Şriftin ölçüsü:
Saytın rəngi:
Prezident seçkiləri Azərbaycanın demokratiya yolu ilə inamla irəlilədiyini bir daha bütün dünyada nümayiş etdirdi. Bu siyasi hadisə əvvəlki seçkilər kimi bütün parametrləri ilə respublikamızın tarixinə şəffaf seçki kimi yazıldı.
Seçkilər bütün şəhər və rayonlarda olduğu kimi, Bakının Yasamal rayonunda da mütəşəkkil keçdi. Qeyd edək ki, Yasamal rayonu 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci, 17 saylı Yasamal üçüncü və 22 saylı Nəsimi - Yasamal Seçki dairələrini əhatə edir. Dünən baş çəkdiyimiz 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin 4, 5 və 6 saylı seçki məntəqələrinin qarşısında əsl qələbəlik idi. Seçici fəallığı bütün seçki məntəqələrində hiss olunurdu.
6 saylı məntəqə seçki komissiyasının sədri Tahirə Əliyeva bildirdi ki, seçki məntəqəsində hazırlıq işləri seçki qanunvericiliyi, müvafiq təlimatlar və təqvim planına uyğun olaraq vaxtında həyata keçirilib. Seçici siyahılarının dəqiqləşdirilməsi vaxtında başa çatdırılıb, bütövlükdə seçki hazırlığının hər bir mərhələsi vaxtında icra olunub. Seçki məntəqəsi üzrə 1216 nəfər seçici qeydə alınıb. Məntəqə seçki komissiyasının sədri əlavə etdi ki, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq səhər saat 7:30-da səsverməyə hazırlıq işlərinə başlayıblar. 7:50-də seçki məntəqələri açıq elan edilib və seçki qutuları kilidlənib, 8:00-da isə səsvermənin başlanması elan edilib.
Seçki məntəqəsindəki müşahidələrimiz zamanı səs vermək üçün gəlmiş Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı ilə söhbətləşdik. Seçki ilə bağlı təəssüratlarını bölüşən Mübariz Qurbanlı dedi ki, bu seçki bir sıra hadisələr baxımından olduqca əlamətdardır: "Əvvəla onu qeyd edim ki, ilk dəfədir ki, seçkilər torpaqlarımızın azadlığı şəraitində, bütün Azərbaycan ərazilərində keçirilir. İkincisi isə bu seçkilər ölkəmizdə çox şərəfli bir tarixi dövrün başa çatmasını, yeni inkişaf və quruculuq mərhələsinin başlanmasını şərtləndirir. İnanıram ki, xalqımız bu seçkidə də müdrikliyini nümayiş etdirəcək, Azərbaycana inkişaf və Zəfər bəxş edən siyasi kursun ətrafında həmişəki kimi səfərbər olacaq".
Mübariz Qurbanlı onu da bildirdi ki, Azərbaycanda demokratik seçki ənənələri formalaşıb və bütün seçkilərdə xalqımız sərbəst şəkildə öz iradəsini ifadə edib: "İndiyədək keçirilmiş seçkilərdə respublikamızın demokratik inkişafına kölgə salacaq hansısa hadisə baş verməyib. Seçkiləri izləyən müşahidə missiyaları da bunu təsdiq ediblər. Eyni zamanda respublikamızda seçkilərin keçirilməsində tətbiq olunan innovativ yeniliklər dünyada mühüm model və təcrübə kimi qəbul edilir. Seçkilər isə bu seçki məntəqəsinin timsalında göründüyü kimi seçici fəallığı ilə keçir və bu vətəndaşların ümummilli siyasi proseslərə olan münasibətinin göstəricisidir".
Komitə sədri onu da əlavə etdi ki, ötən seçki ilə indiki seçki arasında tarixi dəyişikliklər baş verib: "Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilib. Cənab İlham Əliyevin müdrikliyinin, qətiyyətli siyasətinin göstəricisi kimi torpaqlarımız azad edilib, Qarabağda erməni faşizminə son qoyulub. Seçki məntəqəsində gördüyümüz kütləvilik də bunu təsdiq edir. Vətəndaşlarımız ölkəmizə inkişaf və Zəfər bəxş edən siyasi kursun davamında maraqlıdırlar. Hesab edirəm ki, bu seçkinin ən mühüm hadisəsi cənab İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səs verməsidir. Bu, sıradan hadisə deyil, bu, əsrlərin, dövlətçilik tariximizin əlamətdar hadisəsidir. Olduqca qürurvericidir ki, əsrlər sonra da xatırlanacaq bu hadisələrin müasirləri və iştirakçılarıyıq".
Seçki məntəqəsində söhbətləşdiyimiz seçicilər seçki məntəqəsinə gələrək səs verməyi özlərinin vətəndaşlıq borcu olduğunu qeyd etdilər. Seçicilər birmənalı şəkildə bildirdilər ki, əsas arzuları torpaqlarımızı işğaldan azad edən siyasi kursun davamıdır və buna görə heç bir alternativi qəbul etmirlər.
"Azərbaycan" qəzeti