Şriftin ölçüsü:
Saytın rəngi:
Ünvan: Ünvan: Oğuz şəhəri.
Oğuz udilərinin ibadətgahı sayılan Müqəddəs Yelisey adına alban məbədi Oğuz şəhərinin cənub-şərqində yerləşir. Məbəd kiçik, təkzallı bazilika tipli kilsədir. Onun yaşayış məntəqəsindən aralı, dağa yaxın məsafədə, Oğuz çayının sahilində hündür təpənin üstündə çox kiçik ölçülərdə tikilməsi apostol tipli kilsə olduğu ehtimalını doğurur.
Məbəd düzbucaqlı formada tikilmişdir, çöldən eni 5,55 metr, uzunluğu 7,45 metrdir. İbadət zalının ölçüləri 3,5 metr X 4,35 metrdir.
Bu abidə xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilmiş, alban tayfalarından olan yerli udilərin ibadət ocağı olmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan torpaqlarına köçürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmiş, nəticədə, digər tarixi-dini abidələrimiz kimi “Müqəddəs Yelisey bazilikası” da erməni təcavüzünə məruz qalmışdır. Belə ki, ermənilər tərəfindən “Yeqişe Arakel” monastırı adlandırılmış, alban dilində yazılar məhv edilərək erməni yazıları, alban xaçı isə erməni xaçı ilə əvəz olunmuşdu.