Şriftin ölçüsü:

Saytın rəngi:

SƏNƏDLƏR / 

Hesabatlar

AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 2022-Cİ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ

 

                                                                                               HESABAT

 

Xalqımızın milli-mənəvi birliyinin təmin edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Qloballaşma prosesinin sürətlə getdiyi dövrdə ölkə rəhbəri həmin siyasi kursu günümüzün reallıqlarını nəzərə alaraq həyata keçirir. Mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan dini dəyərlərimizə diqqət və qayğı, o cümlədən dövlətin dini sahədə gördüyü tədbirlər də bu siyasətin təzahürüdür. Dövlətin multikulturalizm və tolerantlıq prinsiplərinə söykənən sistemli və ardıcıl siyasətinin nəticəsi olaraq bu gün ölkəmizdə milli və dini həmrəylik ən yüksək səviyyəyə çatmışdır.

Dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində islahat xarakterli qərarlarla yadda qalan 2022-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi  və bu barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı dini sahədə ciddi institusional dəyişikliyi özündə əks etdirən addım olmuşdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Komitə) Fərmandan irəli gələn məsələlərin həlli məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nı hazırlamış və icrasına başlamışdır.

Fərmandan irəli gələn digər məsələ kimi “İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi Qaydası”nın layihəsi hazırlanmış və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilmişdir.

Ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. 30 ilə yaxın erməni əsirliyində qalmış Qarabağdakı dini abidələrimiz üçün durğunluq dövrü bitmiş, erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrin bərpası və yenidən qurulması sahəsində mühüm addımlar atılmışdır.   

Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin fevral ayının 13-də Heydər Əliyev Fondu tərəfindən Ağdam “Cümə” məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmuş, mart ayının 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoymuşlar.

Ötən ilin may ayının 10-da Prezident və birinci xanım Şuşaya səfərləri çərçivəsində öncəki il burda təməlini qoyduqları yeni inşa olunacaq məscid kompleksində görülən işlər, mayın 26-da Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi, avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma, sentyabrın 27-də Şuşa şəhərində “Yuxarı Gövhər Ağa” məscidində Fond tərəfindən aparılan yenidənqurma və bərpa işləri, dekabrın 2-də yenə də Fond tərəfindən Şəki “Xan” məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olmuşlar.

Ötən il Bakı şəhərində də yeni ibadət evinin açılışı olmuşdur. Belə ki, ötən ilin yanvar ayında Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi-Zəhra” məscidinin yeni binasının açılışında iştirak etmişlər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanmış, yeni bina inşa olunmuşdur.

Dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi, cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsi və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafı istiqamətində ötən ildə də ölkədəki dini konfessiyaların fəaliyyətini dəstəkləmək məqsədilə ölkə başçısı dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalamışdır. Ötən il qeyri-müsəlman icmalara ayrılan maddi dəstəyin həcminin artırılması həmin konfessiyaların nümayəndələri tərəfindən onlara qarşı yüksək diqqətin və qayğının nümayişi kimi qiymətləndirilmişdir.

Prezident cənab İlham Əliyevin ölkəmizdə vətəndaşların dini etiqad, vicdan azadlıqlarının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, təbliği və təşviqi işinin genişləndirilməsi, eyni zamanda, ölkə vətəndaşlarının dini ali təhsil hüquqlarının bərqərar olmasına və bu sahədə milli kadrların hazırlanmasına verilən önəmin bariz göstəricisi kimi Komitə tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun müasir standartlara uyğun yeni binasının Ramazan ayında açılışında iştirakı xüsusilə vurğulanmalıdır. Bu hadisə təkcə İnstitut və Fond kollektivi deyil, bütövlükdə ölkənin dini ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Bundan başqa, Komitə sədrinin birinci müavini Səyyad Salahlının “Şöhrət” ordeni və bir neçə əməkdaşının “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunması Komitənin fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən verilən yüksək qiymətin və qayğının təcəssümüdür.

Komitə 2022-ci ildə öz fəaliyyətini dövlət-din münasibətləri ilə bağlı müəyyənləşdirilmiş dövlət siyasətinə müvafiq olaraq qurmuş və bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərə nail olmağa çalışmışdır.

Hesabat dövründə Azərbaycan Respublikasının Konstitusiyasını, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, Komitənin Əsasnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutaraq, Komitə 2022-ci ilin İş planına uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir.  

 

“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən görülmüş işlərə dair

 

25 fevral 2022-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə dəyişiklik edilmiş və Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanı ilə İslam dininə aid ibadət evlərinə din xadimlərinin təyinatı, o cümlədən attestasiyası Komitənin səlahiyyətlərinin sırasına daxil edilmişdir. Komitə tərəfindən sözügedən Fərmandan irəli gələn məsələlərin həlli məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanmışdır.

Qaydaya uyğun olaraq 24 may 2022-ci ildə müsahibə elan olunmuş, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsi və Qaydaların 1.2.1-ci bəndinə əsasən yalnız dini ali və orta ixtisas təhsilli şəxslərin sənədləri qəbul edilmişdir. Müsahibəyə çıxarılmış 39 vakant vəzifənin tutulması üçün 270 namizəd müraciət etmişdir.

Müsahibə 02-13 avqustda keçirilmiş, 251 nəfər iştirak etmişdir. Onlardan 133 nəfər müsahibədən uğurla keçmişdir. Müsahibədən uğurla keçmiş 133 namizəddən indiyədək 94 nəfər Komitə sədrinin əmri ilə müvafiq vəzifələrə təyin edilmişdir. 

Komitə tərəfindən 25 oktyabr 2022-ci ildə İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə növbəti dəfə müsahibə elan edilmişdir. İlk dəfə olaraq qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə vakant yerlər müsahibəyə çıxarılmışdır. Belə ki, müsahibəyə çıxarılmış 44 vakant vəzifədən 7-si qadın dini ayinlərin icraçısı vəzifəsidir. 25 noyabr 2022-ci ildə bitmiş sənəd qəbulunun statistikasına əsasən İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə 44 vakant vəzifəyə 253 namizəd sənəd vermişdir. Onlardan 170 nəfəri ali dini, 83-ü isə orta ixtisas təhsilli şəxslərdir. Hazırda imtahan mərhələsinə hazırlıqlar davam edir.

 

Dini etiqad azadlığının təmin edilməsi, sağlam dini mühitin qorunub saxlanılması və dini konfessiyalarla işin təşkil edilməsinə dair

 

Komitə hesabat dövründə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirmişdir.

Ölkədəki sağlam dini mühitin qorunub saxlanılması məqsədilə dini durumun öyrənilməsi, qeyri-ənənəvi cərəyan mənsublarının, məzhəbçiliyi, dini dözümsüzlüyü təbliğ edən qüvvələrin fəaliyyətinin müəyyənləşdirilməsi, bu yöndə zərərli tendensiyaların, eləcə də ölkəmizə yönəlmiş kənar dini təsirlərin araşdırılması istiqamətində müvafiq işlər görülmüş, dövlət-din münasibətlərinə, ölkədə mövcud olan tolerantlıq mühitinə zidd fəaliyyətə qarşı aidiyyəti dövlət qurumları ilə birgə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

Cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsi məqsədilə Komitə dini icmalarla mövcud əlaqələrin inkişaf etdirilməsinə və qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsinə xüsusi əhəmiyyət verir.

Ötən ildə Komitə tərəfindən dini qurumların qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının həyata keçirilməsi, dövlət reyestrinin aparılması, təşkilati işlərinin qanunauyğun qurulmasına köməklik göstərilmiş, fəaliyyətlərini Nazirlər Kabinetinin qərarlarına uyğun təşkil etmələri ilə bağlı zəruri tədbirlər görülmüşdür.

