Müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin, eləcə də cəmiyyətin iqtisadi və sosial-siyasi sisteminin fundamental əsaslarını müəyyən edən ilk milli Konstitusiyanın qəbulundan 20 il ötür. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul olunmuş Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
Multikulturalizmi təşviq edən ali sənəd
Hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kursunu inamla həyata keçirən Azərbaycanda Konstitusiya ən ali qüvvəyə malik olan, insan, dövlət və cəmiyyət münasibətlərinin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Azərbaycan Konstitusiyası xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə edən əsas qanun olmaqla, insan və vətəndaş hüquq və azadlıqlarını, ictimai-siyasi institutların fəaliyyətini, hakimiyyət bölgüsü prinsipini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının hüquqi əsası qismində çıxış edir.
Milli strateji sənəd olan ölkə Konstitusiyası dövlət hakimiyyətinin təşkilinin konseptual başlanğıcını müəyyən etməklə, insan hüquqları, siyasi plüralizm, mülkiyyət formalarının çoxnövlüyü və bərabərliyi, hakimiyyətin qanuni məhdudlaşdırılması, söz, fikir, mətbuat, vicdan azadlıqları və digər demokratik dəyərləri özündə cəmləşdirir. Bu mənada, Azərbaycan Konstitusiyası həm də ideoloji funksiyanı həyata keçirmiş olur. Lakin bu ideologiya totalitar rejimlərdə olduğu kimi, hər hansı qrupun və ya siyasi qüvvənin mövqelərinin qorunmasına deyil, ümumilikdə cəmiyyətin demokratik-hüquqi inkişafının təminatına yönəlmişdir.
Ölkə Konstitusiyasının cəmiyyət üçün çox mühüm inteqrativ – birləşdirici funksiyaya malik olması mühüm şərtlərdəndir. Belə ki, müasir dünya reallıqları milli konstitusiyalar qarşısında cəmiyyəti qarşı tərəflərə bölən, ziddiyyət yaradan siyasi, milli-etnik və dini radikalizmin kəskin formaları ilə mübarizə aparmaq, dövlətin vahidliyini, bölünməzliyini təmin etmək kimi vacib tələblər qoyur. Bu mənada, Azərbaycan Konstitusiyasının cəmiyyətdə siyasi konsensusu, etnik-milli və dini dözümlülüyü, multikulturalizmi təşviq edən ali sənəd olması da xüsusi vurğulanmalıdır.
Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik qarşısında tarixi xidmətlərindən biri kimi ərsəyə gəlmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların vicdan azadlığı da qırmızı xətlə keçir. Bu da təsadüfi deyildir — vicdan azadlığının təmin olunması demokratik cəmiyyətlərin və dövlətlərin ümumi inkişafının təməl şərtlərindən biri sayılır. Əsrlər boyu mövcud olmuş dini və etnik-milli tolerantlığa verilən konstitusion hüquqi status dünyəvi dövlət modelini seçmiş respublikamızda insanların müqəddəs inanclarına necə böyük həssaslıqla, hörmətlə yanaşıldığını bir daha sübuta yetirmişdir.
Tolerantlıq düşüncəsinin tarixi inkişaf mərhələləri
Azərbaycanda tolerantlıq düşüncəsinin inkişafına tarixən ölkəmizin mühüm coğrafi-siyasi məkanda yerləşməsi və zəngin karbohidrogen ehtiyatlarına malik olması da həlledici təsirini göstərmişdir. Xüsusən də XIX əsrdə Bakıda sənaye üsulu ilə ilk neft mədənlərinin qazılması Azərbaycana müxtəlif ölkələrdən neft maqnatlarının gəlməsinə stimul yaratmışdır. Nobel qardaşlarının həmin dövrdə Bakıda həyata keçirdiyi mühüm layihələr buna əyani misal göstərilə bilər.
XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək fürsəti yaratmışdır. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların — hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki-siyasi hüquqlarının təmini, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şəraitin yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin əksini tapması suveren, demokratik, hüquqi dövlət yaradılması istəyinin, habelə tolerantlığın bariz təcəssümü olmuşdur. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq mövcudluğu dövründə vicdan azadlığının hüquqi təminatlarının yaradılmasına nail olmamış, keçmiş Sovetlər Birliyi dönəmində qəbul edilmiş konstitusiyalarda isə bu norma deklorativ xarakter daşımışdır.
Rusiyanın hərbi müdaxiləsi nəticəsində AXC-nin süqutundan sonra mərkəzin “vahid sovet xalqı” formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası, digər respublikalarda olduğu kimi, Azərbaycanda da etnik tolerantlığın güclənməsinə təkan vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol verməmiş, milli identikliyə qarşı dözümsüzlük nümayiş etdirmişdir. Yalnız ötən əsrin 70-80-ci illərində — ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə totalitar rejim xalqımızın tolerantlıq düşüncəsinə hakim kəsilə, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir. Bu illərdə məhz müdrik rəhbər Heydər Əliyevin himayəsi altında onlarca məscid tarixi abidə adı altında qorunub saxlanılmış, əsaslı təmir edilmiş, xalqa qaytarılmışdır.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, ölkədə milli-mənəvi dəyərlərə qayıdış, mənəvi intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini də ön plana çıxarmışdı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda isə vicdan azadlığı ilə bağlı konkret tənzimləyici hüquqi normalar yer almamışdı. Eyni zamanda, müstəqilliyin ilk illərində respublikamızda milli, etnik və dini zəmində separatçılıq meyilləri baş qaldırmışdı.
Yalnız 1993-cü ilin iyununda dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyət rəhbərliyinə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almışdır. Azərbaycanda xaos və anarxiya mühitinə son qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start verilmişdir.
Vicdan azadlığı konstitusion norma kimi
Ulu öndər Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır. Ümummilli liderin rəhbərliyi altında 6 ay müddətində hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın bilavasitə din və dövlət münasibətlərini tənzimləyən 18-ci maddəsində göstərilir: “I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”.
Göründüyü kimi, dinin dövlətdən ayrı olması, eyni zamanda, bütün dini etiqadların qanun qarşısında bərabərliyi, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması ilk milli Konstitusiyada konkret şəkildə təsbit olunmuşdur. Ümummilli lider Heydər Əliyev dövlətlə dini qurumlar arasındakı münasibətləri şərh edərkən demişdir: “Azərbaycan öz Konstitusiyasına görə, həm də dünyəvi bir dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə, “Dini etiqad azadlığı haqqında” Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz dini, ilk növbədə, mədəniyyətin, tarixi irsin, milli mentalitetin bir fenomeni və ayrılmaz hissəsi kimi qəbul edirik”. Əsas Qanunumuzun 48-ci maddəsində isə vətəndaşların vicdan azadlığı təsbit olunmuşdur: “I.Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır”.
Azərbaycan Konstitusiyasında dini azadlıqlarla bağlı yer almış müddəalar həm də respublikamızın qoşulduğu beynəlxalq konvensiyaların mahiyyətindən irəli gəlmişdir. Ağır müharibə və münaqişələr əsri kimi dəyərləndirilən XX yüzilliyin gerçəklikləri təsdiqləmişdir ki, tolerantlığı inkişaf etdirmədən ayrı-ayrı xalqların vahid sosium kimi sivil birgəyaşayışı, habelə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması mümkün deyildir. Tolerantlıq düşüncəsinin inkişafında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”si mühüm əhəmiyyətə malik olmuşdur. Bəyannamədə göstərilir ki, “İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”.
Avropa Şurasına üzv dövlətlərin rəhbərlərinin 1993-cü il oktyabrın 8-9-da Vyanada keçirilmiş zirvə toplantısında isə irqçiliyin yüksəlişi; xaricilərə qarşı qərəzli münasibət və antisemitizm; dözümsüzlük mühitinin inkişafı; əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması; aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmişdir. Bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üzrə Fəaliyyət Planı qəbul olunmuşdur. Bu sənəd cəmiyyətin səfərbərliyi, belə hallarla mübarizəyə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi, habelə səmərəli icrası üçün görüləcək tədbirləri özündə əks etdirmişdir.
