Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
07.06.2018 / Məqalə

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri “Jewish Journal” nəşrində işıqlandırılıb

ABŞ-ın nüfuzlu “Jewish Journal” nəşrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin 13-19 may tarixlərində Amerika Birləşmiş Ştatlarına etdikləri səfər haqqında məlumat dərc edilib.
Məlumatda qeyd edilir ki, nümayəndə heyəti səfər çərçivəsində Los-Ancelesdə nəşr olunan, ABŞ-ın ən böyük oxucu kütləsinə malik olan “Jewish Journal” qəzetinin prezidenti Devid Suisa ilə görüşüb.
Vurğulanıb ki, görüş zamanı Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verilib. Ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğu və sülh şəraitində dinc yanaşı yaşadığı, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdikləri diqqətə çatdırılıb.
Eyni zamanda, görüşdə Azərbaycanda yəhudi dini icmalarına göstərilən diqqət və qayğı, eləcə də Azərbaycan-İsrail dostluq əlaqələri haqqında qarşılıqlı fikir mübadiləsinin aparıldığı qeyd olunub.
Məlumatın sonunda nümayəndə heyətinin tərkibinə Azərbaycandakı dini konfessiya təmsilçilərinin – Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski və onun müavini Yevgeni Brenneysen, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin daxil olduğu bildirilir.