Şriftin ölçüsü:
Saytın rəngi:
“İşğaldan azad edilmiş ərazilərimizdə tarixi-dini abidələrimizin bərpa prosesi başa çatdıqdan sonra məscidlərə din xadimləri təyin olunur. Din xadimləri Azərbaycan vətəndaşı və dini təhsili olan şəxs olmalıdır. Yalnız müsahibədən keçən şəxslər din xadimi təyinatı ala bilər”.
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri vurğulayıb ki, müsahibədən keçməyənlər din xadimi təyinatı ala bilməzlər.
O xatırladıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə məscidlər bərpa olunur və ya yenidən inşa edilir.
“Cari ilin sentyabrında Şuşaya din xadimi təyin olunub. Şuşaya təyin edilmiş din xadimi əslən Şuşalı dini təhsilli şəxsdir.
İşğaldan azad edilmiş digər ərazilərdəki məscidlər tam istifadəyə verildiyi zaman həmin ərazi üzrə məsul olan qurumun müraciəti əsasında təyinatlar həyata keçiriləcək”, - deyə M. Qurbanlı əlavə edib.
Komitə sədri həmçinin qeyd edib ki, hazırda ölkə ərazisindəki digər məscidlərə də din xadimlərinin təyin edilməsi istiqamətində işlər davam edir: “Təyinat qəbul olunmuş qaydalar üzrə həyata keçirilir. Belə ki, müsahibə komissiyası indiyə qədər üç dəfə müsahibə keçirib. Ümumən qeyd olunan müsahibələrə 817 sənəd təqdim edilib və 272 nəfər uğur qazanıb”.
***
İndiyə qədər 30-a yaxın qadın dini ayinlərinin icraçısı müvafiq məscidlərə təyinatlar alıb.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qadın dini ayinlərinin icraçıları hər hansı dini mərasimi idarə etmir.
“Belə ki, qadın dini ayinlərinin icraçıları imam funksiyasını yerinə yetirmir. Onlar imamların tapşırığı ilə qadınlar arasında maarifləndirmə işinin təşkilində yaxından iştirak edirlər”, - deyə komitə sədri qeyd edib.
M.Qurbanlı, həmçinin komitənin tərkibində fəaliyyət göstərən attestasiya komissiyasının bu yaxınlarda işini davam etdirəcəyini, eyni zamanda, hazırda fəaliyyət göstərən din xadimlərinin də zaman-zaman attestasiyadan keçiriləcəyini vurğulayıb.
***
“Dövlətin yas və toy mərasimlərində yol verilən israfçılığı tənzimləməsi üçün ayrıca bir qanun qəbul etməsi nəzərdə tutulmur. Hesab edirəm ki, bütün bu məsələləri cəmiyyət özü həll etməlidir. Adətlər qanunlarla tənzimlənmir, onları zaman tənzimləyir. Zaman özü bütün adətlərə öz düzəlişlərini edir”.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri qeyd edib ki, heç kim hansısa adət-ənənəni yerinə yetirib yetirməməyə görə vətəndaşa cəza müəyyənləşdirməyib.
“Mən əminəm ki, insanlar yas mərasimlərində yemək süfrələri qurmağın İslamdan qaynaqlanmadığını başa düşdükcə bu adətdən də uzaqlaşacaqlar. Çünki dəbdəbəli süfrələr açmaq ənənəsi, israfçılıq İslamda yoxdur. Dinimizə görə, hətta bu, günah hesab olunur.
İslamda ehsan gözəl əməl, xeyirxah iş mənasına gəlir. Yemək süfrəsi açmaqla gözəl əməl, xeyirxah iş görmək istəyənlər bunu ehtiyacı olan insanlar üçün etməlidir. Yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaq - əsl ehsan bunlardır. Bu cür xeyirxah əməllər görmək həm vəfat etmiş insanın ruhunu şad edər, həm də insanlara faydalı olar.
Odur ki, bu sahədə maarifləndirmə işi bir an belə dayanmamalıdır. İnsanlara izah edilməlidir ki, şəriət baxımından da doğru olan ehsan anlayışına məhz bu cür yanaşmaqdır”, - deyə Komitə sədri əlavə edib.