Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
19.11.2015 / Açıqlama

Mübariz Qurbanlı: “YAP Ümummlli Lider Heydər Əliyevin ideyasının məhsulu idi”

 
“Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan Partiyadır. Faktiki olaraq hakim Partiya ümumxalq partiyasıdır. Cəmiyyətimizin avanqard hissəsi YAP-da birləşib”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 21-də qeyd olunacaq YAP-ın 23-cü ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, YAP Azərbaycanın çətin və böhranlı bir dövründə yaranıb: “Hakim Partiyanın tarixi Azərbaycan ictimaiyyətinə bəllidir. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında çox mühüm vəzifələr dayanırdı. Birinci növbədə, biz Azərbaycanımızın müstəqilliyini, dönməzliyini təmin etməli idik. İkincisi, dağılmış Sovetlər İttifaqının söykəndiyi sosial-iqtisadi sistemdən yeni sistemə keçidi həll etməli idik. Üçüncüsü, müstəqil dövlətin quruculuğu ilə əlaqədar əsaslı addımlar atılmalı idi. Bütün bunları həll etmək üçün ideoloji baza, siyasi lider, eyni zamanda bu vəzifələrin uğurla başa çatdırılması üçün kadrlar lazım idi. Aydındır ki, belə mühüm, ümummilli vəzifəni həll etməyə qadir lider, xalqın böyük sevgisini qazanan şəxsiyyət olmalı idi. Həmin dövrdə Azərbaycan xalqının hətta deyərdim ki, bəxti onda gətirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bu missiyanı yerinə yetirdi. Belə bir liderimizin həmin böhranlı dövrdə siyasi arenada olması və bu missiyanı öz üzərinə götürməsi tarixi hadisə idi”.
Mübariz Qurbanlı əlavə edib ki, YAP tarixi bir vəzifəni, missiyanı yerinə yetirmək zərurətindən meydana gəlib: “Partiyanın, xalqımızın lideri və o dövrdə ölkəni böhrandan çıxarmağa qadir olan şəxsiyyət Ulu Öndər Heydər Əliyevin belə bir siyasi təşkilatı yaratması həmin dövrün, zamanın tələbi idi. Məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı YAP, millətin qarşısında duran bu tarixi vəzifəni yerinə yetirməyə qadir olan bir Partiya kimi özünü göstərdi. Beləcə hakim Partiya tarixi sınaqdan çıxdı. YAP yarandıqdan sonra ümummilli vəzifələrin həyata keçirilməsi üçün ciddi səylər ortaya qoyuldu. Az zaman içərisində xalqın böyük dəstəyi ilə Partiya iqtidara gəldi. Ümummilli Lider xalqı öz ətrafında birləşdirərək YAP-ın kadrları, o cümlədən xalqın bütün təbəqələrinin dəstəyi ilə milli müstəqilliyimizin dönməzliyini təmin etdi, Azərbaycanın sosial-iqtisadi inkişaf modelini müəyyənləşdirdi, ilk dəfə olaraq xalqımızın müstəqil dövlət olaraq Konstitusiyası qəbul edildi, dövlət idarəçilik forması müəyyənləşdirildi, ictimai mülkiyyətdən liberal iqtisadiyyata keçid həyata keçirildi. Əlbəttə ki, bütün bunlar qarşıda duran vəzifələr idi. Tarixi zərurət, şərait, ölkənin qarşısında duran vəzifələr YAP-ı yaratdı. Hakim Partiya Ümummlli Liderin ideyasının məhsulu idi. Bu Partiya inkişaf edərək bugünkü səviyyəsinə çatıb. Bu gün YAP cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş o fundamental prinsiplərə söykənərək yeni, ümummilli vəzifələri həyata keçirməkdədir”.