Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
11.09.2018 / Məqalə

100 ilin “AZƏRBAYCAN”ı

Hər bir xalqın inkişafında, onun milli şüurunun oyanışı və milli özünüdərk prosesində, bəşər sivilizasiyasının aparıcı gücünə çevrilməsində mətbuat özünəməxsus yer tutur. Onun cəmiyyət həyatının demək olar ki, bütün sahələrinə böyük təsir gücü var. Görünür, elə buna görədir ki, Azərbaycanın maarifpərvər ziyalıları, klassik ədiblərimiz mətbuatı "xalqın görən gözü, eşidən qulağı, danışan dili” adlandırıblar.

Azad media demokratiyanın əsas göstəricisidir

Müasir politologiyada isə o, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərindən sonra ən böyük güc hesab edilir və "böyük hakim”, "dördüncü hakimiyyət” kimi adlarla vəsf olunur. Hətta onun qüdrətini lazımınca dəyərləndirən politoloqların fikrincə, media dövlət idarəçiliyində əsas elementdir. Bu baxımdan, kütləvi informasiya mənbəyi olmaq çox çətin və məsuliyyətli işdir. Bu gün kütləvi informasiya vasitələri üzvi surətdə cəmiyyətin siyasi strukturuna daxil edilib və onlara demokratiyanın, vətəndaş cəmiyyətində aşkarlığın mühüm amili, ictimai rəy tribunası kimi baxılır.
Azad media həm də demokratiyanın əsas göstəricilərindəndir. Çünki o, hər bir ölkədəki mövcud söz və məlumat azadlığının, bir növ, aynası olmaqla yanaşı, həmin ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. Bu səbəbdən söz azadlığından söhbət düşəndə onu dünyanın ən böyük nemətlərindən biri adlandırırlar. Bir halda ki, azadlıq Adəm övladının bəşəriyyət mövcud olandan arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir, elə isə onun azad mühitdə yaşamasından, öz düşüncələrini azad şəkildə ifadə etməsindən yaxşı nə ola bilər?

"Azərbaycan” qəzeti "Əkinçi”dən aldığı bayrağı şərəflə daşıdı

Azərbaycan xalqının milli oyanış prosesində, habelə dövlət və dövlətçilik ideyalarının formalaşmasında milli mətbuatımızın rolu böyük və əvəzolunmazdır. Elə buna görə də milli mətbuat tariximizin başlanğıcı ilə milli şüurumuzun oyanış tarixinin üst-üstə düşməsi əsla təsadüfi hadisə deyil.
Artıq fəxrlə deyə bilərik ki, "Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində çox böyük inkişaf yolu keçib. Onun başlatdığı maarifçilik hərəkatının bəhrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə mediamız 1918-ci ildə dinamik inkişaf üçün şans qazanmış, ziyalılarımız müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına xidmətlər göstərmişdilər.
Bu gün milli mətbuatımızın avanqardı olan "Azərbaycan” qəzeti də bizə məhz o illərin - Xalq Cümhuriyyətinin yadigarıdır və həm də buna görə hər bir azərbaycanlının qəlbində onun xüsusi yeri vardır.
Əminliklə deyə bilərik ki, bugünkü "Azərbaycan” həm əcdadı "Əkinçi”dən, həm də eyni adlı sələfindən daha xoşbəxtdir. Çünki o həm müstəqildir, həm də maddi-texniki bazası yüksək səviyyədədir.
Həsən bəy Zərdabi 1875-ci ildə milli mətbuatın əsasını qoyanda istər siyasi, iqtisadi, sosial, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Əvvəla, ona görə ki, o illərdə Azərbaycan müstəqil deyildi. Əlbəttə, söhbət təkcə siyasi müstəqillikdən deyil, həm də iqtisadi, ideoloji, mənəvi, mədəni və s.-dən gedir. Ancaq hətta o cür ağır şərtlər də ziyalılarımızı maarifçilik hərəkatından, gələcəyimizin işıqlı sabahlara açılması üçün apardıqları mübarizədən soyutmadı. Əksinə, onların başlatdıqları maarifçilik hərəkatı, az sonra mədəni muxtariyyət, ardınca isə istiqlal mübarizəsinə çevrildi. Məhz buna görə də milli mətbuatımızdan danışarkən onun Azərbaycan tarixinin bütün mərhələlərində, xüsusilə də XIX və XX əsrin əvvəllərində çox əhəmiyyətli rola malik olduğunu söyləmək mümkündür.
1918-ci il sentyabrın 15-də ilk sayı işıq üzü görən "Azərbaycan” qəzeti "Əkinçi”dən aldığı bayrağı şərəflə daşıdı!
Onun birinci sayı çox əlamətdar hadisəyə - Bakının bolşevik-daşnak dəstələrindən azad edilməsinə həsr edilmişdi. Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan ilk sayda yer alan Qafqaz İslam Ordusunun qardaş köməyi barədə yazıları, bu ordunun komandanı Nuru Paşanın, eyni zamanda, Fətəli xan Xoyskinin Nuru Paşaya təbrik teleqramlarını bu gün oxuduqca müstəqillik fədailərinin illər boyu ürəklərində yaşatdıqları azadlıq yanğısını hiss etməmək mümkün deyil.