Dini tolerantlığa xidmət edən islahatlar
Azərbaycan Respublikası ötən 20 ildə, həm öz Konstitusiyasından, həm də qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəlikləri uğurla reallaşdıraraq ölkədə vicdan azadlığının tam bərqərar olmasına çalışmışdır. Dini sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2001-ci ildə Dini İşlər üzrə Dövlət Komitəsinin yaradılması dövlət-din münasibətlərinin tənzimlənməsində keyfiyyətcə yeni mərhələ açmışdır. Komitə ölkədə vicdan azadlığının təminatına xidmət edən normativ-hüquqi aktları, o cümlədən 20 avqust 1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Qanunu əsas tutaraq dini münasibətlərin sivil şəkildə tənzimlənməsinə çalışmışdır.
Qeyd edək ki, sözügedən qanun dövlət və dini qurumlar; din və məktəb; dini icma, dini idarə və mərkəzlər; dini təhsil; dini qurumların dövlət qeydiyyatına alınması, onların ləğvi; dini qurumların mülkiyyəti, istehsal və təsərrüfat fəaliyyəti; dini ayin və mərasimlərin keçirilməsi; ümumiyyətlə, din və onunla əlaqəli olan təsisatlar arasındakı münasibətləri tənzimləyir. Qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün dini qurumlar bərabər hüquqlara malikdir.
Azərbaycanda din dövlətdən ayrı olsa da, ulu öndər Heydər Əliyev cəmiyyətin saflaşmasında, insanların mənəvi kamilləşməsində İslamın müstəsna rolunu daim önə çəkmiş, həmçinin müqəddəs kitabımız olan “Qurani-Kərim”in əxlaqi-tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmişdir. Heydər Əliyev qeyd etmişdir ki, İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir.
Ulu öndər Heydər Əliyev ölkədə mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi diqqət ayırmışdır. Ulu öndər hələ 1994-cü ildə Bibiheybət məscidini ziyarət etmiş, onun təmiri və bərpası ilə bağlı göstərişlərini vermişdir. 1997-ci ildə Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidinin bərpasına vəsait ayrılmış, 1998-ci il iyulun 12-də ümummilli liderin iştirakı ilə ziyarətgahın böyük bir hissəsinin açılışı olmuşdur.
Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi İslam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlər üçün də tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. 1999-cu ildə katolik icması dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaratmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədi ilə xüsusi bina ayrılaraq kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakının Nobel prospektində Roma katolik kilsəsi inşa olunmuşdur. Kilsənin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşərək ölkədəki mövcud tolerantlığı yüksək qiymətləndirərək, – “Azərbaycanda dinlər arasındakı tolerantliq münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”, – demişdir.
Hazırda Azərbaycanda 3 yəhudi icması - dağ, əşkinazi və gürcü yəhudi icmaları mövcuddur. Bakı şəhərində, Oğuz və Quba bölgələrində bir neçə yəhudi sinaqoqu, mədəni mərkəzi və məktəbi fəaliyyət göstərir. 2003-cü il martın 9-da Bakıda Avropanın ən böyük sinaqoqu istifadəyə verilmişdir. Qubadakı Qırmızı qəsəbə isə postsovet məkanında dağ yəhudilərinin kompakt yasadıqları yeganə məkandır.
Birləşdirici missiya
Hələ 2003-cü ilin oktyabr ayında andiçmə mərasimində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni və dini-mənəvi irsə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir.
Azərbaycan Prezidenti bu fikirdədir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.
Cənab İlham Əliyev son illərdə ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son 10 ildə Bibiheybət, Təzəpir, Əjdərbəy, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Ötən ilin dekabrında Bakının Binəqədi rayonu ərazisində Cənubi Qafqazın ən böyük ibadətgahının – Heydər Əliyev məscidinin istifadəyə verilməsi də bu baxımdan xüsusi vurğulanmalıdır.
Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, müxtəlif dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində mühüm rol oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün respublikamızda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə İslam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.
Təhlükə Qərbdən gəlir
Ölkədə vicdan azadlığının təmini istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti, bununla bağlı yaradılmış hüquqi təminatlar Azərbaycanın həm də multikultural məkan kimi tanınmasını təmin etmişdir. Təsadüfi deyildir ki, son illər bir sıra iqtisadi, siyasi və humanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Bakı şəhərinə üstünlük verilir. Bu, əhalisinin böyük qismi müsəlman olan Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübənin, dinlərarası dialoq mühitinin bəşəri miqyasda yüksək dəyərləndirildiyini göstərir. Yəni nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan keyfiyyətdir.
Azərbaycan Konstitusiyası özünün demokratik mahiyyəti ilə cəmiyyət həyatının bütün sahələrində tolerantlıq düşüncəsini təsbit və təşviq edir. Çünki ictimai münasibətlər sisteminin sivil şəkildə tənzimlənməsi, ilk növbədə, insanların əks-fikrə dözümlülük səviyyəsindən asılıdır. Bu mənada, insanlar təkcə dini, irqi və milli məsələlərdə deyil, həm də ailədaxili münasibətlərdə, işgüzar-iqtisadi, habelə siyasi fəaliyyətdə tolerant olmağa çalışmalıdırlar. Məsələn, ailədə tolerantlıq ailə üzvlərinin hüquqlarına hörmətlə yanaşılmasını, hər hansı səbəbdən məişət zorakılığına yol verilməməsini nəzərdə tutur. Şübhəsiz, bu tolerantlıq xalqın tarixən formalaşmış ailə dəyərləri çərçivəsində olmalı, etik normaları aşmamalıdır.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi tolerantlıq da işgüzar əlaqələrin və təsərrüfat münasibətlərinin sivil məcrada qurulmasını təmin edir. Yəni hər bir bazar subyekti iqtisadi rəqabətin mövcudluğunu və zəruriliyini dərk edərək iqtisadi fəaliyyətini müəyyən qaçılmaz reallıqlara uyğun qurmağa çalışır. Eyni zamanda, siyasi fəaliyyətdə də dözümlülük ən vacib şərtlərdən biridir.
Əslində, bu gün dünyada mövcud olan problemlərin böyük əksəriyyəti də məhz tolerantlıq prinsipinə riayət olunmamasından irəli gəlir. Bəzi hallarda terrora, qarşıdurmalara, münaqişələrə rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Dini, siyasi, irqi və s. dözümsüzlüyün zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyillərini artırır. Problem burasındadır ki, dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və yaxud qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinxedləri və digər millətçi təşkilatları göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında söylədiyi kimi: “Biz sivilizasiyalararası dialoqdan söhbət açırıq. Amma, eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm (sivilizasiyaların dialoqu, o cümlədən dini əməkdaşlıq ) iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
Müşahidələr göstərir ki, bu gün tolerantlıq prinsipinə ən böyük təhlükə Şərqdən deyil, məhz Qərbdən gəlir. Bir zamanlar belə bir təhlükəni qərəzli şəkildə İslamla əlaqələndirməyə çalışan bəzi Avropa dövlətləri getdikcə özləri tolerantlıq prinsipinin ən böyük düşmənlərinə çevrilirlər. Fərqli fikir və düşüncəyə qarşı başlanmış “səlib yürüşü”, ilk növbədə, bu geosiyasi arealda sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirir.
Tolerantlıq ünvanı – Azərbaycan
Azərbaycanın bütün dünyada tolerant və multikultural məkan kimi tanıdılmasında ölkəmizdə keçirilmiş qlobal musiqi, mədəniyyət və idman tədbərlərinin əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirmişdir. Respublikamız son illərdə Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, III Qlobal Bakı Forumuna və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir. Şübhəsiz, beynəlxalq forumlar, konfranslar vasitəsilə sivil dialoqların qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilir.