Son statistikaya görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə (kiçik məhəllə məscidi) vardır ki, onların 115-də ayinlər yalnız Ramazan ayı ərzində və dəfn mərasimlərində keçirilir. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.

Komitədə ümumilikdə 1000 dini icma dövlət qeydiyyatına alınmış, 7 icmanın qeydiyyatı ləğv olunmuşdur. Fəaliyyət göstərən 993 dini qurumdan 956-sı İslam təmayüllü, 37-si  (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2 ) qeyri-islam təmayüllü dini qurumlardır.

Komitə ötən il dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də dini bayram və mərasimlərin mövcud qanunvericiliyin tələblərinə uyğun formada keçirilməsinə nəzarətin təşkili istiqamətində tədbirlər görmüşdür.

Hesabat dövründə müsəlmanların “Ramazan”, xristianların “Pasxa”, Yehova şahidlərinin “İsa Məsihin anım günü”, yəhudilərin “Purim”, “Pesax”, “Şavuot”, “Roş Ha Şana” bayramları qeyd olunmuşdur.  

Komitə tərəfindən 2022-ci ilin Ramazan ayında respublikada dini durumun nəzarətdə saxlanılması, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlərin keçirilməsi, habelə dini maarifləndirmə istiqamətində işlər davam etdirilmişdir.

Ramazan ayından öncə məscidlərin din xadimləri və dini icmaların sədrləri ilə müvafiq söhbətlər aparılmış, bölgələrin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülmüşdür. Komitənin əməkdaşları əhya (qədr) gecələri, təravih və bayram namazlarının monitorinqini həyata keçirmişlər.

Eyni zamanda, həmin ayda icra olunacaq ibadətlərin vaxtları barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası tərəfindən astronomik hesablamalara uyğun birgə xüsusi təqvim hazırlanmışdır.

Məhərrəm ayı 2022-ci ilin iyul ayının 30-dan hicri təqvimi ilə başlamışdır. Bu münasibətlə 29 iyul 2022-ci ildə QMİ tərəfindən Komitə nümayəndələri, QMİ-nin bölgə qazıları və səlahiyyətli nümayəndələrinin iştirakı ilə iclas keçirilmişdir. Məhərrəm ayı ayinləri ilə bağlı QMİ-nin Qazılar Şurasının müraciəti oxunmuş və din xadimlərinə təşkilati məsələlərlə bağlı bır sıra göstərişlər verilmişdir.

Məhərrəmlik mərasimlərinə monitorinqlərin və neqativ hallara qarşı koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Komitə tərəfindən aidiyyəti qurumlarla müzakirələr aparılmışdır. 28 iyul 2022-ci ildə Komitədə sözügedən məsələlərlə bağlı iclas keçirilmiş, Komitənin əməkdaşlarına, xüsusilə də bölgə şöbələrinin müdirlərinə yerli icra hakimiyyətləri başçılarının yanında Dini İşlər üzrə Komissiyanın fəaliyyətində yaxından iştirak etmələri tapşırılmışdır. Eyni zamanda, Aşura mərasimlərinin keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərindən irəli gələn tövsiyələr hazırlanaraq aidiyyəti qurumlara göndərilmiş, o cümlədən dini icmalar və din xadimləri ilə profilaktik söhbətlər aparılmışdır.

Bundan başqa, Komitə sədri Lənkəran şəhərində, sədr müavinləri isə Masallı rayonu və Gəncə şəhərində səfərdə olmuş, məhərrəmlik mərasimləri ilə bağlı aidiyyəti qurumlarla və din xadimləri ilə görüşlər keçirmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Ümumilikdə, rayon icra hakimiyyətləri, xüsusilə də hüquq mühafizə orqanları ilə həyata keçirilmiş birgə kompleks tədbirlərin nəticəsidir ki, məhərrəmlik mərasimləri sakit və stabil keçmiş, ciddi qanun pozuntusu qeydə alınmamışdır. Bütün məscid və ziyarətgahlarda Aşura mərasimi rəsmi təyinat almış din xadimləri tərəfindən idarə olunmuşdur. Keçirilmiş tədbirlərdə siyasi şüar səsləndirilməmiş, dini mövzulardan kənar söhbətlərə yol verilməmişdir. Məscidlərdəki moizə və xütbələrdə ərazi bütövlüyümüz uğrunda şəhid olmuş vətən övladları, dövlətin dinə qayğısı və Ulu Öndər Heydər Əliyevin, eləcə də Prezident cənab İlham Əliyevin xidmətləri barədə danışılmış və dualar edilmişdir. 6 rayonda 8 ünvanda qanvermə aksiyası təşkil olunmuşdur.

Komitə ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı profilaktik və inzibati tədbirləri davam etdirmişdir.

Radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini cərəyanların təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini sahədə gedən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilmiş, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavət, nifrət, ekstremizm və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülmüşdür.

Ümumilikdə idxalla bağlı 2022-ci ildə Komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 8604 adda dini məzmunlu ədəbiyyata baxılmışdır.

Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 234 adda dini ədəbiyyata baxılmışdır.

Hesabat dövründə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilmişdir. Belə ki, 423 adda (666 375 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilmişdir. 

Komitə sədrinin 52 saylı, 06 oktyabr 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununun 22-ci maddəsinə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində yoxlamaların aparılması məqsədilə yaradılmış komissiyanın üzvləri 13.10.2022-ci ildən etibarən Bakı şəhərində fəaliyyət göstərən 20 ixtisaslaşdırılmış satış məntəqələrində olmuş, mağazalarda satılan dini ədəbiyyatlara baxış keçirilmiş, bütün dini ədəbiyyatlarda nəzarət markasının olub-olmaması yoxlanılmışdır. Aşkarlanmış xırda nöqsanlar yerindəcə aradan qaldırılmışdır.  

 

Milli-mənəvi və dini dəyərlərin, tolerant və multikultural ənənələrin qorunub saxlanılması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə aparılan dini maarifləndirməyə dair

Komitə ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği üçün hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks işlərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.

Komitənin strukturları tərəfindən dini maarifləndirmə istiqamətində tədbirlər konfrans, seminar, vebinar, seminar-treninq, görüş və s. formalarda həyata keçirilmişdir.

Ümumilikdə 2022-ci ildə Komitə tərəfindən ölkə vətəndaşlarının cəlb olunduğu 920-dən artıq dini maarifləndirmə xarakterli tədbir təşkil edilmişdir. Tədbirlərin keçirilməsində yerli icra hakimiyyəti orqanları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QMİ, müxtəlif dini konfessiyalara mənsub icmalar, QHT-lər, Heydər Əliyev mərkəzləri, Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin yerli strukturları, Ombudsman Aparatının regional mərkəzləri, Yeni Azərbaycan Partiyası, Silahlı Qüvvələr, hüquq mühafizə orqanları və s. qurumlarla əməkdaşlıq edilmişdir.

Qeyd edək ki, müxtəlif illərdə dövlət səviyyəsində müəyyən bəndlər üzrə Komitənin də icraçı kimi nəzərdə tutulduğu fəaliyyət planı, strategiya və dövlət proqramları qəbul olunmuşdur. Həmçinin Komitə ənənəvi olaraq müəyyən dövlət qurumları ilə birgə illik tədbirlər planları imzalayaraq icra edir. Bunlar nəzərə alınaraq, Komitə tərəfindən 2022-ci il üçün dini maarifləndirmə istiqamətində fəaliyyətin təmin olunması məqsədilə müxtəlif tədbirlər və iş planları hazırlanmışdır. Həmin iş planları əsasında 2022-ci ildə aşağıdakı tədbirlər təşkil olunmuşdur:  

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası çərçivəsində hesabat dövrü ərzində Komitə aidiyyəti qurumlarla birgə ümumilikdə 63 tədbir təşkil etmişdir.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planına uyğun olaraq Komitə tərəfindən 29 tədbir həyata keçirilmişdir.

