaxtilə Tiflisdə yaşayıb işləyən M.F.Axundzadənin öz vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən 1982-ci ildə binada M.F.Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Gürcüstana səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunub.  Muzeyin 6 ekspozisiya zalı var. Bu zallarda Azərbaycanın milli musiqi alətləri, geyimlər, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələr, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatlar, onun şəxsi əşyaları, müxtəlif dillərdə nəşr olunmuş əsərlərinin üz qabıqları, görkəmli Azərbaycan dramaturqu ilə sıx təmasda olmuş şair və yazıçıların fotoşəkilləri, o dövrdəki konsert afişalarının surətləri nümayiş etdirilir.

Səfərin ikinci günü nümayəndə heyətinin növbəti rəsmi görüşü Gürcüstan parlamentində oldu. Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze və İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladze ilə görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri, dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyəti diqqət mərkəzində oldu. Bildirildi ki, ölkələrimiz arasında həmişə yüksək dostluq münasibətləri, əməkdaşlıq olub və bu səfər də əlaqələrimizin inkişafının göstəricisidir.

DQİDK sədri elə həmin gün Gürcüstan xarici işlər nazirinin müavini Vladimir Konstantinidi və Diasporla Əlaqələr Departamentinin rəhbəri Muxran Qulaqaşvili ilə də görüşdü.

Azərbaycan nümayəndə heyətinin Gürcüstan səfərinin ən yaddaqalan məqamlarından biri soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonuna səfər və GMİ-nin Marneuli nümayəndəliyində keçirilən görüş oldu.  Görüşdə iştirak edənlərin sayının çoxluğu Azərbaycan nümayəndə heyətinin səfərinə olan böyük maraqdan xəbər verirdi. GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov fəaliyyətləri, qarşıda duran vəzifələr, dini kadrların hazırlığı ilə bağlı məsələlər barədə məlumat verdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərindən, Azərbaycanın mütərəqqi «dövlət-din modeli»ndən bəhs etdi. Diqqətə çatdırıldı ki, tolerant ölkə olan, çoxsaylı xalqların nümayəndələrinin yaşadığı Gürcüstanda azərbaycanlıların dinlə bağlı tələblərinin yerinə yetirilməsi üçün əlverişli şərait yaradılıb. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Gürcüstan məscidlərində həyata keçirilən təmir işləri soydaşlarımıza olan dəstəyin mükəmməl nümunələrindən biridir.

Görüşün sonunda Azərbaycan İlahiyyat İnstitutunda təhsilini başa vuran Gürcüstan vətəndaşları olan soydaşlarımıza diplomlar təqdim olundu. Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun diplomu ilə dini qurumlarda, eləcə də dövlət qurumlarında çalışmaq mümkündür. Diplomları təqdim olunan məzunlar fəaliyyətlərini Gürcüstanda davam etdirəcəklər.

 

Azərbaycanda və Gürcüstanda dini etiqad azadlığı qorunur

 

Səfər proqramının əsas tədbirlərindən biri də “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfrans oldu. Tbilisinin Biltimore hotelində keçirilən konfransın «Dinlərarası dialoqda dövlətin rolu» adlı birinci sessiyasında çıxış edən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev,  Gürcüstan Baş nazirinin insan hüquqları məsələləri üzrə müşaviri Niko Tatulaşvili, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin idarə rəisi Davit Davitaşvili, həmçinin Gürcüstan Patriarxlığının və GMİ-nin təmsilçiləri  dinlərarası dialoqda dövlətin rolu barədə fikirlərini bölüşdülər, Gürcüstanda sovet dövründə müsəlmanların əllərindən alınan 234 məscidin onlara geri qaytarıldığını bildirdilər.

Çıxışlarda qeyd olundu ki, dinlərarası dialoqda dövlətin rolu ətrafında məzmunlu müzakirələrin aparılmasına kifayət qədər böyük ehtiyac duyulur və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bu konfransın keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir.  Bildirildi ki, bu gün həm Azərbaycanda, həm də Gürcüstanda dini etiqadın azadlığı qorunur, insanlar öz dini ayinlərini sərbəst yerinə yetirə bilirlər. Xüsusi olaraq qeyd edildi ki, Azərbaycanın timsalında mütrəqqi dövlət-din münasibətləri mövcuddur.

«Dinlərarası dialoq Azərbaycanda qədim tarixə malikdir və ölkəmizin milli inkişaf strategiyasının tərkib hissələrindən biridir», - deyən Mübariz Qurbanlının sözlərinə görə Azərbaycan Konstitusiyası irqindən, milliyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Dini qurumlar mənsubiyyətindən asılı olmayaraq, qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində heç bir maneə olmadan qeydiyyata alınır və onlara dövlət tərəfindən hər il maliyyə yardımı göstərilir. Bugünədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan qeydiyyata alınmış dini icmaların 958-i İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Ölkə ərazisində 2258 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Qeyri-müsəlman əhali ölkə ərazisində azlıq təşkil etsə də, dövlət tərəfindən onlara da müsəlmanlar kimi yüksək diqqət və qayğı göstərilir. Bu öz növbəsində Azərbaycanda dinlərarası harmoniyanın ən yüksək səviyyədə özünü göstərməsinin bariz nümunəsidir.

