Şriftin ölçüsü:

Saytın rəngi:

08.04.2025 / Bölgə xəbərləri

Abşeron rayonundakı N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Aprelin 8-də Abşeronda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli- mənəvi dəyərlərin inkişafı və qorunub saxlanılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi Famil Gülməmmədov, Sumqayıt şəhər “Cümə” məscidinin imamı Gülağa İsmayılov və hərbçilər iştirak ediblər.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və dövlət himninin oxunması ilə başlanıb.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edilib. Bildirilib ki, Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Diqqətə çatdırılıb ki, bu uğurlu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır.