Amerikada çıxan “Jewish World – Yevreyskiy Mir” yəhudi nəşrinin 3 dekabr tarixli nömrəsində Şimon Brimanın Azərbaycanın çoxvektorlu və praqmatik xarici siyasət strategiyası, Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, Şimon Brimanın məqaləsi “İsrailli tələbələrə Azərbaycan və Cənubi Qafqazın geosiyasəti haqqında” adlanır. Müəllif qeyd edir ki, beynəlxalq münasibətlər sahəsində israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut Ariel Universitetinin israilli tələbələri qarşısında “Azərbaycan Cənubi Qafqazın geosiyasətində” adlı iki saatlıq mühazirə ilə çıxış edib. Arye Qut qeyd edib ki, bu gün Azərbaycan İslam dünyasının tərəqqi və inkişaf mayakı, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsi, real və həqiqi multikulturalizm və tolerantlıq nümunəsidir.
Qeyd etmək lazımdır ki, İsrailin ali məktəblərində Azərbaycan haqqında bu formatda mühazirə ilk dəfə oxunub. Arye Qut Azərbaycan haqqında həqiqəti söyləmək üçün yaradılmış imkana görə Ariel Universitetinin professoru Zeyev Xaninə təşəkkür edib.
Məqalə müəllifi vurğulayır ki, Arye Qut israilli tələbələrə müasir mərhələdə Azərbaycanın xarici siyasət strategiyası, Cənubi Qafqazın lideri kimi Azərbaycanın rolu və yeri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İsrail-Azərbaycan münasibətlərinin indiki vəziyyəti və perspektivləri barədə mühazirə oxumaqla bərabər, “Azərbaycan dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” adlı maraqlı sənədli təqdimatla çıxış edib.
“Jewish World – Yevreyskiy Mir” yəhudi qəzeti yazır ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi bu ölkənin etnik və dini tolerantlığına zəmanət verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb.
İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri deyib: “Onlardan biri – Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsidir. Bu vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərara əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqu və humanitar məsələləri inkişaf etdirməkdir. Ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycan həm də müxtəlif dinlərə etiqad bəsləyən insanların və müxtəlif etnik qrupların nümayəndələrinin vətənidir. Milli azlıqlara hörmət və onlara münasibətdə tolerantlıq ta qədim zamanlardan, Böyük İpək Yolu dövründən zəmanəmizə qədər bu ölkənin inkişafının əsası olub”.
Arye Qutun sözlərinə görə, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələrinin vətəni olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. A.Qut deyib: “Bu diyar bu gün də dini dözümlülüyə hədsiz səy göstərməkdə davam edir. Ölkənin yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət buna parlaq nümunədir. Yəhudilər burada heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər, Azərbaycanda heç vaxt antisemitizm olmayıb”.
Arye Qut Xocalı qırğını haqqında sənədli təqdimatı nümayiş etdirərək deyib: “Mən bir İsrail vətəndaşı kimi, yəhudi xalqının nümayəndəsi kimi, ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilmiş Sovet Ordusu zabitinin nəvəsi kimi Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı ilə üzləşmiş Azərbaycan xalqının ağrı-acısını başa düşürəm və bu kədəri bölüşürəm. Xocalıda ağlasığmaz vəhşiliklə, barbarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarında ən dəhşətli faciələrdən biri olub. Danılmaz tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun ətraf ərazisini tərk etməyə macal tapmamış sakinlərin faktiki olaraq heç birinə rəhm etməyiblər. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 adam şikəst edilib, 1275 dinc sakin – qocalar, uşaqlar , qadınlar əsir götürülərək görünməmiş əzab-əziyyətlərə, təhqirlərə məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu idi ki, bütün bu insanlar azərbaycanlılar idi”.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli və qanlı qırğın haqqında təqdimat israilli tələbələri sarsıdıb. Arye Qut öz sənədli təqdimatı çərçivəsində vurğulayıb ki, tarix İkinci Dünya müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik Erməni Legionunun qəddarlığını heç vaxt unutmayıb. İsrailli ekspert yazır: “Millətçi Dronun (o, minlərlə yəhudinin məhv olunmasında şəxsən iştirak edib) başçılıq etdiyi Erməni Legionunun məqsədi faşistlərin “xoşlamadığı” yəhudilərə və başqa xalqların nümayəndələrinə hücumlar etmək, onları qırmaq idi. Bununla yanaşı, Erməni Legionu əsir düşərgələrində “ölüm marşları” təşkil edirdi. Bu gün isə bu qatı antisemit və faşist ölkənin indiki rəhbərlərinə məhz azad Ermənistan uğrunda “mübariz” kimi, Ermənistan işğalçılıq planlarına haqq qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir rəmz kimi lazımdır. Yəhudilərin məhv edilməsinin iştirakçısı olmuş bu faşist Ermənistan tarixinə dair dərsliklərdə qəhrəman kimi təqdim edilir. Məgər bu, antisemitizm və faşizmə bəraət qazandırmaq deyilmi?! Müasir Ermənistanda Dro və Njde geniş miqyasda təbliğ edilir. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. Vurğulayırıq: onlara pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir – bu əməllərin arxasında Ermənistan dövləti dayanır. Mənim fikrimcə, XX əsrin axırlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğıni Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın timsalında məhz erməni generalı Dronun varisləri törədiblər. Serj Sarkisyanın bir frazasını xatırlamaq kifayətdir: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq – biz bu stereotipi aradan qaldıra bildik”. Bu sözlər real sürətdə sübut edir ki, Serj Sarkisyan və onun bu gün Ermənistanda hakimiyyətdə olan bütün klanı Dronun və Njdenin əsl “layiqli “ varisləridir”.
“Jewish World – Yevreyskiy Mir” Amerika yəhudi nəşrində qeyd edilir ki, Arye Qut öz mühazirəsi və sənədli təqdimatı çərçivəsində tələbələrin diqqətini bir məqama xüsusi cəlb edib: Ermənistanın Azərbaycana qarşı təcavüzünə və münaqişəyə baxmayaraq, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və əslən Azərbaycandan olan insanların çoxu bu amilə görə qürur duyur.
Arye Qut çıxışının sonunda deyib: “Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Qədim Qırmızı Qəsəbə İsrailin hüdudlarından kənarda yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Qırmızı Qəsəbə həqiqətən Azərbaycan fəxridir. Sizin Qırmızı Qəsəbədə görə biləcəyiniz Azərbaycanda dini konfessiyaların - müsəlmanlarla yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Bu gün bizdə müxtəlif dinlərə məxsus insanların dinc yanaşı yaşaya və bir birinə hörmət edə bilməsinin real və həqiqi nümunəsi var”.
"Azərbaycan" qəzeti