Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın üzvləri Bakı şəhəri Dağ yəhudiləri dini icmasını ziyarət edib, dini qurumun fəaliyyəti ilə yaxından tanış olublar.
Görüşdə dini icmanın sədri Milix Yevdayev, DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə və sədr müavini Fərid Şahbazlı, üzvləri Məhsəti Hüseynova, Aqil Camal, Büllur Məmmədova və Səbuhi Abdullayev, eyni zamanda Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova iştirak edib.
Şuranın sədri Sevinc Alızadə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dini sahəyə göstərilən diqqət və qayğının önəmi barədə danışıb. Ölkəmizdə dini-mənəvi və tolerant dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlərin həyata keçirildiyini bildirib.
Milix Yevdayev Azərbaycanda Dağ yəhudilərinin tarixi haqqında məlumat verərək müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizdə yaşayan dini konfessiya nümayəndələrinin, o cümlədən yəhudilərin həyatında yeni mərhələnin başladığını, onların hüquq və azadlıqlarının qorunmasına, mədəniyyətinin inkişafına dövlət səviyyəsində dəstək verilməsinin qeyri-islam dini icmaları, o cümlədən yəhudi icmaları qarşısında yeni imkanlar açdığını vurğulayıb.
Sonda sinaqoqda ibadət üçün yaradılan şəraitlə tanış olan Şura üzvləri belə görüşlərin əhəmiyyətini qeyd ediblər.