Ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə çevrilib. Azərbaycanda tolerantlıq - irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib.
Ölkəmiz sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir. Bununla bağlı dünyada böyük nüfuza malik olan siyasət, elm, din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə paytaxtımız Bakı şəhərində əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılır, bəşəriyyətin bu gününü və gələcəyini maraqlandıran önəmli nəticələr əldə olunur. Digər tərəfdən, Azərbaycan mədəniyyətlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə də öz töhfəsini verir. Ölkəmiz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir.
Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrı-seçkilik ucbatından haqsızlığa məruz qalsa da, tolerantlıq, dözümlülük, multikultralizm kimi yüksək dəyərlərini daim yaşatmış, bu xüsusiyyətlərini itirməmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev daim azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikada bütün milli və dini azlıqların birgəyaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməyib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında geniş nitq söyləyən Prezident İlham Əliyev bir daha bu məsələlərə toxunmuş və bildirmişdir ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Bu sahənin daim diqqət mərkəzində olduğunu söyləyən dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər - Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq ölkəmizi dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ - ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik. Əfsuslar olsun ki, biz bütün bunları hər gün televizorlarda görürük. Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur”.
Bəli, bu gün Qərbdə baş verən hadisələr, multikulturalizmin iflasa uğradığını deyən siyasi liderlərin təhlükəli “oyunları”, din pərdəsi altında məkrli məqsədlərin həyata keçirilməsi, ölkələr daxilində ictimai-siyasi sabitliyi pozmağa, çaxnaşma, toqquşmalar yaratmağa istiqamətlənir. Dünyada cərəyan edən proseslər onu göstərir ki, radikal ekstremist qruplaşmalar islama qarşı terrorun coğrafiyasını genişləndirərək müsəlman ölkələrinə yaymaq istəyirlər. Ancaq bu çirkin niyyət Azərbaycanda baş tutmayacaq. Çünki ölkəmizdə funksional dövlət aparatı var və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Digər bir tərəfdən, Azərbaycanda islamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət və savadlı dindarlar var. Bu iki faktor ölkəmizin beynəlxalq terror şəbəkəsinin poliqonuna çevrilməsinə heç zaman imkan verməyəcək. Radikal dini qüvvələr unutmamalıdırlar ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan dövləti və cəmiyyəti ölkədə dini sabitliyə zərbə vurmağa cəhd göstərən, onlar üçün yaradılmış əlverişli şəraitdən süni istifadə edərək dini sabitliyi pozmağa, ölkəni dinlərarası ziddiyyətlər meydanına çevirmək istəyən şər qüvvələrə qarşı barışmaz mövqe tutub. Buna cəhd göstərən radikal dini qüvvələr heç nəyə nail ola bilməyəcək və çirkin əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Prezident İlham Əliyev isə məhz Azərbaycanda multikulturalizmin tarixi, ənənələri barədə daha da geniş əsaslandırmaların, əsərlərin yazılmasının vacibliyini bildirmişdir: “Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır”.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan” qəzeti