Ulu Öndərin hakimiyyətə gəlişi - ətalətdən ədalətə keçid

Təəssüf ki, Xalq Cümhuriyyətinin süqutundan sonra digər sahələr kimi, milli mətbuatımıza da ağır zərbələr vuruldu, media tamamilə senzuralaşdırıldı, ortaya alternativ fikir qoymaq, problemləri işıqlandırmaq qadağan olundu. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra mətbuatımız bu buxovdan xeyli azad oldu, ətalətdən ədalətə keçdi.
Ümummilli lider şəxsən özü o dövrün ən nüfuzlu media orqanı olan qəzetlərə cəmiyyətdəki problemləri işıqlandırmağı tövsiyə edirdi. Çünki "Kommunist”, "Bakı”, "Azərbaycan gəncləri”, "Bakinski raboçi” və s. bu qəbildən olan qəzetlərdə dərc edilən ciddi tənqidi yazıların demək olar ki, əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi. Ulu öndər əsl xalq fədaisi kimi hətta müsahibələrində o vaxtkı rejimin iyrəncliklərini bəzən açıq, bəzən isə qapalı şəkildə ifşa etməkdən də çəkinmirdi.
O, "Literaturnaya qazeta”da "Qoy, ədalət zəfər çalsın” başlığı altında dərc olunmuş müsahibəsi ilə keçmiş İttifaqda korrupsiyaya, cinayətkarlığa qarşı mübarizə başladan ilk rəhbər şəxs idi. O dövrün siyasi mənzərəsini nəzərə alsaq, bu addım çox riskli idi və çox böyük fədakarlıq tələb edirdi. Ancaq bu təhlükələr qarşısında ümummilli lider bir an da geri çəkilmirdi, çünki o, ömrünü xalqına həsr etmişdi...
Təəssüf ki, müstəqilliyimizin ilk illərində ölkədə baş alıb gedən xaos milli mətbuatdan da yan keçmədi. Medianın azad və müstəqil fəaliyyətinə maneələr yaradılır, mətbuat işçiləri fiziki təzyiqlərə məruz qalırdılar. Yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli mətbuatımız rahat nəfəs almağa, özünün əsl funksiyalarını həyata keçirməyə başladı. Ümummilli lider söz və mətbuat azadlığının təmin edilməsini, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılmasını əsas vəzifə kimi qarşıya qoydu. Onun böyük səyləri nəticəsində ölkə mətbuatının azad fəaliyyəti və inkişafına yaradılmış süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası təkmilləşdirildi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi.
Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Fərman və bütövlükdə informasiya yayımı üzərində nəzarət ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvədən düşdü. Bununla da Azərbaycan mətbuatı yeni dövrə qədəm qoydu və o, ictimai fikrə təsir edən, sözdə deyil, əməldə "dördüncü hakimiyyət” funksiyasını həyata keçirən real gücə çevrildi. Bunun ardınca "Kütləvi informasiya vasitələri haqqında”, "Məlumat azadlığı haqqında” qanunların qəbul edilməsi, bir sıra qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması, o cümlədən 2003-cü ilin martında Azərbaycan Mətbuat Şurasının yaradılması bir daha sübut etdi ki, müstəqilliyini yeni bərpa etməsinə, müharibə və iqtisadi çətinliklərlə çarpışmasına baxmayaraq, öz liderinin iradəsinə, əzminə arxalanan xalqımız demokratik dəyərlərdən vaz keçməyəcək.