 “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində məişət zorakılığının qarşısının alınması və onunla mübarizə istiqamətində 23 tədbir keçirilmişdir. Komitənin 2021-ci ilin sonunda çapa hazırladığı “Məişət zorakılığı: çıxış yolu var!” adlı bülleten hesabat dövründə nəfis tərtibatda nəşr olunaraq paylanılmışdır.

“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq Komitə tərəfindən müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə birgə biri respublika miqyaslı olmaqla 35 tədbir təşkil edilmişdir.

2022-ci il üçün dini ekstremizmə qarşı mübarizə, dini etiqad azadlığının təmin edilməsi ilə bağlı aşağıda adları qeyd olunmuş qurumlarla birgə tədbirlər planları hazırlanmışdır. Həmin tədbirlər planları çərçivəsində ümumilikdə dini maarifləndirmə xarakterli 115 tədbir keçirilmişdir:

  • Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Komitənin “Azərbaycan Ordusunda dini radikalizmlə mübarizəyə dair” 2022-ci il üçün birgə Tədbirlər Planı çərçivəsində – 72 tədbir
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və  Komitənin “Dini radikalizmə qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə istiqamətində birgə işin təşkilinə dair” 2022-ci il üçün Tədbirlər Planı çərçivəsində – 9 tədbir
  • Dövlət Sərhəd Xidməti və Komitə arasında 2022-ci il üzrə birgə Tədbirlər Planı çərçivəsində – 13 tədbir
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Komitənin “2022-ci il ərzində Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində məhkumların dini etiqad azadlıqları ilə bağlı maarifləndirmə işinin təşkilinə dair” Tədbirlər Planı çərçivəsində – 15 tədbir

Eyni zamanda, hesabat dövründə Komitə sədrinin birinci müavini Səyyad Salahlının iştirakı ilə “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda Quba, Lerik, Zaqatala, Hacıqabul, Oğuz, Şamaxı rayonlarında 6 konfrans; sədr müavini Səyavuş Heydərovun iştirakı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda Lənkəran, İsmayıllı, Şirvan, Göyçay, İmişli, Şamaxı rayonlarında 6 konfrans; sədr müavini Gündüz İsmayılovun iştirakı ilə “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda Astara, Goranboy, Zərdab, Şabran, Balakən, Qusar rayonlarında 6 konfrans; şöbə müdirləri Elnarə Kərimova və Yaqut Əliyevanın iştirakı ilə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda Yardımlı, Qax, Xaçmaz, Qəbələ, Göygöl, Saatlı rayonlarında 6 konfrans keçirilmişdir.

Komitə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti arasında “2022-ci ildə dini ekstremizmə qarşı birgə mübarizəyə dair birgə tədbirlər planı” çərçivəsində Komitənin sədr müavini Sahib Nağıyevin iştirakı ilə müxtəlif mövzularda Quba, Sabirabad, Mingəçevir, Gəncə, Masallı, Şəki rayonlarında 6 regional konfrans təşkil olunmuşdur.

Həmçinin Bakı şəhərində "XXI əsrdən baxış: dini durumun tənzimlənməsində dini ədəbiyyatın rolu", "Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ", "Azərbaycanda dini təhsil: mövcud vəziyyət və perspektivlər", “Erməni vandalizminin qurbanı olmuş dini abidələrimiz”, "Dövlət-din münasibətlərinin tənzimlənməsində din xadimlərinin yeri və rolu", “Dini mərasimlər: ənənə və hüquq müstəvisində”, "Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu", “Vətənpərvərlik: milli mənəvi dəyər kimi”, “Vicdan azadlığı və media”, “Prezident İlham Əliyev siyasəti: dünyəvilik və multikultural dəyərlər” mövzusunda ümumilikdə 10 konfrans təşkil olunmuşdur.

Komitə tərəfindən müvafiq dövr ərzində 20 Yanvar faciəsi ilə əlaqədar 18, Xocalı faciəsi ilə bağlı 32, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 19, 2016-cı il aprel döyüşləri ilə bağlı 10, “Şuşa İli” ilə bağlı Tədbirlər Planının 27-ci bəndi çərçivəsində 7, 28 May – Müstəqillik Günü münasibətilə 10, Ramazan ayı ilə bağlı 18 tədbir təşkil olunmuşdur. Həmçinin Ombudsmanın təşəbbüsü ilə “İnsan hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində 21, “Sülh aylığı” (21 avqust-21 sentyabr) çərçivəsində 12, “Uşaq hüquqları aylığı (20 oktyabr-20 noyabr) çərçivəsində 20, “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə 8 maarifləndirmə xarakterli seminar, konfrans və s. formatlı tədbirlər baş tutmuşdur. Eyni zamanda, dini fanatizm, radikalizm və ekstremizmin qarşısının alınması istiqamətində preventiv xarakterli 130-a yaxın, tolerantlıq, multikulturalizm, dinlərarası və məzhəblərarası yaxınlaşma yönündə 45-dən artıq, erkən nikaha qarşı mübarizə çərçivəsində 16 tədbir təşkil olunmuşdur. Bununla yanaşı, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” ilə bağlı dini qurumlar, eləcə də əhali arasında aparılan maarifləndirmə işi çərçivəsində 54 tədbir təşkil olunmuşdur.

Bundan başqa, Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə 21 tədbir, 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı 8 tədbir, eləcə də Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə dini icmalar arasında “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda ənənəvi yazı müsabiqəsi və konfrans təşkil olunmuşdur. Müsabiqəyə 60-a yaxın yazı təqdim olunmuş, sədr müavini S.Salahlının rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən onlardan 3-ü 1-3-cü yerlərə, 3-ü isə həvəsləndirici mükafatlara layiq görülmüşdür.

Həmçinin Azərbaycan Respublikasının Milli Məclisi, Komitə, QMİ və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 13 iyun 2022-ci ildə “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda konfrans keçirilmişdir. Konfransda ölkəmizdəki dini təhsillə bağlı hazırki durum, dini təhsilin xüsusiyyətləri, kadr potensialı, eləcə də qarşıda duran strateji məqsədlər istiqamətində görülməli işlər barədə müzakirələr aparılmış, dövlət orqanları rəsmilərinin, təhsil müəssisələrinin, QHT və ictimaiyyət nümayəndələrinin, mütəxəssislərin fikir və təklifləri dinlənilmişdir.

Qeyd olunanlarla yanaşı, Komitə tərəfindən 2016-cı ildə  baş vermiş Aprel döyüşləri  və Vətən müharibəsi kontekstində mənəvi dəyərlər əsasında dövlətçiliyin, milli birlik və vətənpərvərlik duyğularının gücləndirilməsi, şəhidlik və qazilik məqamlarının uca tutulmasının təbliği istiqamətində 70-dən artıq tədbir keçirilmişdir.

Komitə “İraq və Suriyadakı münaqişələrdən əziyyət çəkmiş Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti məlum olmuş uşaqların Azərbaycana repatriasiyası və reinteqrasiyası” məqsədilə yaradılmış İşçi Qrupun tərkibinə daxil olan qurum kimi xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasına qayıtmış qadın və uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində lazımi tədbirlər görmüş, həmin şəxslərlə mütəmadi görüşlər keçirmiş, maarifləndirici söhbətlər aparmışdır.

Maarifləndirmə sahəsində işlər Komitənin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında efirə gedən “İnam”, “Mədəniyyət” kanalındakı “Haqqın dərgahı” verilişləri vasitəsi ilə də həyata keçirilmişdir.  Hesabat dövründə “Dövlət və Din” ictimai fikir toplusunun 2, “Cəmiyyət və Din” qəzetinin isə 11 sayı çap olunmuşdur.  

 

Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq modeli və zəngin mənəvi-əxlaqi irsinin xaricdə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına dair

 

Hesabat dövründə Komitə Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin xaricdə təbliğ edilməsi, Azərbaycan, xüsusilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hesabatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın aradan qaldırılması, qeyri-müsəlman icmaların fəaliyyəti ilə əlaqədar məsələlərdə xariclə əlaqələrin düzgün tənzimlənməsi, xarici ölkələrlə ikitərəfli münasibətlərin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.  

Hesabat dövründə xaricdə keçirilən beynəlxalq tədbirlərdə Komitəni əsasən sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və Sahib Nağıyev təmsil etmişlər.

Ötən ilin may ayının 19-da Bakıda G20 Dinlərarası Forumun regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Komitə sədri Mübariz Qurbanlı çıxış etmişdir.

Sədr müavini S.Heydərov İdil Bulqar dövlətinin İslam dinini qəbul etməsinin 1100 illiyi münasibətilə 19-21 may 2022-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan sammiti 2022” XIII Beynəlxalq İqtisadi Sammitində iştirak etmişdir.

Komitə sədrinin müavinləri G.İsmayılov 30 may-1 iyunda Türkiyə Respublikasında, S.Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti 6-10 iyunda Gürcüstanda səfərdə olmuşdur. Səfərin məqsədi soydaşlarımızın dini həyatı, bu sahədə qarşılaşdıqları problemlərlə yaxından tanış olmaq, habelə onlara yönəlik zərərli dini fəaliyyəti öyrənmək və neytrallaşdırmaq imkanlarını araşdırmaq, adıçəkilən ölkələrdə yaşayan gənclərimizin Azərbaycan İlahiyyat İnstitutunda təhsilə cəlb edilməsinə zəmin yaratmaq olmuşdur. 

S.Nağıyev Azərbaycanda fəaliyyət göstərən dini konfessiya təmsilçilərinin də qatıldığı nümayəndə heyəti ilə birgə Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə ötən ilin 24 iyununda “Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, sülh naminə anlaşma və əməkdaşlıq” mövzusunda Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir. Sözügedən konfrans münaqişədən sonrakı dövrdə Ermənistanın dəstəyi ilə həyata keçirilən qondarma tədbirlər vasitəsilə işğaldan azad edilmiş ərazilərimizdə mədəni və dini irsimizin mənimsənilməsinin və onun erməni mədəni irsi olaraq təqdim edilməsinin, eləcə də ermənilərin xristian irsi amilindən istifadə edərək, Avstriyanın xristian dini icma rəhbərləri və elmi dairələrini bu məqsəd ətrafında səfərbər etməsinin qarşısının alınması məqsədilə Azərbaycanda mövcud tolerantlıq mühiti, etno-konfessional müxtəliflik və Qafqaz Albaniyasının etno-mədəni irsi barədə məlumatların iştirakçıların diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.

26 iyun-2 iyul 2022-ci ildə S.Heydərovun rəhbərliyi ilə tərkibinə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol prefekturası, Bakı şəhəri Azərbaycan Bibliya Cəmiyyəti Xristian dini icması, eləcə də Avropa və Gürcü yəhudilərinin Bakı dini icmalarının rəhbər və təmsilçiləri daxil olan nümayəndə heyəti ABŞ-nin paytaxtı Vaşinqton şəhərində səfərdə olmuş, Dövlət Departamenti, Senat, ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası, eləcə də dini konfessiya təmsilçiləri ilə bir sıra ikitərəfli görüşlər keçirmişdir.

26 oktyabr 2022-ci ildə Amerika Katolik Universitetində Komitə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, eləcə də ABŞ-nin Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəz, Kolumbus Hüquq Məktəbinin birgə təşkilatçılığı ilə “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans, həmçinin “Müxtəlif dinlər, ortaq dəyərlər” mövzusunda foto-sərgi keçirilmişdir. Tədbir zamanı beynəlxalq həmrəyliyə, qarşılıqlı anlaşmaya və dinlərarası dialoqa töhfə vermək üçün qlobal təşəbbüs siyasətini təşviq etmək, o cümlədən ABŞ-nin dinlərarası münasibətlərin yüksək səviyyədə olduğu ölkə kimi Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri tanıtmaq, multikulturalizm və tolerantlıq ənənələrinin, eləcə də dövlət-din siyasətinin uğurlu nümunələrini təbliğ etmək, hər iki ölkədən olan dini qurumlar arasındakı əlaqələrin möhkəmləndirilməsi kimi məqsədlərə nail olunmağa çalışılmışdır. Tədbir çərçivəsində S.Heydərov və S.Nağıyevin iştirakı ilə Abraham Kuper, Ravvin Mark Şnayer, Osama Camal və ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin direktor müavini Mariah Merker ilə ikitərəfli görüşlər keçirilmişdir. 

5 dekabr 2022-ci ildə Komitə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, eləcə də Avropada Etiqad Azadlığı və Təhlükəsizlik İnstitutu (Almaniya), Avropa İslahatı üçün Yeni İstiqamət Fondunun (Belçika) birgə təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Daha təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda beyin mərkəzləri, müxtəlif dini qurumların, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Çıxışlarda dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilasın mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilmişdir. Təməli Azərbaycan Prezidenti tərəfindən qoyulmuş “Bakı Prosesi”ni davam etdirərək, dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına təkan vermək məqsədi daşıyan konfrans çərçivəsində “Müxtəlif dinlər, ortaq dəyərlər” adlı fotosərgi də nümayiş etdirilmişdir. Eyni zamanda, Komitə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə ingilis dilində nəşr edilmiş ölkəmizin multikulturalizm və tolerantlığını əks etdirən ədəbiyyatlar nümayiş etdirilmişdir. Həmçinin səfər çərçivəsində ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlıqların intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Hesabat dövründə Komitə ilə Qırğız Respublikası Dini İşlər üzrə Dövlət Komissiyası, eləcə də Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış və İrşad Nazirliyi arasındakı Anlaşma Memorandumlarının razılaşdırılmış layihələri Xarici İşlər Nazirliyi vasitəsilə müqabil tərəflərə göndərilmişdir. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə imzalanması nəzərdə tutulan Anlaşma Memorandumunun layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti üzrə təqdim olunmuşdur.

Komitə sədri M.Qurbanlı və müavinləri bir sıra xarici qonaqlarla görüşmüş və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrini qəbul etmişlər.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) sorğusuna əsasən Komissiyanın 2021-ci il üzrə illik hesabatına daxil edilməsi üçün BDAK-nın 2022-ci ildə dərc edilmiş illik hesabatının ölkəmizlə bağlı hissəsinə dair Komitə tərəfindən Azərbaycan və ingilis dillərində şərhlər hazırlanmışdır. Komitə Avropa Parlamentinin “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi” ilə bağlı 10 mart 2022-ci ildə qəbul etdiyi qərəzli qətnaməsinə cavab olaraq etiraz bəyanatı qəbul etmişdir. Eyni zamanda, BMT Baş Assambleyasının “Dözümsüzlük, mənfi stereotiplər, stiqmatizasiya, ayrı-seçkilik, zorakılığa təhrik etmə və insanlara qarşı din və əqidə əsasında zorakılıq halları ilə mübarizə” adlı qətnaməsinə istinadən Assambleyanın 77-ci sessiyasına təqdim edilən müvafiq hesabata daxil edilməsi, həmçinin BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 28 fevral – 1 aprel 2022-ci ildə keçirilən 49-cu müntəzəm sessiyası zamanı müvafiq xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı istifadəsi və İHŞ-nin “Hərbi xidmətdən vicdanla bağlı imtina” adlı Qətnaməsinə əsasən yazılması nəzərdə tutulan dördillik analitik hesabata əlavə olunması məqsədilə hazırlanmış məlumatlar xüsusilə qeyd edilə bilər.

