Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
21.08.2015 / Açıqlama

Mübariz Qurbanlı: “Miqrantların yaranması Avropanın ikili siyasətinin nəticəsidir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının SİA-ya açıqlaması.

“Avropanın miqrantlarla bağlı qəbul etdiyi qərar bizi bir tərəfdən təəssüfləndirir, bir tərəfdən təəccübləndirir, digər bir tərəfdən isə Avropada siyasi elitanın, siyasi dairələrin ikili standartdan çıxış etdiyini bariz şəkildə nümayiş etdirir. İnsan haqlarından, tolerantlıqdan, bərabərlikdən danışan Avropa siyasətçiləri, ATƏT-in iclaslarında ayrı-ayrı ölkələrdəki hadisələri şişirtməklə məşğul olanlar, Avropa Şurasının tribunasından öz siyasi məqsədləri üçün müxtəlif ölkələrə təzyiq vasitəsi kimi istifadə edənlər indi nə üçün susurlar? Nə üçün ikili yanaşmaya öz münasibətlərini bildirmirlər?”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, qərar qəbul edilməmişdən əvvəl miqrantların yaranma səbəbləri araşdırılmalı idi: "Miqrantların yaranması məhz elə Avropanın, Qərb ölkələrinin apardıqları ikili siyasətin məntiqi nəticəsidir. Yəni zamanında Şimali Afrikadakı, Yaxın Şərqdəki hadisələrə ikili yanaşılmasaydı, müəyyən proseslərə süni müdaxilələr edilməsəydi, müxtəlif ölkələrin daxili işlərinə siyasi məqsəd və maraqlar naminə qarışılmasaydı, indi də bu qədər miqrant yaranmazdı. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, o cümlədən dünyanın müxtəlif bölgələrində bütövlükdə 30-a yaxın münaqişə ocağı var. 30-a yaxın münaqişə ocağında qanlı savaş gedir. Bu savaşların kökündə iqtisadi bərabərsizlik, Avropanın özü üçün bir çətir düzəldərək qorunmaq üçün başqalarını istismar siyasəti, yeni imperializm siyasəti dayanır”.
Mübariz Qurbanlı, həmçinin, onu da qeyd edib ki, Avropa ölkələrində miqrantların yerləşdirilməsində müsəlmanlara qarşı ayrı-seçkilik edilməsi də elə həmin siyasətin bir hissəsidir: “Bu islamafobiyadır, insan haqlarına qarşı yönəlmiş siyasətdir, dünyanı bölmə siyasətidir, multikulturalizmə, tolerantlığa qarşı yönəlmiş siyasətdir. Bu da əlbəttə ki, insanlarda haqlı olaraq hiddət yaradır. Bütün bunlara son qoymağın bir yolu var. O da dünyada multikultural, tolerant dəyərlərə hörmət etmək. Ayrı-ayrı dinlərə görə, ayrı-ayrı konfenssiyalara görə yox, dünyada gedən hadisələri real olaraq nəticələrə uyğun şəkildə həll etmək lazımdır. Çox təəssüf ki, Qərb dünyası hələ də orta əsrlərdə olduğu kimi özünün maraqları naminə başqalarını güdaza vermək siyasəti yürüdür”.