Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Ziyarətgah-məscid kompleksləri
16.04.2020 / Ziyarətgah-məscid kompleksləri

"Pir Həsən" ziyarətgah kompleksi

"Pir Həsən" ziyarətgah kompleksi (Ünvan: Bakı Şəhəri, Xəzər Rayonu, Mərdəkan qəsəbəsi)

Bakının Mərdəkan qəsəbəsində yerləşən "Pir Həsən" ziyarətgahında iki türbə var. Bunlardan biri üzərində qədim günbəz olan Pir Həsənə məxsusdur. Tarixi mənbələrə görə, əsli-nəcabəti imamlara gedib çıxan Pir Həsən XVII əsrdə yaşamışdır.

Türbənin əsas fasadında portaldakı qapı yerinin üstündə ikisətirlik ərəbcə kitabə yerləşdirilmişdir: "Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas (Allah onun hökmranlığını əbədiləşdirsin) vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il" (1612-1613).

Ziyarətgahın ön tərəfində məşhur Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılmış, onun sağında isə türbə tikilmişdir. Türbənin mərkəzində tanınmış din xadimi Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, qızı Sara xanım Tağıyeva və repressiya qurbanı olmuş Zeynal bəy Səlimxanovun məzarları var.

2007-ci ildə Heydər Əliyev Fondunun ölkəmizdə tarixi dini abidələrin, o cümlədən məscid və ziyarətgahların tikintisi və bərpası sahəsində apardığı məqsədyönlü fəaliyyəti nəticəsində "Pir Həsən" məbədi əsaslı şəkildə təmir olunmuş, burada abadlıq işləri aparılmışdır. 2007-ci il dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Pir Həsən" ziyarətgahının açılışında iştirak etmiş, onun yeni görkəmi ilə tanış olmuş və xatirə kitabında ürək sözlərini yazmışlar.