Şriftin ölçüsü:
Saytın rəngi:
Gəncə "İmamzadə ziyarətgah" kompleksi (Ünvan: Gəncə şəhəri)
Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, onun ətrafına daş və kərpicdən hasar çəkilmişdir. Kompleksin içərisində xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan türbə yerləşir. Ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilən türbədə beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunmuşdur.
İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə, türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal olunur. Türbənin hündürlüyü 12 m, günbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir. Türbənin günbəzinə mavi kaşıdan üzlük çəkildiyi üçün “Göy günbəz” adını almışdır. Bərdə və Naxçıvan imamzadə məscidlərində olduğu kimi İmamzadə türbəsi ilə Bərdə türbəsi, həmçinin Axsadanbaba türbəsi arasında memarlıq cəhətdən üslub yaxınlığı var. İmamzadə kərpicdən tikilmiş, rəngarəng kaşılı, kərpic örtüklü günbəzə malikdir. Ətrafında isə məscid, sərdabə və digər türbələr inşa olunmuşdur.
Müxtəlif vaxtlarda dağıntılara məruz qalan İmamzadə ziyarətgahı 1946-cı ildən İmamzadə piri kimi fəaliyyət göstərmişdir. 1970-ci illərdə İmamzadənin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilmişdir. Müxtəlif vaxtlarda, hətta sovet dövründə, xüsusilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə İmamzadədə tarixi abidə kimi təmir-bərpa işləri aparılmışdır. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olmuşdur. Dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərmişdir. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm almışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2010-cu il, 30 dekabr 2011-ci il, 24 yanvar 2012-ci il, 5 iyun 2013-cü il, 16 may 2014-cü il, 21 oktyabr 2014-cü il, 5 noyabr 2014-cü il, 9 aprel 2015-ci il, 9 sentyabr 2015-ci il və 9 fevral 2016-cı il tarixli sərəncamları ilə kompleksin təmiri və bərpasına 49 milyon manat vəsait ayrılmışdır.