Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Bəyanat
29.03.2021 / Bəyanat

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının iradəsini ifadə edərək, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

Bütün müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayət, bir insanı yaşatmaq isə bütün bəşəriyyəti yaşatmaq qədər savabdır. Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardan hesab olunur. Faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır və bu dəhşətli hadisələrin tarixi mahiyyətini dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini verməlidir.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin uydurma “böyük Ermənistan” xülyası ilə azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq yönündə atdıqları addımlar bu ərazilərdə tarixən yaşayan azərbaycanlılara və digər xalqlara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terror və vandalizm əməlləri səbəbindən Azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan ərazisindəki doğma yurd-yuvalarından didərgin salındılar. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün də davam etməkdədir.

Tarixi faktlar bundan ibarətdir ki, 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılıb. Təkcə Mart soyqırımı — 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində — Şamaxı, Quba, Dərbənd, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin törətdikləri soyqırımı nəticəsində on minlərlə insan milli və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. 1918-ci il Mart hadisələrində təkcə 3 gün ərzində Bakı şəhərində 12 mindən çox azərbaycanlı soyqırımına məruz qalıb, şəhərin tarixi məscid və məbədlərinə təcavüz edilib; Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 min azərbaycanlı amansızlıqla qətlə yetirilib, Şamaxının mərkəzi Cümə məscidinə od vurulub, içərisinə doldurulmuş qadınlar, uşaqlar diri-diri yandırılıb; Lənkəran qəzasında 2 min insan qətl edilib;

1918-1920-ci illərdə ermənilər tərəfindən indiki Ermənistan ərazisində yerləşən Zəngəzur və İrəvan qəzalarında, İranın Azərbaycan vilayətlərində və Gürcüstanda yaşayan azərbaycanlı əhaliyə, Qubada və Dərbənddə, həmçinin, yəhudi əhaliyə qarşı həyata keçirilən soyqırımı tarixi sənədlərdə öz əksini tapıb. Belə ki, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı öldürülüb; İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilib və əhalisi soyqırımına məruz qalıb; Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120 mindən artıq azərbaycanlı qətlə yetirilib; Gürcüstanın azərbaycanlılar yaşayan Borçalı mahalında, Tiflisin azərbaycanlılar yaşayan tarixi məhəllələrində 5 minə yaxın azərbaycanlı məhv edilib; Quba qəzasında, habelə Dərbənddə 16 mindən çox azərbaycanlı öldürülüb; 162 kənd dağıdılıb, 3 minə qədər yəhudi vəhşicəsinə qətlə yetirilib.

Tarixi arayış üçün bildirək ki, XX əsrin əvvəllərində erməni ekstremistlərinin kütləvi qırğın siyasətinin izləri Orta Asiyada, Türküstanda da mövcud olub. 1918-1922-ci illərdə Özbəkistanın Fərqanə vadisində ermənilər tərəfindən 35 mindən artıq özbək müsəlmanın həyatına son qoyulması, erməni daşnakları tərəfindən Kokand şəhərinin yandırılması, burada bir gün ərzində on mindən çox, Əndicanda isə beş minə yaxın insanın məhv edilməsi, Qırğızıstanda Suzak, Bazar-Korgon kəndlərinin bütün sakinlərinin güllələnməsi tarixi mənbələrdən məlumdur.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə də davam etdirildi. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Zəngəzurdakı, 1988-1990-cı illərdə isə Ermənistanın digər ərazilərindəki ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikası monoetnik dövlətə çevrildi.

Ötən əsrdə 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində təcavüz siyasətini davam etdirən Ermənistan dünya birliyi tərəfindən tanınan ərazilərimizin 20 faizini - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğal etdi, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları onların törətdikləri vəhşiliklərin ikrahdoğurucu nümunələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun bölmələri Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməşi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması ilə müşayiət olunmuş Xocalı faciəsi Holokost, Hernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıradadır və dünya tərəfindən soyqırımı kimi tanınmalıdır.

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək minlərlə tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbirstanlıqlarımızı, İslam, xristian və yəhudi məbədlərini məhv edib, həqarətə məruz qoyub, Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününkiləşdirib - erməniləşdirib, qriqoryanlaşdırıblar. Təkcə Qarabağ ərazisində fəaliyyətdə olan 67 məsciddən 64-ü Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi, kitabxanası abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

2020-ci il iyul-sentyabr aylarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhəddində və Azərbaycanın Qarabağ ərazilərində yeni hərbi təxribatlara başladılar və sentyabrın 27-də irimiqyaslı hərbi təcavüz edərək dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdilər. Bunun nəticəsi olaraq, Azərbaycan xalqı Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxdı, öz Ordusunun gücü ilə 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirdi, öz ərazi bütövlüyünü bərpa etdi.

Biz, Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar arasında, Uca Yaradanımızın müqəddəs kitablarda bizlərə buyurduğu kimi, qarşılıqlı anlaşmanın bərqərar edilməsinin tərəfdarıyıq. Azərbaycan dövlətinin siyasi xətti bundan ibarətdir ki, müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsinə görə, bölgədə, Azərbaycanda bütün xalqlar, o cümlədən, erməni əsilli Azərbaycan vətəndaşları birlikdə, bərabər hüquqlarla mehriban qonşuluq şəraitində yaşamalıdırlar.

Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni Apostol Kilsəsi bu istiqamətdə fəal çalışmalı, müharibə deyil, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir. Lakin təəssüflər olsun ki, erməni din xadimləri qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, xaricdəki erməni diasporunun və lobbisinin imkanlarını səfərbər edərək hazırda erməni terrorçuları və ekstremistlərinin revanşist, radikal, ksenofob, faşizm xislətli əməllərinə bəraət qazandırmağa çalışırlar. Öz işğalçı niyyətlərini, özgə torpağına iddialarını ört-basdır etmək üçün iftira təbliğatlarını dini zəmində təəssübkeşlik üzərində quraraq özlərini dünyaya məzlum qurbanlar kimi təqdim edirlər. Bir əlində xaç, bir əlində silah müharibə təbliğ edən, xalqını işğalçı müharibəyə, dinlərarası müstəvidə toqquşmaya sövq edən erməni kilsəsi öz məsuliyyətini, nəhayət, dərk etməlidir.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət edir, Vətənimiz Azərbaycanda erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlara siyasi-hüquqi qiymət verməyə, törədilmiş hadisələrin bütöv bir xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına çağırırıq.

Qoy Uca Yaradan hamımıza həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.