Şriftin ölçüsü:

Saytın rəngi:

08.04.2025 / Bölgə xəbərləri

Qusarda milli-mənəvi dəyərlər mövzusu müzakirə olunub

Aprelin 8-də Qusar rayonunun Samur qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər: nəsillərarası körpü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışçılar bildiriblər ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.