İlham Əliyev - jurnalistlərin dostu

Fəxrlə deyə bilərik ki, ümummilli liderin başlatdığı, Azərbaycanda ikinci maarifçilik hərəkatı adlandıra biləcəyimiz bu missiya hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının gətirdiyi yeniliklərlə gündən-günə təkmilləşən sahələrdəndir.
Bu gün ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, həmçinin maarifləndirmə istiqamətində təqdirəlayiq səviyyədə iş aparır. Ölkə başçısının hakimiyyətə gəldiyi gündən medianın inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan addımlar atması - Kütləvi informasiya vasitələrinin "Azərbaycan” nəşriyyatına borclarının ləğv edilməsi, milli mətbuatımızın yubileylərinin ölkə miqyasında geniş şəkildə qeyd olunması, Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının qəbul edilməsi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təsis olunması, jurnalistlərin mənzil probleminin həlli məqsədi ilə yüzlərlə mətbuat nümayəndəsinə dövlət hesabına mənzillər verilməsi və s. dünyada analoqu olmayan prosesdir və bu gün də davam etməkdədir.
Bu baxımdan cənab İlham Əliyevin iki dəfə "Jurnalistlərin dostu” seçilməsi heç də təsadüfi fakt deyil. Bu, "Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu, çox çətin işdir. Bu işdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər. Biz bunu da bilirik. Ona görə jurnalistlərin sosial müdafiəsi, məişət problemləri həllini tapmalıdır” - deyən dövlət başçımızın əsl dost xarakterinin, dostcanlı olmasının birmənalı ifadəsidir.
Heç şübhəsiz, Azərbaycanda azad medianın mövcud olmasını həm özünün şəxsi fəaliyyəti, həm də başçılıq etdiyi dövlətin iradəsi ilə həyata keçirmiş Prezidentin tövsiyələri Vətəni sevən, peşənin beynəlxalq prinsiplərini əsas götürən böyük jurnalist ordusu üçün əsl yaradıcılıq məktəbidir. Ölkə başçısı hər zaman jurnalistlərin üzərinə düşən məsuliyyətin böyük olduğunu deyir, hər bir jurnalistin bu məsuliyyəti dərindən dərk etməsinin zərurətini vurğulayır. Bu həm də onu göstərir ki, cənab İlham Əliyev bir çox digər fəaliyyət sahələrinə olduğu kimi, media sahəsinə də yaxından bələddir, onun problemsiz fəaliyyətini daim diqqətdə saxlayır!

