Şriftin ölçüsü:
Saytın rəngi:
AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN
2019-CU İLDƏ FƏALİYYƏTİ BARƏDƏ
HESABAT
Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri daim təkmilləşdirilir, inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atılır, respublikamızda multikultural mühit möhkəmlənir, o cümlədən tolerantlıq ənənələri güclənir. Dövlət və dini qurumlar arasında münasibətlər yüksək səviyyədədir, maarifləndirmə işi geniş miqyasda aparılır.
Ölkəmizdə dini qurumlara dövlət qayğısı daim artmaqdadır. Qədim tariximizi əks etdirən dini abidələrimizin bərpası və qorunması, eləcə də yeni dini məbədlərin inşası tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə əhəmiyyətli töhfə verir.
Dini mühitdə sabitliyin və həmrəyliyin qorunub saxlanılması istiqamətində fəaliyyətini davam etdirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) Azərbaycan Respublikasının Konstitusiyasını, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Komitəsinin Əsasnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutaraq, 2019-cu ilin İş planına uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir.
Dini durumun tənzimlənməsi və dini qurumlarla iş üzrə
Dövlət Komitəsi tərəfindən respublikada dini durumu hərtərəfli öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində radikal dini cərəyanların və ekstremist qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində müvafiq qurumlarla, o cümlədən yerli icra strukturları və hüquq mühafizə orqanları ilə koordinasiyalı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir.
Hesabat dövründə mütəmadi olaraq informasiya bankı yenilənmiş, məlumatlar dəqiqləşdirilmiş və statistikalar müəyyənləşdirilmişdir. Son hesablamalara görə, ölkə ərazisində 2252 məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Ramazan ayı. 2019-cu ildə Ramazan ayı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilərək, ay boyunca dini durum nəzarətdə saxlanılmış, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər aparılmışdır.
Eyni zamanda, icra olunacaq ibadətlərin vaxtları barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun xüsusi təqvim hazırlanmışdır. Bütün dini icmaların QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməsi mütəmadi diqqət mərkəzində saxlanılmışdır. Görülən tədbirlər nəticəsində ölkə ərazisindəki məscidlərin mütləq əksəriyyətində rəsmi təqvimə riayət olunmuşdur.
Dini icmalara sərbəst şəkildə təravih namazlarının icrası, Qədr gecələrinin əhya edilməsi ilə bağlı lazımi şərait yaradılmışdır.
Müqəddəs ay ərzində respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən və dövlət qeydiyyatından keçən dini icmalar iftar süfrələri ətrafında dini maarifləndirici tədbirlər keçirmiş, həmin iftar süfrələrində ziyalılar, din xadimləri, ağsaqqallar, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları və Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər. Qeyd olunan bütün tədbirlərdə dindarlarla söhbətlər aparılmış, ümumi həmrəylik, vəhdət mühiti yaradılmışdır.
Məhərrəm ayı. 2019-cu ildə “Məhərrəmlik” mərasimləri ilə bağlı plana uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilmiş, dini mərasimlərin QMİ-nin Məhərrəmliklə bağlı qəbul etdiyi fətvada irəli sürülmüş şəri qaydalar əsasında keçirilməsi istiqamətində İslam dini icmaların sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılmışdır. Vətəndaşların dini etiqad azadlığının tam təmin olunması, mərasimlərin milli adət-ənənələrə uyğun şəkildə yüksək səviyyədə təşkil edilməsi və neqativ halların, xurafat və mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər, xüsusilə də maarifləndirmə işi həyata keçirilmişdir. Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində QMİ, eləcə də yerli icra hakimiyyətləri yanında yaradılmış qərargahlar və hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər görülmüşdür.
“Tasua” günü 2019-cu ilin 9 sentyabr, “Aşura” günü isə 10 sentyabr tarixinə təsadüf etmişdir. Bu münasibətlə həmin tarixlərdə məscidlərdə xüsusi monitorinqlər təşkil olunmuş, Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları respublika üzrə məscid və ziyarətgahlarda keçirilmiş mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparmışlar.
