Şriftin ölçüsü:
Saytın rəngi:
“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Heydər Əliyev Fondunun xalqımıza məxsus mədəni-dini irsin yenidən dirçəldilməsi istiqamətindəki fəaliyyəti xüsusi qeyd olunmalıdır”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yap.org.az saytına müsahibəsində bildirib. Komitə sədri deyib ki, 30 illik işğaldan sonra azad olunan ərazilərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımıza məxsus tarixi-dini abidələrin bərpası işlərinə başlanılıb: “Prezident İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Yuxarı Gövhər Ağa məscidinin təmir olunması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, “Qazançı” kilsəsində bərpa işlərinin aparılması və s. Azərbaycan dövlətinin milli-mənəvi, tolerant dəyərləri yüksək qiymətləndirdiyini göstərir”.
Mübariz Qurbanlı qeyd edib ki, bu il oktyabrın 3-də Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri zamanı orada ermənilərin dağıtdığı alban-udi və rus-pravoslav kilsələrində olması, hər iki ibadətgahda təmir və bərpa işlərinin aparılacağını bildirməsi Azərbaycan dövlətinin bütün dinlərə hörmətlə yanaşdığını ifadə edir.