O Bir Olan Yaradanın adı ilə!
Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, Müraciətimizi Azərbaycan xalqına qarşı məkrli və ağlasığmaz cinayətlərlə müşayiət olunmuş bəşəri cinayətin - soyqırımın 100 illiyi ərəfəsində bütün dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.
Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırım cinayətlərinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti daima narahat edir.
Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində əksini tapan Azərbaycan əraziləri erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində xeyli azalmış, Qarabağ və ətraf rayonların işğalından sonra isə ərazilərimizin daha 20 faizi zəbt olunmuşdur. Qarabağ və Zəngəzura ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsi nəticəsində etnik vəziyyət süni surətdə və zorla dəyişdirildi. 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvan, Qarabağ, Şamaxı, Lənkəran, Quba qəzalarında və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdıldı.
Azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti sovet hakimiyyəti dövründə erməni şovinistlərinin və lobbisinin dəstəyi ilə məkrli metodlarla davam etdirildi. 20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində monoetnik Ermənistan Respublikası yaradıldı.
80-ci illərin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırlmasından istifadə edən erməni şovinistləri 300 minə yaxın azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. Ərazilərimizin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbirstanlıqlarımızı məhv etdilər. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.
Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti dünya ictimaiyyətinə açıqlanmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilməsi soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsi beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin daha geniş yayılması ilə səciyyələnmişdir.
Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırım əməllərinə dair təkzibolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Özlərini soyqırım qurbanı kimi təqdim edən erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri gerçək soyqırım cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaqdır!
Layiqli qiymətini almayan qətliamlar yeni-yeni bəşəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant köçkünlər ordusunun fəlakətlərinə zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı fəsadlarıdır.
Biz dövlətlər və xalqlar arası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunmasının tərəfdarıyıq. Lakin təəssüflər olsun ki, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, işğal etdikləri Qarabağ və ətraf rayonların ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılmasına dair Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bugünədək yerinə yetirməmişlər. Azərbaycanın illərdir beynəlxalq təşkilatlara etdiyi müraciətlərə rəğmən, Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətini almamışdir. Baxmayaraq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldurlarının Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməşi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilməsi, mahiyyəti etibarilə, Xocalı faciəsini Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıraya qoyur.
Müqəddəs Kitablarda əksini tapan həqiqət budur ki, Allahın yaratdığı bir insanı qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayətdir!
Biz, din xadimləri, dini konfessiya rəhbərləri bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
ALEKSANDR
Bakı və Azərbaycan arxiyepiskopu
Melih YEVDAYEV,
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Robert MOBİLİ,
Alban-Udi xristian icmasının sədri