Xarici İşlər Nazirliyi vasitəsilə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planının 9-cu – “xarici ölkələrdə məscid, kilsə və sinaqoqlarda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq moizələrin oxunması istiqamətində iş aparılması” bəndini nəzərə alaraq, Komitə tərəfindən 12 ölkənin müvafiq dövlət qurumuna məktublar ünvanlanmışdır.

Ötən ilin mart ayında Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, alban-udi və yəhudi konfessiyalarının rəhbərləri Avropa Parlamenti tərəfindən qəbul olunmuş anti-Azərbaycan qətnamənin qəbul edilməsi ilə bağlı birgə bəyanatla çıxış etmişlər. Konfessiya rəhbərləri Avropa Parlamentində “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” adlı qərəzli qətnamənin lehinə səs vermiş 635 parlamentarilərə öz narazılıqlarını bildirərək, erməni qəsbkarları və terrorçuları tərəfindən yüz ildən artıq müddətdə azərbaycanlılara və Azərbaycanda yaşayan digər millətlərin nümayəndələrinə qarşı törədilən qətliamlara, mədəni-mənəvi irsimizin dağıdılmasına siyasi-hüquqi qiymət verməyə, həqiqəti yanlışdan seçərək ədalətin yanında olmağa, bu qərəzli qətnaməni ləğv etməyə çağırmışlar.

Bolqarıstanın Plovdiv şəhər Mitropolitliyinin rəsmi internet səhifəsində, Rus Pravoslav Kilsəsinin rəsmi internet resursunda, bu quruma bağlı saytlarda, Serb Pravoslav Kilsəsinə bağlı “Tanrının dostu Fondu”nun rəsmi internet saytı və digərlərində müqəddəs Varfolomeyin həyatından bəhs edilmiş yazıda Azərbaycanın paytaxtı Bakı şəhərinin “Alban erməni şəhəri” kimi təqdim edilməsi məlumatının müvafiq qaydada düzəldilməsi və ya silinməsi məqsədilə həmin kilsələrə etiraz məktublarının hazırlanması barədə QMİ-yə və Azərbaycanda fəaliyyət göstərən bir sıra xristian konfessiya rəhbərlərinə müraciətlər ünvanlanmışdır. Müraciətlərimizə cavab kimi ötən ilin iyun ayında dini icmalar tərəfindən müvafiq etiraz məktubları hazırlanaraq həm elektron qaydada, həm də Komitə vasitəsilə aidiyyəti üzrə göndərilmişdir.

İctimaiyyətlə əlaqələrin genişləndirilməsi və Komitənin fəaliyyətinin şəffaflığının təmin olunmasına dair

Hesabat dövründə Komitə sədri Sumqayıt, Hacıqabul, Şabran və Yardımlı, Şamaxı, Lənkəran, Kürdəmir, Yevlax, Sabirabad və Gəncədə vətəndaşları qəbul etmişdir. Qəbullar zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılmış, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilmişdir.

Komitənin ölkə ictimaiyyəti və media qurumları ilə əlaqələrinin genişləndirilməsi, rəhbərliyinin və əməkdaşlarının KİV-də fəal iştirakının təmin edilməsi,  Komitənin rəsmi internet saytı və sosial şəbəkələrdəki fəaliyyətinin daha da operativləşdirilməsi, səhifələrin populyarlığının artırılması, qurumun “Elektron hökumət” portalına inteqrasiyasının sürətləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. 

Həmçinin Komitənin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması təmin edilmiş, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar hazırlanaraq yayımlanmışdır.

Rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılmanın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi depozitar proqram təminatlarından “İnsan resurslarının idarəolunması” və “Elektron sənəd dövriyyəsi” sistemlərinin Komitədə aidiyyəti üzrə istifadəsinin təmin olunması üçün lazımi addımlar atılmışdır.

Ötən dövr ərzində Komitə könüllülərinin Komitənin sədr müavini G.İsmayılov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovla görüşü təşkil edilmiş, eyni zamanda, Komitə şöbələrinin iş prinsipləri ilə tanış olmaları üçün şərait yaradılmışdır.

Hesabat dövründə Komitə yanında İctimai Şuranın iclası keçirilmişdir. Görüləcək işlərə həsr olunmuş iclasda Komitənin əməkdaşları və İctimai Şuranın təmsilçiləri ilə yanaşı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraların üzvləri iştirak etmişlər. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi, Platformanın fəaliyyətinin dəstəklənməsi məqsədilə "Din və Demokratiya Mərkəzi", "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması, "Beynəlxalq Dialoq və İnkişaf Alyansı", "Müasir İnkişaf", Milli QHT Forumu, Konstitusiya Araşdırmaları Fondu, "Mədəni İnkişaf və Dialoq", "Mədəni irs və multikultural inkişaf" və "Azəri tat mədəniyyət mərkəzi" ictimai birliklərinin iştirakı ilə görüş keçirilmiş, platformanın yaradılması barədə müzakirələr aparılmışdır. İctimai Şuranın 12 oktyabr 2022-ci ildə baş tutan növbəti iclasında isə Komitənin fəaliyyətinin aktual istiqamətləri müzakirə olunmuşdur.

Komitənin bütün istiqamətlər üzrə fəaliyyəti rəsmi veb səhifəsində 3 dildə - Azərbaycan, ingilis, rus dillərində əks olunmuşdur. Elektron resursun xəbər lenti mütəmadi olaraq yenilənmiş, 1000-dən çox xəbər yerləşdirilmişdir.

Komitənin rəsmi saytı vasitəsilə (scwra.gov.az) məlumatların açıqlığı və əlçatanlığı təmin edilmiş, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın ictimaiyyətə daha dolğun təbliğ edilməsi üçün Müsahibə və attestasiya bölməsi yaradılmışdır. “Jivochat” onlayn proqramı vasitəsilə 500-ə yaxın müraciət cavablandırılmışdır.

Qeyd edək ki, Media Təhlil Mərkəzinin keçirdiyi sorğu nəticəsində Komitənin qaynar xəttinin fəaliyyəti vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Komitənin tabeliyində olan qurumların fəaliyyətinə dair

Mənəvi Dəyərlərin Təbliği Fondu

Dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və təbliği, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etmək məqsədi ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu (Fond) 2022-ci ildə də bu istiqamətdə fəaliyyətini davam etdirmişdir.  

Fondun fəaliyyətinin başlıca istiqamətlərindən biri dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək verməkdir. Belə ki, rəsmi olaraq məscidlərə təyin edilmiş din xadimlərinə (imam, imam müavini və mütəvəlli) Fond tərəfindən maddi dəstək göstərilir. Bundan əlavə, din xadimlərinə dövlət qayğısının təzahürü olaraq, rəsmi təyinat almış din xadimlərinə verilən maddi dəstək artırılmışdır.

Həmçinin Prezident cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Fonda 350,0 (üç yüz əlli) min manat ayrılmış, müvafiq olaraq 24 qeyri-islam təmayüllü icmalar arasında bölünmüşdür.

