Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
11.03.2024 / Açıqlama

Gündüz İsmayılov: "Fransada dövlət sektorunda müsəlmanlara qarşı ayrı-seçkiliyə özəl sektordan daha çox rast gəlinir"

Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarına özəl sektordakından daha çox rast gəlinir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda söyləyib.

Avropa ölkələrində islamofobiyanın güclənməsinin səbəblərindən bəhs edən Dövlət Komitəsi sədrinin müavini bildirib: “Bəzi Avropa ölkələrində islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. 2019-cu ildə Fransada islamofobiya halları dövlət müəssisələrində 369 təşkil edib, özəl sektorda isə 197 olub”.

Avropada müsəlmanlar üçün ibadət evlərinin tikilməsi ilə bağlı problemlərdən söz açan G.İsmayılov deyib ki, əhalisinin təqribən 10 faizi müsəlman olan Fransada 2500 məscid var. Həmin 2500 məscidin mütləq əksəriyyəti bir otaqdan ibarətdir. Fransa nümunəsində müsəlman icmalarının İslam adətlərinə uyğun məscidlər tikməyə maddi imkanları yoxdur. Fransa dövləti isə digər ölkələrdəki müsəlmanlardan maddi dəstək alınmasını qəbul etmir. Bunu “Fransanın islamlaşdırılması” adlandırır.