“Ümumiyyətlə Dağlıq Qarabağ işğal altındadır. DQ-a bitişik 20 faiz ərazilərimiz hələ də Ermənistan dövləti tərəfindən işğal altında saxlanılır. Bizim işğal olunmuş ərazilərimizdə isə Azərbaycana maddi və mənəvi zərbələr vurulub”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Dağlıq Qarabağdakı məscidlərin dağıdılması, viran edilməsi hallarına və buna dünya birliyinin biganə qalmasına münasibət bildirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, işğal olunmuş ərazilərdə çoxsaylı abidələrimiz, məscidlər, kitabxanalar, mədəniyyət evləri, o cümlədən tarixi etnoqrafik məskənlər, tarixi əhəmiyyət kəsb edən yerlər dağıdılıb, məhv edilib: “Bununla belə, ekologiyamıza böyük zərbə vurulub, meşələr yandırılıb və s. Bütövlükdə götürdükdə bütün bunlar ABŞ-ın, Avropa Şurasının, ATƏT-in qəbul etdiyi sənədlərə, konvensiyalara ziddir. Bunlar insanlıq əleyhinə törədilmiş cinayətlərdir. Əlbəttə, bu tipli cinayətlərə qarşı adekvat olaraq beynəlxalq təşkilatların müvafiq qərarlar verməsi, addımlar atması zəruridir”.
M.Qurbanlı bildirib ki, ATƏT-in Faktaraşdırıcı missiyası bölgəyə dəfələrlə səfərlər edib: “Missiya Ermənistanın vurduğu ziyanlarla bağlı burada müəyyən məruzələr hazırlayıb. Bütünlüklə Ermənistanı ittiham edən, işğalçı ölkənin törətdiyi bu cinayətlərə görə rəsmi İrəvana qarşı beynəlxalq təşkilatlar tərəfindən hansısa sanksiyalar tətbiq edilməyib. Biz bunu qətiyyətlə pisləyirik. Bütün bunlar beynəlxalq təşkilatların ikili standartının nəticəsidir”.