“Azərbaycan mətbuatı içərisində “Səs” qəzeti müsbət mənada qocaman mətbuat sayılır. Müstəqillik illərinə qədəm qoyduğumuz dövrdə mətbuat nümunələrimizi təhlil etsək görərik ki, “Səs” qəzeti müstəqillik illərimizin qocaman mətbuatlarından sayılır”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı “Səs” qəzetinin 25 illiyi ilə əlaqədar fikirlərini bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan mətbuatının tarixi çox böyükdür: “XIX əsrdən başlayaraq Azərbaycanda mətbuatın yaranmasını, “Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabi məktəbini, Sovet dövründə Azərbaycan mətbuatını, eləcə də müstəqillik illərində yaranan mətbuat nümunələrini buna misal göstərə bilərik. Əlbəttə ki, indi çoxsaylı qəzetlər, internet saytları, televiziyalar, radiolar var. Amma müstəqillik ərəfəsində yaranan mətbuat nümunələrindən “Səs” qəzeti Azərbaycan tarixində özünəməxsus yer tutan qəzetlərdən biridir. “Səs” qəzeti Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan, müstəqilliymizlə birgə addımlayan qəzetlərdən sayılır.
Biz hələ müstəqillik Aktını qəbul etməmişdən öncə “Səs” qəzeti meydana gəlib və tariximizin səlnaməsini yaradan qəzetlərdən biridir. Bu qəzet 1990-cı illərin əvvəllərində Azərbaycan mətbuatında sayılıb-seçilən nümunələrdən biri kimi yaddaşlara hopmuşdu. O dövrdə “Səs” qəzetinin tirajı 30-40 minə qədər idi. Köşklərdə belə “Səs” qəzetini tapmaq mümkün deyildi. Bu bir həqiqətdir. İndiki qəzet, mətbuat bolluğunda bu tiraj əlbəttə çox böyük görünür. Çünki qəzetlərin heç biri bu tiraj səviyyəsində deyil. Bu da təbiidir. İnformasiya mübadiləsinin sürətlənməsi qəzet çap məmulatlarına tələbatı bir qədər azaldıb. Amma bütün bunlara baxmayaraq “Səs” qəzeti yenə də Azərbaycan mətbuatında öz səsini gur şəkildə eşitdirməkdədir”.
Mübariz Qurbanlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin bötüvlükdə müstəqillik ərəfəsində, illərində gördüyü işlərin təşviq və təbliğində “Səs” qəzeti müstəsna rol oynayıb: “Qəzet zamanında Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından əvvəl Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi dövrdə Bakıdakı siyasi hakimiyyətin səhvləri, ümummilli vəzifələrlə, Naxçıvanda görülən işlərlə, Ermənistanın təcavüzü və onun qarşısının alınması ilə bağlı söylədiyi dəyərli, qətiyyətli fikirləri ictimai rəyə ilk çatdıranlardan biri olub. "Səs" qəzeti Yeni Azərbaycan Partiyasının ayrılmaz tərkib hissəsi olan mətbu orqanlardan biridir. "Səs" Ümummilli Lider Heydər Əliyevin ideyalarını yayan və Azərbaycan mətbuat tarixinə izini qoyan qəzetlərdən biridir”.
O əlavə edib ki, “Səs”in bu fəaliyyətində qəzetin kollektivi əvəzsiz rol oynayıb: “Hələ də qəzetdə onun yaranmasından indiyədək fəaliyyət göstərən veteran səsçilər var. Mən onları öncədən təbrik edirəm. Qəzetin o dövrdə baş redaktoru olmuş Ağabəy Əsgərovun rolunu burada xüsusi qeyd etmək istərdim. Ulu Öndər qvardiyasının ən sayılıb-seçilən nümayəndələri “Səs” qəzetindən bir tribuna kimi istifadə ediblər. Təsadüfi deyildir ki, Ümummilli Liderə 91-lərin çağırışı, eləcə də Ulu Öndər Heydər Əliyevin 91-lərə cavabı ilk dəfə burada işıq üzü görüb. “Səs” qəzeti səsini hər yerə çatdırmağa qadir olan mətbuat orqanlarından biridir”.