Şriftin ölçüsü:

Saytın rəngi:

26.05.2017 / Bölgə xəbərləri

Şəkidə “Azərbaycan Xalq Cümhuriyyəti və dini dəyərlər” mövzusunda konfrans keçirilib

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 28 May – Respublika günü münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti  və dini dəyərlər” mövzusunda konfrans keçirib.
Konfransda DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, QMİ-nin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının regional bölməsinin rəhbəri Rahim Həsənov, Şəki Regional Elm Mərkəzinin əməkdaşı Elşən Aburahmanov, din xadimləri, məktəb müəllimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında danışaraq qeyd edib ki, Xalq Cümhuriyətinin yaranması xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil edib, tarixi yaddaşımızın formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. Şöbə müdiri bildirib ki, Azərbaycanın müstəqillik uğrunda mübarizəsində İslam amili də xüsusi rol oynayıb, milli intibah, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimləri yaxından iştirak ediblər. 
AMEA-nın Şəki Regional Elm Mərkəzinin əməkdaşları Elşən Abdurrahmanov “XIX əsrdə ictimai-siyasi vəziyyət və müstəqilliyə aparan yol”, Rahim Həsənov “Şərqdə multikultural dəyərlərin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin rolu” mövzularında geniş məruzə ilə çıxış ediblər.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinə nəzər salıblar. Bildirilib ki,  Xalq Cümhuriyyətinin varisi hesab edilən müasir Azərbaycan Respublikasında başda ölkə Prezidenti cənab İlham Əliyev olmaqla milli-mənəvi dəyərlərimizə böyük diqqət və qayğı göstərilir.