Sələfinin layiqli davamçısı, əsl jurnalistika məktəbi

Bu gün Azərbaycanda azad mətbuat sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanaraq inkişaf edir və bu faktın ən bariz nümunələrindən biri "Azərbaycan” qəzetidir.
Eyni adlı sələfindən aldığı məşəli ləyaqətlə daşıyan "Azərbaycan” ölkə mediasında əsl jurnalistika məktəbi hesab oluna bilər.
Ölkənin baş qəzeti - rəsmi dövlət qəzeti və Milli Məclisin orqanı kimi fəaliyyəti ilə yanaşı, ona xüsusi rəğbət oyadan bir cəhət də hər zaman dövlət və vətəndaş mövqeyindən çıxış etməsidir.
Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində "Azərbaycan” qəzetinin rolu xüsusi qeyd olunmalıdır. O, fəaliyyətini müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsipləri üzərində qurub, xalqımızın maraqlarını daim müdafiə edir, cəmiyyətimizin tərəqqisi, qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin, milli maraqlarımızın qorunması, dövlətimizin nüfuzunun daha da yüksəldilməsi işinə öz töhfələrini verməkdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və "Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə xalqımızın multikultural, tolerant, milli-mənəvi və dini dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasətin təbliği, eləcə də cəmiyyətimizin mənəvi dayaqlarının möhkəmlənməsi məqsədilə respublikanın ayrı-ayrı bölgələrində konfranslar, "dəyirmi masa”lar keçirilib.
Quba şəhərində "Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi” mövzusunda keçirilən konfransda ölkəmizin uğurlu multikulturalizm və tolerantlıq modeli müzakirə olunub, etnik-mədəni və dini müxtəlifliklərin qorunmasının zəruriliyi vurğulanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə isə "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan "Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı olub. Film "Ruhlar şəhəri” adlanan Ağdama, Qarabağ ağrı-acılarına, faciələrinə həsr olunub. Erməni vəhşiliklərinin ifşasına, habelə məcburi köçkünlərin yurd həsrətinə və torpağa bağlılığına həsr edilən filmin ölkəmiz, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ haqqında həqiqətlərin bir daha dünyaya çatdırılması baxımından çox böyük əhəmiyyəti vardır.
Ölkəmizdə dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi, dövlətçilik maraqlarının qorunması və təbliği baxımından medianın rolu çox yüksəkdir. Bu mənada "Azərbaycan” qəzetinin bu cür maarifləndirmə prosesində təşəbbüskarlığı və yüksək səviyyədə iştirakı təqdirəlayiq və nümunəvi addımdır.
"Azərbaycan” qəzeti davamlı olaraq Dövlət Komitəsinin fəaliyyətini işıqlandırmaqla ölkədə ideoloji sahədə aparılan maarifləndirmə işinə öz dəyərli töhfəsini verməkdədir. Əminəm ki, Dövlət Komitəsi ilə "Azərbaycan” qəzetinin birgə fəaliyyəti bundan sonra da davam edəcək.
İllərdir aparılan müşahidələr də göstərir ki, bu qəzet üçün qadağan olunmuş mövzu və toxunulmaz şəxslər yoxdur, çünki dövlətçiliyin və dövlətin mənafeyi hər şeydən öndədir. Sözsüz ki, bu prinsipial mövqe, ilk növbədə, baş redaktorun - əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqovun kollektivin qarşısına qoyduğu tələblərdən irəli gəlir.