Hesabat dövrü ərzində Fond tərəfindən dini etiqad sahəsində işlər davam etdirilmiş, bir sıra İslam və qeyri-islam dini icmalarının maarifləndirici layihələrinə maddi dəstək göstərilmişdir. Ötən ilin 26 fevral tarixində Fondun təşkilatçılığı ilə Alban-udi xristian icmasının üzvləri Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Kəlbəcər rayonundakı "Xudavəng" məbədində dini ayinlər icra etmiş, faciə qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxumuşlar.

15 mart 2022-ci ildə Fondun maliyyə dəstəyi və Azərbaycan Bibliya Cəmiyyətinin sifarişi əsasında çəkilən "Mənəvi intibah" sənədli filminin təqdimatı baş tutmuşdur.

14 apreldə Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarının nümayəndələri “Pasxa” bayramı münasibətilə Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə, Hünərli və Tuğ kəndlərinə səfər etmişlər.

Ramazan ayı çərçivəsində Fondun maliyyə dəstəyi ilə ölkəmizin bir sıra şəhər və rayonlarında iftar süfrələri təşkil edilmişdir. Belə ki, 23 apreldə Gəncə şəhər "Qazaxlar" məscidi dini icmasının təşkilatçılığı ilə Gəncə şəhərində, 25 apreldə İçərişəhər "Həzrət Məhəmməd" məscidi dini icmasının təşkilatçılığı ilə "Heydər" məscidində, 28 apreldə Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Sumqayıt şəhərində şəhid ailələri, qazilər və müharibə veteranları üçün iftar mərasimləri təşkil edilmişdir. 30 apreldə isə Masallı Rayon İcra Hakimiyyətinin və QMİ-nin Masallı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə iftar süfrəsi açılmış, mərasimdə şəhid ailələrinin hər bir üzvünə Fondun maliyyə dəstəyi və Masallı rayonu Bağıroba kənd məscidi dini icmasının təşkilatçılığı ilə hazırlanmış yüz manat məbləğində alış-veriş kartları təqdim edilmişdir.

Qədim kökləri olan milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunması və inkişafı, dövlət-din münasibətləri sahəsində görülən işlərin daha böyük kütlələrə çatdırılması və təbliğ edilməsi məqsədilə aparılan maarifləndirmə işləri də müxtəlif istiqamətlərdə həyata keçirilmiş, məqsədli proqramların, sosial layihələrin hazırlanması və reallaşdırılmasında Fond tərəfindən maddi və mənəvi dəstək təmin edilmişdir. Bunlara sosial mesajlar verən, o cümlədən, Azərbaycançılıq, vətənpərvərlik, yaradıcılıq və s. mövzularla bağlı filmlər, videoçarxlar, seminar-müşavirələr, universitetlərdə tələbələrlə görüşlər, tədbirlər, müsabiqələr, layihələr, TV və radio yayımlarında çıxışlar və s. daxildir.

Fond 23-24 apreldə Xırdalan şəhərində təşkil edilən “Oxu günü-8” kitab sərgi-festivalında iştirak etmişdir. Sərgidə Fondun sifarişi əsasında nəşr edilən kitablar nümayiş edilərək iştirakçılara pulsuz paylanılmışdır.

28 apreldə Komitə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbir keçirilmişdir. “Dünyəvi dövlət sistemində dinin yeri və rolu” mövzusunda keçirilmiş görüşdə Komitə sədrinin birinci müavini S.Salahlı, Fondun əməkdaşı, Penitensiar xidmətin məsul şəxsləri iştirak etmişlər. Sonda Komitənin və Fondun sifarişi ilə nəşr edilən müxtəlif adda kitablar müəssisəyə hədiyyə edilmişdir.

Fond hərbi vətənpərvərlik sahəsində də maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Ötən il Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) rəhbərliyi ilə görüş keçirilmiş və hərbçilərimizin mənəvi ruhunun yüksəldilməsinə dəstək məqsədilə Azərbaycan dilində Qurani-Kərim kitabları hədiyyə edilmişdir.

Həmçinin Fond Müdafiə Nazirliyinin may ayında elan etdiyi “Əsgərin kitab rəfi” aksiyasına qoşulmuş, aksiya çərçivəsində Müdafiə Nazirliyinə kitablar hədiyyə edilmişdir.

Hesabat dövründə Fond tərəfindən təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlər görülmüş, Azərbaycan İlahiyyat İnstitutunun 58 tələbəsinə aylıq 100 və 150 manat, bir tələbəyə maddi vəziyyətinin çətin olması səbəbi ilə 200 manat, bir tələbəyə isə 200 manat Heydər Əliyev təqaüdünün verilməsi davam etdirilmişdir.

5 martda "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Fondun dəstəyi ilə Lənkəran Dövlət Universitetində “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilmişdir. Tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan Lənkəran şəhidlərinə həsr olunan video-rolik nümayiş etdirilmiş, iştirakçılara Fondun dəstəyi ilə nəşr olunan kitablar hədiyyə edilmişdir.

1 apreldə Bakı Mühəndislik Universitetində Fondun maliyyə dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sədi Musayevin döyüş yolundan bəhs edən "Qanla yazılan ömür" sənədli filminin təqdimatı keçirilmiş və tədbirin sonunda Fondun dəstəyi ilə çap olunan kitablar iştirakçılara hədiyyə edilmişdir.

20 apreldə Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Fondun birgə təşkilatçılığı ilə hazırlanan "Şuşa kataloqu"nun təqdimatı olmuşdur. Şuşa şəhərində yerləşən və dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrindən təfsilatlı bəhs edilən “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması “Şuşa ili”nə verilən töhfədir. İki dildə - Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidələrinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapmışdır.

26 apreldə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Bakı Slavyan Universitetinin tərəfdaşlığı ilə şəhidlərimizin xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilmişdir. Tədbirdə Fondun dəstəyi ilə ərsəyə gəlmiş, telejurnalist Afət Telmanqızının ssenari müəllifi olduğu, Aprel döyüşlərində şəhid olan XTQ-nin kapitanı Mühüd Orucova həsr olunan “Vətən borcu” adlı filmin təqdimatı olmuşdur.

8 dekabrda Fondun maliyyə dəstəyi, Samux Rayon İcra Hakimiyyətinin Samux şəhər müsəlmanlarının dini icmasının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin valideynləri, övladları və yaxınlarının "Zəfər səfəri" layihəsi çərçivəsində Şuşa şəhərinə səfəri təşkil edilmişdir.

14 dekabrda Fondun maliyyə dəstəyi və Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə və lənkəranlı şəhidlərə həsr olunan “Zəfər carçıları” adlı sənədli film nümayiş olunmuşdur. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Balakən rayonu Kortala kəndində Birinci Qarabağ müharibəsində şəhid olan Xocaxov Sabir Həbib oğlunun və Qaradağ rayon Qobustan qəsəbəsindən olan Abbasov Nizami Bağır oğlunun Fond tərəfindən bərpa edilən məzarları isə vətənpərvərlik mövzusuna daim həssas yanaşmanın bariz nümunəsidir. 

Fond tərəfindən 11 mayda Azərbaycan Dillər Universitetinin magistr tələbələri ilə “Dəyərlər və kimlik” mövzusunda görüş təşkil edilmişdir. Görüşdə magistrlərlə geniş fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

20-21 sentyabrda Fond, Azərbaycan İlahiyyat İnstitutu, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzi tərəfindən “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium təşkil edilmişdir.

Fond 2022-ci ildə ölkədə fəaliyyət göstərən dini icmalar tərəfindən təqdim olunmuş 27 maarifləndirici layihəni maliyyələşdirmişdir.  

