Son illər bütün dünyada elmi-siyasi ədəbiyyatların əsas tematikası olan və gün keçdikcə daha da aktuallaşan, hətta zərurətə çevrilən mədəniyyətlərin yaxınlaşması mədəniyyətlərarası dialoq prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində, bir ailənin üzvləri kimi yaşayıblar və fəxrlə deyə bilərik ki, bu ali xüsusiyyəti günümüzədək qoruyub saxlamışıq. Bu gün çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma olmayıb. Bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerant və multikultural ənənələr ilə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir.
İstənilən dəyərin, ideyanın cəmiyyətdə yaşaması və inkişafı onun möhkəm təməllərə və güclü dəstəyə malik olmasından asılıdır. Bu mənada multikulturalizmi Azərbaycan mühiti üçün min illər boyu gündəlik həyatın bir gerçəkliyi kimi səciyyələndirə bilərik. “Azərbaycan xalqı özlüyündə, təbiətinə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”- deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını vermiş, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma Vətəni adlandırmışdır. Çünki, tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətin mövcudluğu və davamlılığını şərtləndirən, çağdaş dövrümüzdə belə, dünyanın bir sıra ölkələrinə hava, su qədər gərəkli olan çoxsaylı amillər olmuşdur. Bu amillərdən dinc birgəyaşayış ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik.
Milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Ulu Öndərin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti Azərbaycançılıq ideologiyasıdır. Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Ulu Öndər Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi Azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin, XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki Azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Biri-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir.
Bu kontekstdə Azərbaycançılıq dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin bugününün və gələcəyinin müasir ideoloji qavranması ilə sıx birləşir. Azərbaycançılıq milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi surətdə birliyini təcəssüm edir. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinə və yüksək milli intizama, formalaşan milli özünüdərkə əsaslanır, ən müxtəlif sosial təbəqələrdə anlaşma axtarır, millətin və dövlətin öz potensialından irəli gələn daimi, lakin qeyri-radikal islahatçılığı təbliğ edir.
Azərbaycançılıq xalqımızın iztirabları ilə yoğrulmuş tarixi dəyərdir, real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır. Bu gün Azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millət və etnik qrupların qardaşlığının, qarşılıqlı əlaqə və qarşılıqlı təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizələrinin tarixi təcrübəsidir.
Beləliklə, Azərbaycançılıq ideologiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıyır, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını əziz tutanlara münasibətdə də öz birləşdirici funksiyasını yerinə yetirir.
Azərbaycançılıq məfkurəsi multikultural münasibətlərin hakim olduğu Azərbaycan cəmiyyətində və ictimai-siyasi münasibətlərin qeyri-müəyyənliyi ilə diqqəti cəlb edən beynəlxalq aləmdə öz orijinallığı ilə seçilir. Hər iki məfhum bir-biri ilə üzvi vəhdət təşkil edən ideologiya və həyat norması kimi ölkədaxili ictimai-siyasi və sosial-mədəni münasibətlərin tənzimləyicisi və hərəkətverici qüvvəsi qismində çıxış edir, ziddiyyətlər və təlatümlər burulğanında siyasi maraqların diqtəsi altında hərəkət edən Qərblə Şərqin qovşağında qərar tutmuş Azərbaycanın alturist düşüncədən qaynaqlanan, bəşəri dəyərlərə ciddi önəm verən, mənəviyyatı və humanist prinsipləri bütün maraqların fövqündə saxlayan davranış tərzində öz aydın ifadəsini tapmışdır.
Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırmışdır.
Multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir. Prezident İlham Əliyevin “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib” fikri multikulturalizmin mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətini anlamaq baxımından bütün mətləblərə aydınlıq gətirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Bu bəşəri dəyərə ciddi önəm verən dövlət başçısı hələ iki il öncə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir. Ölkə rəhbərinin birbaşa diqqəti və nəzarəti ilə multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemlilik və mütəşəkkilliyini artırmaq baxımından 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bağlı Sərəncamı xüsusi əhəmiyyətə malik təşəbbüs olaraq qeyd edilməklə yanaşı dünya ictimaiyyətinə insan amilini, bəşəri dəyərləri bütün fəaliyyətlərin fövqündə tutan Azərbaycan Respublikasının bir mesajı kimi də dəyərləndirilə bilər.
Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Multikulturallıq öz mədəniyyətini inkar etmək demək deyil. Multikulturallıq və tolerantlıq başqa mədəniyyətlərə, başqa dinlərə, başqa xalqların xüsusiyyətlərinə hörmətlə yanaşmaqdır. Tolerantlığın bir çox növləri var və Azərbaycanda bunların hər birinin özünəməxsus yeri var. Lakin Azərbaycan xalqının milli mentalından, adət-ənənələrindən irəli gələrək dini tolerantlıq daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan cəmiyyətinə baxdıqda bu, daha aydın şəkildə görünür. Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub saxlanılır. Rus pravoslav və katolik kilsələri, Bakı şəhərində inşa olunmuş sinaqoq əzəmətinə görə öz ölkələrindəki dini abidələrdən heç də geri qalmır. Ümumiyyətlə, ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlər boyu əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan humanizmin və multikultural dəyərlərin müstəsna rolu var.
Bu gün dünyada dini, etnik zəmində gedən bir sıra münaqişələrin əksəriyyəti məhz multikultural dəyərlərə, onun tərkib hissəsi olan tolerantlıq prinsipinə riayət olunmamasından irəli gəlir. Bəzən terrora və qarşıdurmalara rəvac verən əsas amillərdən biri də multikulturalizmin və tolerantlığın lazımi səviyyədə inkişaf etdirilməməsidir. Multikultural mühitin və dözümsüzlüyün zəifləməsi nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır və tolerantlıq düşüncəsinə böyük zərbə vurur. Dövlət başçısı cənab İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumda səsləndirdiyi, “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir” fikirləri də ölkə rəhbərinin mutlikulturalizmə böyük önəm verdiyinin və onu dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab etdiyinin göstəricisidir. Bu baxımdan dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də xaricində multikulturalizmin və dini tolerantlığın təbliği istiqamətində tədbirlərin keçirilməsi və bu sahədə uğurlu Azərbaycan modelinin nümayişi böyük əhəmiyyət daşıyır.
Öz mədəniyyətinə, tarixinə, adət-ənənələrinə hörmətlə yanaşan xalq eyni münasibəti fərqli mədəniyyətlərə də göstərməlidir. Bu, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında sağlam və möhkəm əlaqələr yaratmaqla yanaşı, hər bir xalqın öz identikliyini qoruyub saxlamasını da təmin edir. Xüsusilə, qloballaşan dünyada heç bir cəmiyyət multikulturalizmin təsirindən kənarda qala bilməz. Çünki müəyyən sərhədlər çərçivəsində özünə qapanmış istənilən mədəniyyət tez bir zamanda tənəzzülə uğrayar. Odur ki, xalqımızın zəngin mənəvi-mədəni dəyərlərinin, mədəniyyətinin qorunması və inkişaf etdirilməsi məqsədilə multikulturalizm siyasətinin həyata keçirilməsi dövlətimizin əsas prioritetlərindən biridir.
Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır. Biz də Azərbaycanda bu dəyərləri qorumalı və təbliğ etməliyik. Ziyalılarımız, din xadimlərimiz cəmiyyətimizdə həm etnoslar, həm də dinlərarası tolerant münasibətlərin inkişafı üçün çalışmalıdırlar. Bu, ailədə başlamalı, məktəbdə davam etdirilməlidir. Cəmiyyət Azərbaycanın milli marağına, milli və dini birliyimizə ziyan vurmaq istəyənlərə qarşı ictimai qınaq yaratmalıdır.
Mübariz Qurbanlı
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Respublika qəzeti