Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Digah qəsəbə “Cümə” məscidi dini icması tərəfindən “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” layihəsi çərçivəsində “Dini radikalizm və onunla mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, dini icmanın sədri Rza Salmanov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri R. Salmanov mövzu ilə bağlı məlumat verərək dinimizdə ailə dəyərlərinə böyük önəm verildiyini söyləyib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov qeyd edib ki, ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi bütün dünyada aktual problemdir. Natiq onu da qeyd edib ki, Azərbaycan ailəsi hər zaman möhkəmliyi ilə örnək olub. Bu da milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından və müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.