Şriftin ölçüsü:
Saytın rəngi:
“Prezident İlham Əliyev tarixi missiyasını yeni uğurlarla, yeni zirvələr fəth etməklə davam etdirəcək”.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 15-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasındakı çıxışında səsləndirib. M. Qurbanlı bildirib ki, Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub və Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə ölkəmizi çox böyük irəliləyişə aparıb. İstər iqtisadi, siyasi müstəvidə, istərsə də beynəlxalq miqyasda Azərbaycan çox böyük nailiyyətlərə imza atıb. Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın dünya miqyasında bir çox məsələlərdə söz sahibinə çevrilməsi, o cümlədən Qoşulmama Hərəkatında Prezidentimizin rəhbərliyi ilə dünyanı düşündürən bir çox problemlərin BMT səviyyəsində gündəmə gətirilməsi cənab İlham Əliyevin tarixi xidmətləridir: “Bu tarixi xidmətlər, uğurlu missiya davam etməlidir və cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri kimi növbəti mərhələdə prezidentliyə namizəd olaraq irəli sürülməsi tarixi zərurətdir. Onun xalq tərəfindən dəstəklənməsi və qələbə qazanması isə aksiomadır. Əminəm ki, Prezident İlham Əliyev tarixi missiyasını yeni uğurlarla, yeni zirvələr fəth etməklə davam etdirəcək. Biz yeni zirvələrin fəthi istiqamətində Prezidentimizin yenidən namizədliyinin irəli sürülməsinə birmənalı şəkildə dəstək verəcəyik”.
M.Qurbanlı qeyd edib ki, Yeni Azərbaycan Partiyası və onun üzvləri Azərbaycan cəmiyyətinin bütün təbəqələrini özündə birləşdirir: “Əminəm ki, yalnız ölkə vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının gözü bu gün Vətəndədir. Çünki Azərbaycan onlar üçün istinad nöqtəsidir, bir mayakdır və Prezident İlham Əliyev də dünya azərbaycanlılarının lideridir. Ona görə də dövlət başçısı İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi, qeyd edildiyi kimi, tarixi zərurətdir”.