Həmçinin ötən ilin mart ayının 8-də Fondun maliyyə dəstəyi və bir sıra dini icmaların təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə Masallı, Lənkəran və Cəlilabad rayonlarında şəhid ailələrinin xanım üzvləri üçün tədbir keçirilmişdir. Fondun əməkdaşları tərəfindən 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstə Baxışovanın anası Məktubə xanım ziyarət edilmiş, ona Qurani-Kərim kitabı və məişət avadanlığı hədiyyə verilmişdir.

Mədəniyyətimizin və dəyərlərimizin daha geniş kütlələrə çatdırılması istiqamətində görülən işlərdən biri də Fond tərəfindən 16 mart – 31 may 2022-ci il tarixlərini əhatə edən və sosial şəbəkə (Facebook, Instagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqənin təşkili olmuşdur. Əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsi olan müsabiqəyə ümumilikdə 23 video status təqdim olunmuş, 1-ci yer üçün 1000 manat, 2-ci yer üçün 700 manat, 3-cü yer üçün 500 manat, həvəsləndirici yer olaraq isə 5 nəfər qalib iştirakçıya hər biri 300 manat dəyərində pul mükafatları verilmişdir.

Bundan əlavə, Fond  22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi keçirmişdir.

Fond 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında “Haqqın zəfəri” adlı müsabiqə keçirmişdir. Müsabiqəyə təqdim edilən materiallar məqalə, şeir, hekayə formatında qəbul edilmişdir. Müsabiqədə vətənpərvərlik və dini-mənəvi dəyərlər, Azərbaycanda dini həmrəylik və birgəyaşayış ənənəsi, tarixi-dini abidələr, dövlətçiliyimizin möhkəmlənməsində mənəvi dəyərlərin rolu kimi movzular ön plana gətirilmişdir.

Fondun təşkilatçılığı ilə Masallı, Xaçmaz rayonlarında və Bakı şəhərində din xadimləri üçün “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminar təşkil edilmişdir. Qeyd edək ki, Masallıda təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminarda yerli din xadimləri ilə yanaşı, Oğuz, Qəbələ və Şamaxıdan olan din xadimləri, Bakıda təşkil edilən eyniadlı seminarda Bakı şəhərindən olan din xadimləri ilə yanaşı Balakən, Zaqatala, Şəki və Qax rayonlarından olan din xadimləri, eləcə də Xaçmaz rayonunda həyata keçirilən tədbirdə isə Xaçmaz rayonundan olan din xadimləri ilə yanaşı Neftçala, Salyan, Sabirabad, Quba və Xaçmaz rayonlarından olan din xadimləri də iştirak etmişlər.

 

Azərbaycan İlahiyyat İnstitutu

 

Azərbaycan İlahiyyat İnstitutu (İnstitut) 2022-ci il üzrə fəaliyyətini müvafiq plana əsasən yerinə yetirmiş, İnstitutun işinin qanunvericiliyə əsasən həyata keçirilməsi təmin olunmuşdur.

2022-ci təqvim ili 2021/2022-ci tədris ilinin yaz semestrini və  2022/2023-cü tədris ilinin payız semestrini əhatə etmişdir. Hər iki semestr üzrə tədris prosesi tədris planlarına uyğun həyata keçirilmiş, dərslər İnstitutun müəllimləri tərəfindən yüksək səviyyədə tədris edilmişdir. İnstitutda təhsilin keyfiyyətinin mövcud vəziyyəti və müəllimlərin peşəkarlıq səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə hər iki semestr ərzində monitorinqlər (açıq dərslər) və anonim sorğular təşkil edilmişdir.

İnstitutda hazırda 290 azərbaycanlı, 14 əcnəbi tələbə təhsil alır: Bakalavriat səviyyəsi üzrə 288 (həmçinin 7 passiv), magistratura üzrə 11 (həmçinin 1 passiv), doktorantura üzrə 5 tələbə. Bakalavriat səviyyəsi üzrə 136 tələbə (həmçinin 4 passiv) “Dinşünaslıq” ixtisası, 138 tələbə (həmçinin 3 passiv)  “İslamşünaslıq” ixtisası üzrə təhsil alır. Bakalavriat səviyyəsində təhsil alan 14 əcnəbi tələbədən 11-i Gürcüstandan, 3-ü Türkiyə Respublikasındandır.

 “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə normativ təhsil müddətində bakalavriat səviyyəsinin tədris planlarına uyğun nəzəri və təcrübi kursu tam yerinə yetirərək nəzərdə tutulmuş kreditləri topladıqlarına görə, IV kurs tələbələri üçün buraxılış işinin müdafiəsi təşkil edilmişdir.

İlahiyyat elminin tədrisi və inkişafı üçün ərəb dilinin əhəmiyyətini nəzərə alaraq, bu dilin daha mükəmməl öyrənilməsi məqsədilə İnstitutun təhsilalanları üçün ödənişsiz qaydada 3 ay müddətinə ərəb dili üzrə fakültətiv kurslar təşkil edilmişdir. 2022/2023-cü tədris ilinin payız semestrində “Azərbaycan İlahiyyat İnstitutu tərəfindən fakültətiv tədris kurslarının təşkili və həmin kursların fəaliyyəti haqqında Əsasnamə” təsdiq edilmiş, Əsasnaməyə əsasən İnstitutda ərəb və ingilis dilləri üzrə fakültətiv kurslar fəaliyyətə başlamış, III tədris ili tələbələri üçün Peşə hazırlığı kursu təşkil olunmuşdur. Tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün 1 oktyabr 2022-ci il tarixdən etibarən İnstitutda Ebru sənəti kursları təşkil edilmiş və hazırda da davam etməkdədir.

Hesabat dövründə Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının Alban–Udi Xristian Dini İcması üçün ödənişsiz qaydada Xristianlıq tədris kursu təşkil olunmuşdur.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Komitənin Azərbaycan Ordusunda dini radikalizmlə mübarizəyə dair qarşılıqlı planının icrası ilə bağlı Heydər Əliyev adına Hərbi İnstitut ilə Azərbaycan İlahiyyat İnstitutunun 2022-ci il üzrə birgə Tədbirlər Planı hazırlanmış və həmin Plana əsasən, İnstitut müəllimləri Heydər Əliyev adına Hərbi İnstitutda müxtəlif mövzulu məruzələrlə çıxış etmişlər.

Qazaxıstan Respublikasının “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin 2 tələbəsi 2022-ci ilin birinci yarımili dövründə 10 fevral-1 iyul tarixləri arasında mübadilə proqramı çərçivəsində “İslamşünaslıq” ixtisası üzrə təhsillərini İnstitutda davam etdirmişlər. Sözügedən tələbələrin dərslərinin əksəriyyəti ingilis dilində, bir qismi isə ərəb dilində tədris edilmişdir.

İnstitutun və Türkiyənin İstanbul “29 Mayıs” Universitetinin əməkdaşlığı çərçivəsində İlahiyyat fakültəsinin “Dinşünaslıq” ixtisası üzrə təhsil alan III kurs bakalavr tələbələri (2 nəfər) 2021/2022-ci tədris ili yaz semestri müddətində təhsillərini İstanbul “29 Mayıs” Universitetində davam etdirmişlər.

İnstitutun Özbəkistan Beynəlxalq İslam Akademiyası (ÖBİA) ilə imzaladığı Memorandum çərçivəsində ÖBİA-nın “Dinşünaslıq” ixtisası üzrə təhsil alan 5 (beş) magistrantı 1 həftə müddətində İnstitutda təcrübə keçmişlər.  

2021/2022-ci tədris ili payız semestrinin imtahan sessiyasını uğurla başa vurmuş İnstitutun İlahiyyat fakültəsinin bakalavr tələbələri üçün Lənkəran rayonunda “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi” təşkil edilmişdir.