Hələ 3 il əvvəl “Evrovizion-2012” kimi qlobal musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan bu ilin iyun ayında daha bir mötəbər idman tədbirinə – “Bakı-2015” birinci Avropa Oyunlarına uğurla yekun vurmuş, bütün dünya ölkəmizin necə tolerant olduğunun bir daha əyani şahidi olmuşdur. Azərbaycan həmin günlərdə ümumən Avropanın favoritinə çevrilməyi bacarmışdır. Beynəlxalq ictimaiyyət qibtə və heyranlıq ovqatında Bakı şəhərinin sülh və sabitlik paytaxtı olduğunun, respublikamızın qısa zamanda ciddi uğurlara imza atdığının əyani şahidinə çevrilmişdir. Azərbaycan xalqının yüksək qonaqpərvərliyə, qədim mədəniyyətə, ecazkar musiqiyə, zəngin incəsənətə malik polietnik məkan olduğu, bu multikultural məkanda ən müxtəlif xalqların tolerantlıq şəratində dinc yanaşı yaşadıqları bir daha təsdiqini tapmışdır.
Dünyada ilk multikultural mərkəz
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Respublikasında dinlərarası əməkdaşlığın mövcudluğu respublika rəhbərliyinin siyasi uzaqgörənliyi ilə bağlıdır. Yalnız son beş ildə respublikamızda dinlərarası dialoqa, millətlərin tolerant mühitdə yaşamasına xidmət edən forumlarda dünyanın 100-dən artıq dövlətinin ictimai, siyasi xadimləri, Nobel mükafatı laureatları iştirak etmişdir.
Bu da təsadüfi deyildir ki, ölkə başçısının sərəncamı ilə dünyada yaradılmış ilk multikultural qurum - Beynəlxalq Bakı Multikultural Mərkəzidir. Mərkəz dini əməkdaşlığın, multikulturalizmin analoqu olmayan Azərbaycan modelinin müxtəlif Avropa dövlətlərinin ali təhsil müəssisələrində tədrisi ilə bağlı bir sıra dövlətlərlə müqavilələr bağlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 may 2015-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu isə qısa müddətdə hüquqi maarifləndirmə istiqamətində xeyli işlər görmüşdür. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 20 illiyinə həsr edilmiş tədbirlər də bu baxımdan xüsusi qeyd edilməlidir. Heydər Əliyev Mərkəzi, Bilik Fondu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunmuş konfransda Azərbaycanın görkəmli hüquqşunas alimləri, Konstitusiya Məhkəməsinin hakimləri maraqlı məruzələrlə çıxış etmişlər.
Ümumiyyətlə, Bilik Fondunun fəaliyyətində maarifləndirmə xüsusi yer tutur. Bu məqsədlə respublikanın bir sıra ali məktəbləri ilə gələcək fəaliyyətlə bağlı müqavilələr imzalanmış, hüquqi maarifləndirmə işinə tanınmış elm adamları, təcrübəli hüquqşünaslar cəlb edilmişdir. Yaxın günlərdə bu cür tədbirlər Azərbaycan Turizm və Menecment Universitetində, Bakı Slavyan Universitetində, Sumqayıt Dövlət Universitetində və digər ali təhsil ocaqlarında da keçiriləcəkdir.
Azərbaycanda demokratik proseslərin getdikcə dərinləşdiyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə Konstitusiyanın əsas müddəalarının həyata keçirilməsi, respublika həyatının bütün sahələrinin yeniləşməsində onun açdığı geniş imkanlardan hərtərəfli istifadə olunması dövlətlə yanaşı, hər bir vətəndaşdan böyük səy və məsuliyyət tələb edir. Qarşıda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir.
İsaxan VƏLİYEV,
Azərbaycan Respublikası
Prezidenti yanında Bilik Fondunun
aparat rəhbəri, hüquq elmləri doktoru, professor
"Xalq" qəzeti. 12.11.2015.