Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
07.06.2016 / Açıqlama

Dövlət Komitəsinin sədri: “Azərbaycan İslam dünyasında vahid dini təqvim sisteminin tətbiqinin tərəfdarıdır”

“Bu yaxınlarda Türkiyədə dini bayramların İslam ölkələrində eyni gündə keçirilməsi ilə bağlı böyük bir toplantı keçirilib. Həmin tədbirdə bu məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, İslam ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin”.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, hazırda bu məsələnin üzərində iş gedir: “Burada əsasən aparıcı İslam ölkələrinin atacağı addımlar önəmlidir. Tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də hansısa bir qətnamə qəbul edilməlidir”.
 Mübariz Qurbanlı onu da deyib ki, bu məsələdə Azərbaycanın mövqeyi İslam dünyasında vahid təqvim sisteminin tətbiq olunmasından ibarətdir: “Burada hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır. Biz İslam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, hələlik müzakirə olunur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr keçirildikcə Azərbaycan mövqeyini bildirəcək”.