Şriftin ölçüsü:

Saytın rəngi:

26.05.2017 / Bölgə xəbərləri

Astara və Bərdədə Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib

Mayın 25-də Astara şəhər Qum məscidində Astara Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar olaraq tədbir  keçirilib.
Tədbirdə Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, Astara şəhər Qum məscidinin axundu və icma sədri İlqar Həsənov, rayonun dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev açaraq Ramazan ayının başlanması münasibəti ilə dindarları təbrik edib, ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu, dövlətin hər zaman dinə və dindarlara qayğı göstərdiyini vurğulayıb.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, Qum məscidinin axundu və icma sədri İlqar Həsənov çıxışında QMİ-nin sədri şeyxulislam Hacı Allahşükür Paşazadənin tapşırıqlarını icma sədrlərinə çatdırıb. Ramazan ayının gəlişi ilə əlaqədar olaraq tədbir iştirakçılarına QMİ-nin Qazılar şurasının fətvasını oxuyub.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə Ramazan ayında azan vaxtlarının QMİ-nin tərtib etdiyi təqvimə uyğun olaraq verilməsini və dini ayin və mərasimlərin qanunvericilik çərçivəsində yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və QMİ-nin Ramazan ayı üçün hazırladığı təqvimlər paylanılıb. 
                                                                          ***

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Qafqaz Müsalmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bərdə rayonu “Cümə” məscidində birgə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə rayon “İmamzadə” məscidi dini icmasının sədri və QMİ-nin Qarabağ bölgәsi üzrә sәlahiyyәtli nümayәndәsi, bölgә qazısı Ramazan Hüseynov, Bərdə rayonunda yerləşən dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Qarabağ bölgәsi üzrә sәlahiyyәtli nümayәndәsi, bölgә qazısı Ramazan Hüseynov QMİ-nin fətvası və  görüləcək tədbirlər barədə məlumat verib, müqəddəs Ramazan ayı barədə fikirlərini söyləyib. Ramazan Hüseynov bildirib ki, qarşıdakı ay boyunca  QMİ tərəfindən verilmiş  Ramazan ayı təqvimindən başqa təqvimlərdən istifadə olunmasının qarşısını almaq üçün din xadimləri diqqətli olmalı və müvafiq orqanlarla mütəmadi fikir mübadiləsi aparmalıdırlar.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov Ramazan ayı da daxil olmaqla istənilən dini bayramların və dini mərasimlərin həyata keçirilməsi üçün dövlətin yaratdığı şəraitdən bəhs edib, dindarların və din xadimlərinin müvafiq qanunvericiliyin tələblərinə riayət edəcəklərinə əmin olduğunu vurğulayıb. Rahib İbrahimov  kənardan ümumi İslami dəyərlərə zərbə vuran cərəyanların və xurafat meyillərinin Azərbaycana istənilən yolla  ayaq açması cəhdlərinin qarşısını almaq üçün mübarizə aparmağın labüd olduğunu qeyd edib.
Sonda tədbir iştrakçılarını maraqlandıran suallar cavablandırılıb.