Şriftin ölçüsü:

Saytın rəngi:

08.07.2024 / Bölgə xəbərləri

Lənkəranda “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda tədbir keçirilib

İyulun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Lənkəran bölgəsi üzrə şöbəsi ilə birgə “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Mərkəzin direktoru Mehman Əliyev, "Zəngəzur Cəmiyyətləri" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda tədbirin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanının 3 illiyinə həsr olunduğu bildirilib. İşğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı dirçəliş, tikinti, abadlıq işləri aparıldığı vurğulanaraq bildirilib ki, daha bir əhəmiyyətli, məntiqli addım Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması olub. Ənənəvi sosial-iqtisadi, tarixi-mədəni, coğrafi bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi Zəngəzurun bütövləşməsinə, şərqi ilə qərbinin qovuşmasına, 1933-cü ildən coğrafi xəritələrdən silinmiş Zəngəzur adının yenidən bərpasına, Azərbaycanla Naxçıvan və Türkiyəyə, Türk dünyasına birbaşa quru yolun açılmasına da stimul olub.

Tədbir müzakirələrlə davam edib.