Konfransın «Heydər Əliyev 100: Cənubi Qafqazda dinlərarası sülhün və əməkdaşlığın təmin edilməsi» adlı sessiyası da maraqlı çıxışlarla və müzakirələrlə yadda qaldı. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi Nato Oniani, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, DQİDK-nin  sədr müavini Gündüz İsmayılov,  Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının məsul katibi Giorgi Zviadadze çıxışlarında tolerantlıq və birgəyaşayış mədəniyyətinin çağdaş dövrümüzdə olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. Qeyd olundu ki, Azərbaycanda tarixboyu mövcud olan bu müqəddəs ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də multikultural dəyərlərin təbliği daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də Azərbaycanın dövlət siyasətidir.  Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Azərbaycana və xalqımıza olan yüksək ehtiram

 

Səfərin sonuncu günü nümayəndə heyətinin Gürcüstanın əsas aparıcı ali təhsil ocaqlarından olan İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində keçirdiyi görüş Azərbaycana olan yüksək ehtiramın təcəssümü oldu. Universitetin rektoru Caba Samuşiya Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfərinin və universitetdə keçirilən görüşün əhəmiyyətini yüksək qiymətləndirdi və Azərbaycanla təhsil sahəsində yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu vurğuladı.

Tbilisi Dövlət Universitetində “Heydər Əliyev Auditoriyası”da yaradılıb. Auditoriyada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, keçirdiyi görüşləri əks etdirən nadir fotolar, kitablar və digər vasitələr saxlanılır. 2008-ci ildən fəaliyyət göstərən auditoriya bu il Azərbaycan səfirliyinin təşəbbüsü və SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə yenidən əsaslı təmir olunub və buradakı eksponatlar yenilənib.

Tbilisidəki 73 nömrəli məktəb isə əsasən azərbaycanlı şagirdlərin təhsil aldıqları təhsil müəssisəsidir. Məktəbin fəaliyyəti barədə məlumat verən direktor Salman Pirməmmədoğlunun sözlərinə görə hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısını hiss edirlər, lazım olan tədris vəsaitləri ilə təmin olunurlar.

Azərbaycan nümayəndə heyəti Gürcü Pravoslav Kilsəsinin iqamətgahında da (Gürcüstan Patriarxlığında) xüsusi ehtiram və mehribanlıqla qarşılandı. Görüşdə iki ölkənin dini qurumları arasındakı əməkdaşlıq əlaqələri barədə söz açıldı. Hər iki ölkənin dini liderləri arasındakı dostluğun bütün sahələrdə münasibətlərimizin inkişafına müsbət təsir göstərdiyi qeyd edildi. Mübariz Qurbanlı dedi ki, Azərbaycan dövləti hər zaman Gürcüstanın yanında olub, ona dəstək verib. Ehtiyac yaranarsa, Azərbaycan tərəfi Gürcüstanda olan məscidlərin təmir və bərpasına, eləcə də digər məsələlərdə yardım göstərə bilər.

Qori və Aten Mitropoliti Andria Gvazava ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsindən razılıqla danışdı, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq etdi.

Görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi İlahiyyat Akademiyası və Seminariyası arasında əməkdaşlıq haqqında Memorandum imzalandı. Sənəddə iki təhsil ocağı arasında birgə kadrların, mütəxəssislərin və dərsliklərin hazırlanması, təcrübə mübadiləsi aparılması məsələləri nəzərdə tutulub.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin Tbilisinin Pullman otelində Gürcüstanın azərbaycanlı icması və şəhid ailələri ilə görüşü də keçirildi. Əvvəlcə “Qurani-Kərim”dən ayinlər oxundu, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Görüşdə Azərbaycan dövlətinin şəhid ailələrinə diqqət və qayğı göstərdiyi,  Gürcüstandakı şəhid ailələrinin də bu qayğıdan kənarda qalmadıqları bildirildi. Qeyd olundu ki, 44 günlük Vətən müharibəsi dövründə Gürcüstan azərbaycanlıları bir yumuruq kimi Azərbaycan dövlətinin ətrafında birləşdilər. Döyüşlərdə iştirak edən əslən Gürcüstandan olan azərbaycanlılar misli görülməmiş qəhrəmanlıqlar göstəriblər.

Çıxış edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə minnətdarlıq etdilər.

Qeyd edək ki, görüşün keçirildiyi binada Azərbaycanın Qarabağ bölgəsindəki tarixi və dini abidələrin fotolarından, eləcə də Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin din, tərəfdaşlıq, soydaşlarımız barədə tarixi fikirlərindən, kəlamlarından ibarət kitabların sərgisi də təşkil olunmuşdu.

Bütövlükdə,  Azərbaycan nümayəndə heyətinin Gürcüstana dördgünlük səfəri olduqca əlamətdar oldu. Ən əsası bu səfər Gürcüstanda Azərbaycan dövlətinə və xalqımıza olan yüksək ehtiramdan xəbər verdi. Keçirilən bütün görüşlər isə əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcək.

Rəşad CƏFƏRLİ,

«Azərbaycan» qəzeti

Bakı-Tbilisi-Bakı