Şriftin ölçüsü:
Saytın rəngi:
“Şuşada keçirilən “Xarıbülbül” festivalını Azərbaycanın Ermənistan üzərində mədəni və mənəvi qələbəsinin paradı kimi xarakterizə edirəm”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan televiziyasının “Əsas məsələ” proqramında çıxışı zamanı qeyd edib. Ramazan bayramı ərəfəsində “Xarıbülbül” festivalının keçirilməsinin, Prezident İlham Əliyev tərəfindən Şuşada yeni məscidin bönövrəsinin qoyulmasının əhəmiyyətli hadisə olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədr müavini Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində bayram namazının qılınmasından da danışıb: “Uzun illərdən sonra Şuşada ilk dəfə, özü də vəhdət formasında bayram namazının qılınması ilə dünyaya mesaj verdik ki, müxtəlif dinlərin, məzhəblərin nümayəndələrini respublikamızda bir aya gətirərək, müxtəlifliyi zənginliyə çevirmişik. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Bakı şəhərində vəhdət namazları qılınıb. İşğaldan azad olunmuş Şuşa şəhərində isə ilk dəfə idi. Bu, onu deməyə əsas verir ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də vəhdətin – dini həmrəyliyimizin paytaxtıdır”.
Azərbaycanın multikultural, tolerant ölkə olduğunu bildirən Gündüz İsmayılov deyib ki, multikulturalizm müxtəlif mədəniyyətlilik deməkdir: “Müxtəlifliyə bir gözlə baxsaq parçalanma yarada bilər. O biri gözlə baxsaq isə müxtəliflik zənginlik deməkdir. Zənginlik isə gücdür. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə həm də Azərbaycan multikulturalizminin qələbəsidir”.