Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə son günlər baş verən hadisələrin dindarların narazılığı zəminində baş verməsi ilə bağlı iddialara münasibət bildirib.
M. Qurbanlı APA-ya müsahibəsində bildirib ki, Gəncədə dini durum, dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb və yoxdur: “Gəncədəki məscidlər normal şəkildə fəaliyyət göstərir, inanclı insanlar ibadətlərini edirlər. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən o məscidlərə rəsmi din xadimləri təyin olunub, bu ildən isə Mənəvi Dəyərlərin Təbliği Fondunun vasitəsilə məscidlərdə rəsmi təyinatı olan din xadimlərinə maddi dəstək verilir. Bundan başqa, respublikanın digər yerlərində olduğu kimi, Gəncədə də silsilə dini maarifləndirmə tədbirləri keçirmişik. Xüsusilə də “İmamzadə” kompleksinin əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi ilə inanclı insanlara daha geniş imkanlar yaradılıb. Yəni Gəncədə kimlərsə dini ayinlərin icrasına hansısa formada maneələr olur deyərək, hadisəni dinə bağlamağa çalışırlarsa, bu, tamamilə əsassızdır. “İmamzadə” kompleksində ətraf bölgələrdən də inanclılar toplaşaraq rahat şəkildə Aşura mərasimlərini qeyd edirlər. Amma bir neçə ildir ki, bu cür təxribatçı qruplar Gəncədə Aşura günlərində polisi təxribata çəkərək qarşıdurma yaratmağa çalışırlar. Ötən il bunu açıq formada etdilər və bir neçə polisə də zərər yetirdilər. Yəni son hadisəyə qədər bu formada müəyyən qrupların hazırlandığı, Gəncədə təxribat törətmə planları müşahidə olunurdu. Ancaq qarşısını almaq üçün Dövlət Komitəsi, QMİ, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə proflaktik tədbirlərimizi görürdük. Ümumilikdə Azərbaycanda insanların dini ayinlərdə iştirakı miqyasına görə əhalinin 3-4 faizini təşkil edir. Başqa bölgələrlə müqayisədə Gəncədə də bu rəqəm yüksək deyil”.
Komitə sədri deyib ki, istər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkili, istərsə də ardınca iki yüksək rütbəli polis zabitinin şəhid edilməsi sırf xarici və daxili qüvvələrdən qidalanan bir qrup ekstremist və radikalların əməlidir: “Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr təbii ki, bəzi dairələri narahat edir. Bu da onların daxildəki təxribatçı qüvvələri işə salması, təəssüf ki, bəzi gənclərin də buna alət olması ilə nəticələnir. Cinayəti törədən qatillərin əməlləri onların kimliyini bir daha göstərir. Amma bu kimi hallar Azərbaycan dövlətini sarsıda bilməz. Onlar qanunun ən sərt üzü ilə cəzalarını alacaqlar. Azərbaycanda dini kəsimə yüksək dövlət qayğısı var, bizdə dinlər və dindarlar fəaliyyətlərində azaddırlar”.