Şriftin ölçüsü:

Saytın rəngi:

25.05.2017 / Bölgə xəbərləri

Məktəblilər üçün “Fitnə” sənədli filmi nümayiş etdirilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı  Taxtakörpü ərazisindəki Alxaslı kənd tam  orta məktəbində pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı  Cabir Əvəzzadə  “Fitnə” filmi haqqında məlumat verərək bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri də dini radikalizmdir. Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb.
Sonra “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra iştirakçılar tərəfindən ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirilib. Filmdə toxunulan məsələlərin yuxarı sinif şagirdləri arasında geniş təbliğ olunmasının və gənc nəslə dini radikalizmin mənfi tərəflərinin çatdırılmasının vacibliyi vurğulanıb.