Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
04.05.2018 / Açıqlama

Mehman İsmayılov: “Din xadimlərinə maddi dəstək veriləcək”

Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov Qafqazinfo.az saytına verdiyi açıqlamasında kütləvi informasiya vasitələrində və sosial mediada Fond tərəfindən din xadimlərinə ayrılan maddi dəstəklə bağlı aparılan geniş müzakirələrə aydınlıq gətirib:
“Son günlərdə kütləvi informasiya vasitələrində və sosial mediada Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə ayrılan maddi dəstəklə bağlı geniş müzakirələr aparılır. Qeyd edim ki, əksər hallarda yanlış olaraq bu dəstək din xadimlərinə əməkhaqqı verilməsi kimi göstərilir. Amma bu yanaşma doğru deyil. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi təyin edilmiş müəyyən sayda din xadiminə Fondla din xadimləri arasında bağlanan müqavilə əsasında maddi dəstək verilməsi nəzərdə tutulub.
Bir daha qeyd edim ki, bu, əməkhaqqı deyil. Əməkhaqqı əmək müqaviləsinə əsasən daimi verilir. Bu məsələdə isə Fondla din xadimləri arasında bağlanan müqavilə 10 ay üçün nəzərdə tutulub. Gələcəkdə müqavilənin müddəti uzadıla bilər. Müqavilədə bir sıra öhdəliklər var və din xadimləri bu dəstəyi sözügedən öhdəliklərə əməl etmək şərtilə ala biləcəklər. Bu öhdəliklərə əməl etməyənlərə maddi dəstək kəsilə bilər. Hörmətli mətbuat nümayəndələrindən sözügedən mövzuya toxunarkən cəmiyyətdə çaşğınlıq yaranmaması üçün bu məqamı diqqətə almalarını xahiş edirəm. ”