Mayın 26-da İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhər “Cümə” məscidində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, ziyalılar, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şəhzadə Bilalov bildirib ki, Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət olunmalı, dini ayin və mərasimlər yalnız məscidlərdə keçirilməlidir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşdə çıxış edərək Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib. Natiq çıxışında Ramazan ayı da daxil olmaqla istənilən dini bayramların və dini mərasimlərin həyata keçirilməsi üçün dövlətin yaratdığı şəraitdən bəhs edib.
Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə görülən işlərdən danışıb.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.