Hesabat dövründə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının tələbələri Quba rayonunda yerləşən Quba Soyqırımı Memorial Kompleksini, “Qırmızı qəsəbə”ni, sinaqoqları və Quba şəhərində yerləşən məscidləri ziyarət etmişlər. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində olan Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə ekskursiya təşkil olunmuş, tələbələrin arxiv sənədləri və onların saxlanma şəraiti ilə əyani tanışlığına şərait yaradılmışdır. Həmçinin tələbələr Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzini,  Ulu Öndər Heydər Əliyevin adını daşıyan məscidi, "Atəşgah” məbədini, Bakıdakı Ali-mələk Mikayıl Kilsəsini, Şirvanşahlar Saray Kompleksini və xəlvətilik təriqətinin azərbaycanlı nümayəndəsi, xəlvətiliyin ikinci Piri – Seyid Yəhya Şirvaninin (Bakuvi) qəbirüstü abidəsini, Şəhidlər xiyabanını ziyarət etmişlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2022-ci il üçün fəlsəfə doktoru proqramı üzrə dissertanturaya və doktoranturaya (əyani) qəbul elan edilmişdir. Hazırda qəbul imtahanları keçirilməkdədir.

Bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbələrin qəbulu üçün Dövlət İmtahan Mərkəzi (DİM) ilə müzakirələr aparılmış, tələb olunan sənədlər hazırlanmışdır. Qabiliyyət tələb edən “İslamşünaslıq” ixtisası üzrə Dini-psixoloji komissiyanın yaradılması və tərkibi, “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunacaq müsabiqə şərtləri barədə məlumat DİM-ə göndərilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilən ATİS-ə (Ali Təhsil Müəssisələrinin İnformasiya Sistemi) əlavə olunan yeni modullar üzrə tələb edilən məlumatlar mərhələli şəkildə işlənmişdir.

İnstitutda doktorant (dissertant) olmaq istəyən namizədlər üçün “Açıq qapı” günü təşkil edilmişdir.

İnstitutun strategiyasının əsas istiqamətlərindən biri də professor-müəllim heyətinin və digər əməkdaşların elmi fəaliyyətidir. Yeni dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, proqramların və s. hazırlanması, onların nəşr olunması prioritet məsələlərdəndir. Eyni zamanda, hesabat dövründə İnstitut əməkdaşları və professor-müəllim heyətinin respublika və beynəlxalq simpoziumlar, elmi konfranslar, treninqlər, təlimlər, tədbirlərdə və s. iştirakına şərait yaradılmış, onlara lazımi köməklik göstərilmişdir.

Hesabat dövründə İnstitut tərəfindən Fond, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzi ilə birgə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium, “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı təşkil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisi, QMİ, Komitə və İnstitutun təşkilatçılığı ilə “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda konfrans keçirilmişdir. Həmçinin İnstitut və “İdrak” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20-21 dekabr 2022-ci ildə Bakı şəhərində “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum təşkil olunmuşdur.

Hesabat dövründə İnstitutda əməkdaş və tələbələrin iştirakı ilə 25-dən çox müxtəlif səpkili tədbir (seminar, “dəyirmi masa”, təqdimat və s.) keçirilmişdir. Onların arasında Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar; ölkə şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin vəfatının ildönümünə həsr olunmuş; İlahiyyat fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhid olmuş Vüqar Məmmədovun Anım Günü tədbirləri də yer almışdır.

Türkiyənin İstanbul şəhərində İnstitutun təşkilatçılığı ilə Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirilmişdir.

İnstitut oktyabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmişdir.

Bununla yanaşı, müxtəlif dini mövzularda İnstitut müəllimlərinin iştirakı ilə maarifləndirici videolar hazırlanmış, ictimaiyyətə təqdim olunmuşdur. Həmçinin İnstitut rəhbərliyi və müəllimlərinin KİV-də, xüsusilə televiziya (“İnam”, “Din və cəmiyyət”, “Xəbər ertəsi”, “Səs” TV və s.) və radio verilişlərində, İnstitutun yeni layihəsi “İlahiyyat TV” yutub kanalının “Müasir dünya və din”, “Vəhyin işığında” və “İslam deyir ki...” proqramlarında çıxışları təşkil edilmişdir. İnstitut əməkdaşları bir sıra bölgələrdə yerləşən hərbi hissələrdə vətənpərvərlik və dinimizdə Vətən sevgisi mövzusunda maarifləndirici tədbirlərdə ekspert qismində çıxış etmişlər.

İnstitutun kollektivi Qurban bayramı münasibətilə Vətən Müharibəsində iştirak etmiş şəhid və qazilərin ailələrinə bayram sovqatı paylamışdır.

İnstitut öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasına xüsusi önəm vermişdir.

İnstitut ilə Türkiyənin Tekirdağ Namık Kemal Universiteti arasında “Mövlanə” mübadilə proqramı çərçivəsində Əməkdaşlıq Protokolu, habelə Muş Alparslan Universiteti ilə birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Protokolu imzalanmışdır. Türkiyənin Marmara Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə  İnstitutun Elm və innovasiyalar üzrə prorektorunun Marmara Universitetinə səfəri baş tutmuşdur.

Hesabat dövründə Türkiyənin Yıldız Teknik Universiteti, Yozgat Bozok Universiteti, Bülent Ecevit Universiteti və Tekirdağ Namık Kemal Universitetinin nümayəndə heyətləri,  Konya Teknik Universitetinin və Necmeddin Erbakan Universitetinin rektorları İnstitutun qonaqları olmuş, onlarla birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Pakistan Müsəlman İnstitutunun koordinatoru Asif Tanver Avan, Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti, Dinlərarası Forumun regional hazırlıq iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan – Sonuncu Gün Müqəddəslərinin İsa Məsihi Kilsəsinin ümumi səlahiyyətlisi Erix Kopişke və “Stirling” Fondunun baş icraçı direktoru Edvard B.Rou, İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam, Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabev və digərləri İnstitutu ziyarət etmişlər.

            Ötən ildə Gürcüstanda səfərdə olan İnstitutun rektoru Aqil Şirinov iyunun 7-də Tbilisi Ruhani Akademiyasında olmuş, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, xüsusən də dini qurumlar arasında əməkdaşlıq, dini təhsil, dövlət-din münasibətləri barədə fikir mübadiləsi aparmışdır.  

A.Şirinov Bolqar İslam Akademiyasının dəvəti ilə İdil bulqarlarının İslam dinini qəbul etmələrinin 1100 illiyinə həsr olunmuş beynəlxalq tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərinə səfər etmiş, 17-19 oktyabr 2022-ci ildə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində təşkil olunan “Birlikdə yeni körpülərin qurulması: keyfiyyətli təhsil əsasında mənəviyyat və dəyərlər” mövzusunda beynəlxalq simpoziumun plenar sessiyasında və sözügedən tədbir çərçivəsində 18 oktyabr 2022-ci ildə təşkil olunan “Ali təhsil və beynəlmiləlləşmə” başlıqlı panel iclasda “Dözümsüzlüyün aradan qaldırılmasında dini təhsilin rolu: Azərbaycan İlahiyyat İnstitutunun təcrübəsində” mövzusunda məruzə, Cenevrə Universiteti İlahiyyat fakültəsinin magistr tələbələri qarşısında mühazirə ilə çıxış etmişdir. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və Müqəddəs Taxt-tacın nümayəndəsi, Vatikanın bu ölkədəki BMT təsisatlarında səfiri, arxiyepiskop Fortunatus Nvaçukvu, Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabev və Cenevrə Dinlərarası Dialoq Platformasının nümayəndələri ilə görüşmüşdür.