Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
10.02.2022 / Açıqlama

Dövlət Komitəsi ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının çağırışına münasibət bildirib

“Son günlər dövlətimizin din siyasəti ilə bağlı bəzi xarici kütləvi informasiya vasitələri tərəfindən yayılmış qərəzli məlumatlarla əlaqədar qeyd etmək istərdik ki, Azərbaycan mənsubiyyətindən asılı olmayaraq, öz dini-mədəni irsinə tarixən formalaşmış birgəyaşayış ənənələri, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq hörmətlə yanaşır”.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının sədrinin çağırışına münasibət bildirərkən deyib.

“Əlbəttə ki, bu, böhtan xarakteri daşıyır. Hamımız bilirik və dünya ictimaiyyəti də xəbərdardır ki, Azərbaycan daim dini mənsubiyyətindən asılı olmayaraq, bütün dini-tarixi abidələri qoruyub, onların orjinallığını saxlayıb. Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, burada tarixən formalaşmış kilsələrin qalması buna sübutdur. Xristianlığın bütün cərəyanlarına aid olan, o cümlədən də Erməni Qriqoryan kilsəsi minlərlə qədim əlyazma ilə birlikdə uzun illər davam etmiş münaqişəyə rəğmən Bakının mərkəzində qorunub saxlanılır. Vaxtilə Bakıda səfərdə olmuş ermənilərin katalikosu da bunun şahidi olub. Azərbaycanın dövlət siyasəti multikulturalizm, tolerantlıq prinsiplərinə söykənir”, - o bildirib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycanın müstəqillik tarixində heç bir dini-mədəni abidənin dağıdılması və ya dəyişdirilməsi faktı qeydə alınmayıb: “44 günlük Vətən müharibəsi müddətində belə Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməyib. Bu faktı xarici jurnalistlər də dəfələrlə təsdiqləyiblər.

Təəssüf ki, nədənsə Azərbaycanı ittiham edənlər Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində, eləcə də bugünkü Ermənistan ərazisində etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, məscid və ziyarətgahları dağıtması və yarıuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırmasına göz yumurlar”.

Əli Həziyev diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə vaxtilə 67 məscid olub, lakin onun sadəcə 2-si qalıb: “Biri nisbətən salamat vəziyyətdədir, digərini də fars məscidi adı altında təmir etdiriblər. Bu da bir növ Azərbaycan irsinin silinməsi, tarixin saxtalaşdırılması aktıdır.

Hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdəki Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa ediləcəyi bəyan edilib, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başladılıb. Eyni zamanda, Azərbaycan tərəfindən müxtəlif kürsülərdən ən yüksək səviyyədə dəfələrlə bildirilib ki, bütün ölkə miqyasında olduğu kimi, Ermənistan işğalından azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və onların qorunması Azərbaycan dövlətinin öhdəliyidir. Bu baxımdan hazırda azad edilmiş ərazilərdəki məscidlər və kilsələrin bərpa və yenidənqurma işlərinin aparılması qeyd edilənlərin əyani təcəssümüdür. Misal olaraq, Şuşada məscidlərlə yanaşı iki kilsənin bərpasına başlanılıb. Bu, Azərbaycanın abidələrə qarşı fərq qoymadığını, əksinə müxtəlif mədəniyyətlərə və dinlərə hörmətini, bütün dini nümunələri milli-mənəvi dəyərlərinin bir parçası kimi gördüyünü göstərir. Ümumiyyətlə isə hesab edirik ki, mənsubiyyətindən asılı olmayaraq dini-mədəni irs bütöv bəşəriyyətə məxsusdur.

Lakin bütün bunlara dünya ictimaiyyəti göz yumub, bunun əvəzində isə Ermənistana xidmət edən kampaniyalara qoşulurlar”.

Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, ermənilərin törətdiyi bu cinayətlər təkcə işğaldan azad edilmiş zona ilə kifayətlənməyib: “Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində də yüzlərlə tarixi bina dağıdılıb və ya saxtalaşdırılaraq başqa bir məbəd kimi təqdim olunmaqdadır. Məsələn, Sərdar məscidi, Şah Abbas məscidi və digər məscidləri göstərmək olar. İrəvandakı Göy Məscid isə bu gün fars məscidi kimi təqdim olunur. Halbuki, o da tarixi Azərbaycan məscididir.

Bir sözlə, Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir. Təəssüf ki, eyni fikri təcavüzkar və inkar siyasəti yürüdən qarşı tərəf barədə demək olmur. Çünki onlar uzun illər ərzində tarixi-mədəni irsimiz üzərində dəyişikliklər etmək və onun mənşəyini saxtalaşdırmaqla sözügedən Konvensiya ilə bərabər “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozublar. Lakin beynəlxalq ictimaiyyətin bu vəziyyətə həssaslıq göstərməməsi məyusluq doğurur”.

Xatırladaq ki, ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının sədri Azərbaycan hökumətinə ibadət yerlərini, digər dini və mədəni obyektləri qoruyub saxlamağa dair çağırış edib.