Amerikanın geniş oxucu kütləsinə sahib “The Jewish voice” qəzetində Fern Sidmanın müəllifi olduğu erməni anti-semitizmi haqqında “Armenian Anti-Semitism Again Rears its Ugly Head” adlı araşdırma xarakterli məqalə dərc edilib.
Araşdırmada qeyd olunur ki, Pyu Tədqiqat Mərkəzinin (Pew Research Center) təhlilinə əsasən Ermənistan monoetnik cəmiyyət kimi Mərkəzi və Şərqi Avropada 18 ölkə arasında ən az tolerant olan ölkədir. Statistik göstəricilərə görə ermənilər arasında aparılan sorğu zamanı məlum olub ki, iştirakçıların 32%-i hətta ölkədə yaşayan yəhudiləri öz vətəndaşları kimi qəbul etmirlər. Vurğulanır ki, 2015-ci ilin iyun ayından 2016-cı ilin iyulunadək aparılan bu araşdırmanın nəticələri Anti-Defamasiya Liqası (Anti-Defamation League) tərəfindən də təsdiqlənib.
Mətbu orqan xəbər verir ki, Ermənistan rəsmiləri həmin araşdırmanın nəticələrini, konkret olaraq ölkədəki anti-semitizmi inkar etsələr də 2004 və 2005-ci illərdə İrəvanda “Holokost” abidəsinin dəfələrlə dağıdılması və buna mövcud hakimiyyətin biganə qalması diqqətdən qaçmayıb. Əlavə olaraq müəllif bildirir ki, 2006-cı ildə İrəvanda keçirilən Beynəlxalq “Holokost” Anım Günündə Ermənistan parlamentinin yalnız bir deputatı Mkrtiç Minasyan iştirak edib.
Bundan başqa, məqalədə jurnalist Emil Danielyanın “168 saat” (168 Hours) adlı erməni qəzetində erməni anti-semitizmi haqqında bu məlumatları işıqlandırdığı da göstərilir. Müəllif bildirir ki, erməni anti-semitizminin kökləri 1960 və 1970-ci illərə qədər gedib çıxır. E.Danielyan yazını şərh edərək bildirir ki, bir çox erməni millətçiləri tərəfindən bu nəzəriyyə qəbul edilib və mətbuatda anti-yəhudi işləri ilə bağlı məlumatlar yayaraq aktivləşiblər.
Lakin məqalənin müəllifi F.Sidman vurğulayır ki, Pyu Tədqiqat İnstitutu Mərkəzi və Şərqi Avropa ilə bağlı göstəricilərdə sadəcə Polşa haqqında məlumatları əks etdirib, nədənsə Ermənistanın adını çəkməyib. Halbuki interaktiv xəritədə erməni anti-semitizmi ilə bağlı rəqəmlərə rast gəlinir və elmi-tədqiqat institutunun Ermənistanla əlaqədar davamlı araşdırmalar aparmaması çaşqınlıq yaradır deyə müəllif qeydini davam etdirib.