Şriftin ölçüsü:
Saytın rəngi:
Ünvan: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Vidadi və Zərgərpalan küçəsi, 38.
Mixail Arxangel kilsəsi Bakıdakı ən qədim pravoslav məbədlərindən biridir. Kilsə XIX-cu əsrin 40-cı illərində inşa edilmişdir və hərbçilərin ibadət yerlərindən sayılırdı. “Qafqaz” qəzetinin 1855-ci il tarixli, 39 saylı məlumatına görə, məbəd Xəzər dəniz idarəsinin bütün rütbəli şəxsləri tərəfindən, Rusiya könüllü donanmasının və polkunun şefi şərəfinə tikilmişdir. Bu səbəbdən, onun dua otağı ilk vaxtlar gəmi göyərtəsini xatırladırdı və o, Xəzər donanmasına tabe idi. Bu dövrdə məbəd “Donanma kilsəsi” (rusça “Flotskaya”) adlanırdı. Kilsə Pskov memarlıq üslubunda inşa edilmişdi. 1873-cü ildə məbədin binası Bakı batalyonuna, daha sonra isə Salyan polkuna, 1875-ci ildə isə Yeparxial idarənin rəhbərliyinə verilmişdi.
1891-ci ildə hərbi idarənin protosviterinin razılığı ilə kilsə binasının bərpasına başlanmış və 1892-ci ilin noyabrında təmir işləri yekunlaşmışdır. Təmir-bərpa işləri Müqəddəs Sinodun vəsaiti hesabına aparılmış və 22 min rubla başa gəlmişdi. Kilsədə yeni çar qapıları və qurbangah quraşdırılmış, həmçinin məbədin digər hissələri də dəyişdirilmişdir. Bütün nəqqaşlıq işləri rəssam Ems tərəfindən görülmüşdü.
1 noyabr 1892-ci ildə yenicə bərpa edilmiş məbəddə Nikolay Baş kilsəsinin protoiereyi və baş keşişi Aleksandr Vasilyeviç Yuniski tərəfindən ruhanilər məclisi ilə birgə Müqəddəs Arxistriq Mixailin şərəfinə müqəddəsləşdirilmə mərasimi həyata keçirilmişdi. Kilsədə bir çox ikona var idi, amma onların arasında daha çox Müqəddəs Mitropolit Moskovski Aleksi və Yaşaran İlahi Ana ikonaları seçilirdi. Bu ikonalar Salyan polkuna Afonsk Panteleymey monastırından hədiyyə kimi göndərilmişdi. Kilsədə Müqəddəs Mixail adına yalnız bir prestol (xristian məbədində bəzi dini mərasimlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş kiçik masa) vardı.
8 noyabr 1899-cu ildə kilsəyə Müqəddəs Arxistriq Mixail adına ikona bağışlandı. Bu ikona Salyan polkunun himayəçisi sayılırdı. 1918-ci ildən 1923-cü ilə kimi Mixail-Arxangel kilsəsinin baş keşişi protoierey Sergiy Qorodsov olmuşdu. Sonradan o, Novosibirsk şəhərinin mitropoliti olmuş və Sibir əhalisi arasında müqəddəs insan kimi tanınmışdı. 1936-cı ildə sözügedən məbəd Sovet hakimiyyəti tərəfindən bağlanıldı və yataqxanaya çevrildi. Faşizm üzərində qələbədən sonra - 1946-cı ildə kilsənin binası yenidən Rus Pravoslav Kilsəsinə qaytarıldı.
25 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Mixail-Arxangel kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdi.