Noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Seçkilər yaxınlaşdıqca KİV-lərdə müxtəlif səpkili fikirlər səslənir. Təəssüf ki, bu fikirlər bəzən cəmiyyətdə ajiotaj yaratmağa, ictimai rəyi çaşdırmağa yönəlir. Son zamanlar cəmiyyətin dindar kəsimini düşünülmüş şəkildə bu çirkin niyyətlərə alət etmək cəhdlərinə də rast gəlirik. Ayrı-ayrı şəxslər dindarlar adından çıxış edərək, onların səsvermədə iştirak etməyəcəkləri və seçkiləri baykot edəcəkləri haqqında cəfəng iddialar səsləndirirlər.
Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Rüstəm Ramazanov qeyd edib ki, bəzi dairələrin reallığı əks etdirməyən bu cür fikirlər yayması qəbuledilməzdir. Çoxəsrlik tarixi köklərə malik mənəvi dəyərlərimiz və onun özəyini təşkil edən müqəddəs dinimizdən belə uğursuz cəhdlərdə vasitə kimi istifadə olunması təşəbbüsü dərin təəssüf hissi doğurur. Ölkə hüdudlarından kənarda özlərinə havadarlar axtaran, dini siyasiləşdirən şəxslərin, xüsusilə parlament seçkiləri öncəsi Azərbaycan dindarları adından əsassız fikirlər səsləndirməsi bəzi dairələrin bəd niyyətləri üçün dini inancdan yararlanmaq istəyindən xəbər verir.
Rüstəm Ramazanov bildirib ki, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda hansısa şəxsin, xüsusilə də əsl məqsəd və məramları bəlli olmayan dairələrin təsirində olan qeyri-legitim qurumlar, yaxud özlərini belə qurumların “rəhbər”ləri kimi təqdim edənlərin ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı var. Eyni zamanda özlərini “din alimi” kimi təqdim edənlərin başqalarının adından qeyri-obyektiv fikirlər yaymaq cəhdləri özlüyündə mənəvi və hüquqi məsuliyyət məsələsidir. Bu mövzuda çoxkonfessiyalılığı ilə səciyyələnən ölkəmizdə mövcud olan dini mərkəz, dini konfessiyalar və onların rəhbərləri münasibət bildirə və dindarlar adından danışa bilərlər. Birmənalı şəkildə demək olar ki, respublikamızda fəaliyyət göstərən dini icma və qurumlar seçki prosesində yaxından iştirak etməklə, özlərinin vətəndaşlıq borcunu yerinə yetirəcəkdir. Azərbaycan dövləti bütün sahələrdə uğurla inkişaf edir və seçicilər inkişafa, rifaha, sabitliyə səs verəcəklər.