Söz qalasının mübariz keşikçisi

Bəxtiyar müəllim yeni dövr Azərbaycan jurnalistikasının qaynar mühitində formalaşmış təcrübəli media kapitanlarındandır. Onun insan qəlbini oxşayan yazı üslubu ilə qələmə aldığı məqalələrinin, kitablarının əsas süjet xətti vətənpərvərlikdir. Ruhu yazı-pozu ilə yoğrulan, qəlbi yazıb-yaratmaq eşqi ilə döyünən, xalq üçün, dövlət üçün faydalı nəsə yazmaqdan mənəvi zövq alan Bəxtiyar Sadıqov istər müəllif yazılarında, istərsə də mətbuata açıqlamalarında tez-tez cəmiyyəti narahat edən problemlərə toxunur.
Onun mətbuatımızın, jurnalistikamızın üzləşdiyi problemlərdən, eyni zamanda, yazılı və elektron mediada milli-mənəvi dəyərlərimizə vurulan zərbələrdən ürək ağrısı ilə, vətəndaş təəssübkeşliyi ilə söz açması təkcə mətbuatın qeydinə qalan usta qələm sahibi deyil, həm də ölkənin gələcəyinin təəssübünü çəkən əsl vətəndaş xarakterinin nümunəsidir.
"Dünya SÖZlə yaranıb, sözlə yaşayır, SÖZlə idarə olunur. SÖZ ürəyin açarı, düşüncənin gerçəkliyidir. Elə ki, SÖZün yerinə silahlar danışır, onda fəlakət başlayır” - deyir Bəxtiyar müəllim və bütün yazılarında təkcə SÖZün qüdrətinə, çəkisinə məsuliyyətlə yanaşan, qələmindən, dilindən çıxan hər SÖZün, hər fikrin mənasının, təsirinin, yozumunun fərqinə varan SÖZ QALASININ KEŞİKÇİSİ kimi çıxış etmir, eyni zamanda, oxucuya SÖZün dəyərini, rayihəsini, ritmini hiss etdirir.
Bəxtiyar Sadıqovun Heydər Əliyev siyasi kursuna, məktəbinə sadiqliyinin tarixi hələ müstəqilliyimizin bərpasından əvvəlki illərə gedib çıxır.
Bu gün isə o, həmin kursun ən sadiq davamçısı Prezident İlham Əliyevin ideoloji cəbhəsində yer alan ən mübariz döyüşçülərdəndir.
Elə 2005-ci ildə "Əməkdar jurnalist” fəxri adına, iki dəfə "Qızıl qələm” mükafatına layiq görülməsi onun yaradıcılığına verilən ali dəyərin rəsmi təzahürüdür.
Bəxtiyar Sadıqov xalqına həm də millət vəkili kimi illərdir xidmət edir, ölkənin ali qanunverici orqanında qəbul olunan qanunların, müxtəlif ictimai, iqtisadi, siyasi məsələlərin müzakirəsində fəal iştirak edir və bu zaman yalnız dövlətçiliyin möhkəmlənməsinə yönəlmiş mövqe ortaya qoyur.
Millət vəkili kimi uzun müddətdir doğulub-boya başa çatdığı Ağdamdan etimad qazanması Bəxtiyar müəllimin yurduna bağlı, el-obasında böyük nüfuz sahibi olduğunun sübutudur. Onunla parlament binasında çiyin-çiyinə çalışdığımız illər, yüksək intellekt sahibi, doğma yurd nisgilini bir an belə unutmayan bu insanın vətənpərəvər obrazı hafizəmin ən dərin hissəsində qürurverici xatirə kimi qalmaqdadır.
İnsanın zəhməti və böyük əzmi hesabına çata bilməyəcəyi arzusu yoxdur, məncə. Və mən əminəm ki, Bəxtiyar müəllim öz zəhməti, mübarizliyi sayəsində arzularının bir çoxuna çatıb, ancaq o, hələ də ən böyük arzusunun tezliklə reallaşacağı - bir vaxtlar "Qarabağın toy otağı” adlandırılan, bu gün isə "Ruhlar şəhəri”nə çevrilən Ağdama, işğal altındakı torpaqlarımıza qayıdacağı günü səbirsizliklə gözləyir.
Necə ki biz həm o günü, həm də onun o BÖYÜK GÜNə həsr edəcəyi məqaləsini, o torpaqlardan hazırlayacağı reportajı səbirsizliklə gözləyirik! İlk sayını Bakının erməni işğalından azad olunmasına həsr edən qəzetdə bir gün Qarabağın da erməni işğalından azad olunduğu xəbərini oxumaqdan daha gözəl nə ola bilər ki?!
"Ruhlar tezliklə şəhərə qayıdacağımıza və onu yenidən, əvvəlkindən də yaxşı tikib-quracağımıza inanırlar!” - dediyiniz o gün uzaqda deyil, zamanında deyiləcək bir SÖZ qədər yaxındadır, Bəxtiyar müəllim!

Yubileyiniz, yubileyimiz mübarək!

Mübariz QURBANLI,
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə 
Dövlət Komitəsinin sədri