Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
12.08.2016 / Açıqlama

Nicat Məmmədli: “ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlığı üzrə hesabatında qeyri-dəqiq informasiyalar kifayət qədərdir”

ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlığı haqqında 2015-ci il hesabatında əvvəlki illərdən fərqli olaraq ölkəmiz barədə xeyli pozitiv müddəalar öz əksini tapıb. Hesabatda Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və dinlərarası dialoqun təşviqi sahəsində mühüm işlər gördüyü, Azərbaycan cəmiyyətinin tarixən dinlərin dinc birgəyaşayışına nail olduğu, cəmiyyət müstəvisində dini azadlığın məhdudlaşdırılmasına dair heç bir hala rast gəlinmədiyi vurğulanır. Eyni zamanda qeyd edilir ki, Azərbaycan konstitusiyası insanların dini etiqad azadlığını qoruyur.
Bunu APA-nın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli bildirib.O qeyd edib ki, 
təəssüf ki, keçən ili əhatə edən hesabatda yenə də dəqiqləşdirilməmiş və qərəzli məlumatlar yer alıb. Bəzən bu məlumatlar gülüş doğursa da, bəzən tamamilə həqiqətdən uzaq iddialar təəccübə səbəb olur.
Məsələn, çox gülünc müddəalardan biri guya hansısa dindarın “gizli polis” tərəfindən həbs edilməsidir. Dövlət Departamenti kimi ciddi bir qurumun hesabatında belə bir informasiyanın əksini tapması təəssüf doğurur. Digər bir iddiaya görə məhkəmələr tərəfindən qanunların pozulmasına görə tətbiq edilmiş cərimələr gizli saxlanılır. Məlumdur ki, məhkəmə qərarları şəffafdır və ictimaiyyət bu barədə məlumatları rahatlıqla əldə edə bilir. Digər  tərəfdən, məgər bu hesabatı hazırlayanlar guya bu qərarlar nəticəsində hüquqları pozulmuş insanlardan cərimənin məbləğini öyrənə bilməzdimi?! Belə çıxır ki, məhkəmə cərimələrin məbləğini cərimə olunan şəxsin özündən də gizlədir?!
Azərbaycanda dini durum barəsində hesabat hazırlayan Dövlət Departamenti iddia edir ki, guya dövlət hansısa məscidlərdə imamları dəyişir. Hesabatın özündə də əks olunduğu kimi dövlət dini məsələlərə müdaxilə etmir, məscidlərdə imamların təyinatı və dəyişdirilməsi isə yalnız Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətindədir. Hesabat müəlliflərinin iddialarına görə dini icmaların qeydiyyatı prosesi çətindir. DQİDK dəfələrlə bildirib ki, ölkəmizdə dini icmaların qeydiyyatı proseduru kifayət qədər sadə və şəffafdır. Bu prosedur sözü gedən hesabatın ehtiva etdiyi 2015-ci ildə daha da sadələşmişdir. Məhz bunun nəticədir ki, 2015-ci ildə qeydiyyatdan keçmiş icmaların sayı əvvəlki illərə nisbətən artaraq 49-u müsəlman, 3-ü qeyri-müsəlman olmaqla 52 olmuşdur.
Təəssüf ki, ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlığı üzrə hesabatında belə qeyri-dəqiq informasiyalar kifayət qədərdir ki, bunun da əsas səbəbi informasiyanın etibarlı qaynaqlara deyil, qərəzli mənbələrdən əldə edilməsidir. Lakin buna baxmayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir daha bildirir ki, gələcəkdə bu kimi hesabatların daha obyektiv hazırlanması və ölkəmizdəki qarşılıqlı hörmətə və dialoqa əsalanan stabil dini durumu adekavt əks etdirməsi üçün bütün beynəlxalq institutlarla, o cümlədən ABŞ Dövlət Departamenti ilə əməkdaşlığa açıqdır.