Şriftin ölçüsü:
Saytın rəngi:
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi
Məscidi 1916-cı ildə Möhsün Səlim adlı milyonçu tikdirmişdir. Daxili sahəsi 210 kvadratmetrdir. İkinci mərtəbədə qadınlar üçün 40 kvadratmetrlik ibadət yeri ayrılmışdır. Məscidin giriş qapısı oxvari tağ formasındadır. Diametri 14 metr olan günbəzin aşağı hissəsində dairəvi şəkildə 16 pəncərə yerləşdirilmişdir. İbadət yerinin döşəmədən günbəzə qədər hündürlüyü 19 metrdir.
Sovet hakimiyyəti dövründə fəaliyyəti dayandırılmış məscid Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yararsız olduğundan uzun müddət bağlı qalmışdır. Hətta 1918-ci ildə erməni daşnaklarının atdığı top məscidin günbəzini deşmiş, çatlar əmələ gətirmişdi. Sakinlərin müraciətindən sonra bu vəziyyətlə yerində tanış olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məsciddə bərpa işlərinə başlanılmışdır. 2006-cı il iyunun 15-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidə gələrək görülmüş işlərlə tanış olmuşlar.
Məscid əsaslı şəkildə təmir olunmuşdur. Məscidin həyətində 100 nəfərlik salon, dəstəmaz otaqları, kişi və qadınlar üçün ayrı-ayrılıqda hücrələr, din xadimləri üçün məşvərət otağı, daimi suyu, mətbəxi olan təzə bina tikilib, hər cür lazımi avadanlıqla təmin edilmişdir.
Məscid dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına daxil olunmuşdur.