Dövlət Komitəsinin əməkdaşlarının respublikanın şəhər və rayonlarında apardıqları monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinin nəticələrinə əsasən, ötən il Aşura mərasimi ümumilikdə sabit keçmiş, bəzi neqativ hallar istisna olmaqla ciddi pozuntuya yol verilməmişdir
Aşura mərasimləri ibadətgahlarda (məscid və ziyarətgahlarda) və onlara məxsus ərazilərdə təşkil olunmuş, kənar yerlərdə kütləvi mərasimlərin keçirilməsi müşahidə edilməmişdir. İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarlar və digər dini atributlar nümayiş etdirilməmişdir. Dövlət Komitəsi hər il olduğu kimi QMİ tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək verərək dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini ötən il də davam etdirmişdir. 2019-cu ildə 15-i Bakı şəhərində, 18-i isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 33 yerdə qanvermə aksiyası keçirilmişdir. Görülən tədbirlər nəticəsində qanvermə aksiyasında artım müşahidə olunmuşdur. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, Aşura günü keçirilmiş qanvermə aksiyasında 5809 nəfər qan vermiş, 2614 litr qan toplanmışdır.
2019-cu ildə Məbəs (Həzrət Məhəmmədə peyğəmbərliyin verilməsi) bayramı 4 aprel, Qurban bayramı 12-13 avqust, Məhəmməd peyğəmbərin mövlud həftəsi 11-17 noyabr tarixlərinə təsadüf etmişdir. Qeyd olunan əlamətdar dini günlərlə bağlı respublika üzrə məscidlərdə tədbirlər yüksək səviyyədə keçirilmiş, hər hansı insident qeydə alınmamışdır.
Qeyri-müsəlman icmalarla iş. Hesabat dövründə Bakı şəhərində fəaliyyət göstərən sinaqoq, kilsə və dua evlərində, eləcə də bəhailərin, krişnaçıların ibadət yerlərində müntəzəm monitorinqlərin aparılması, protestantların bazar günü ibadətlərinə nəzarət olunması, mövcud olan qeyri-müsəlman icmalarla bağlı məlumat bankının yenilənməsi və mütəmadi olaraq məlumatların dəqiqləşdirilməsi prosesi həyata keçirilmişdir. Bundan başqa, Azərbaycanda mövcud olan qeyri-müsəlman dua evlərinin (kilsələr istisna olmaqla) rayonlar üzrə saylarının dəqiqləşdirilməsi, onların fotoşəkillərinin məlumat bazasına daxil edilməsi, sahələrinin müəyyənləşdirilməsi istiqamətində iş aparılmışdır. Məlum olmuşdur ki, ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.
Qeyri-müsəlman dini icmaların bayram və əlamətdar günlərinin icrası ilə bağlı lazımi şərait yaradılmış və ümumi nəzarət tədbirləri davam etdirilmişdir. Belə ki, Milad, Pasxa, Purim, Pesax və s. bu kimi bayram tədbirləri qeyri-müsəlman icmalar tərəfindən yüksək səviyyədə qeyd olunmuşdur.
Hesabat dövründə dini icmalarda dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsi sahəsində həyata keçirilən müvafiq işlər davam etdirilmişdir. Belə ki, hər il olduğu kimi 2019-cu ildə də 20 Yanvar faciəsinin ildönümü ərəfəsində ölkədə fəaliyyət göstərən dini qurumlara ibadət evlərində din xadimləri tərəfindən vətənpərvərlik hisslərinin təbliği məqsədilə moizə və xütbələrin verilməsi, şəhidlərimizin ruhlarına dualar oxunması tövsiyə edilmişdir. Eyni zamanda, Xocalı faciəsinin, eləcə də 31 mart Azərbaycanlıların Soyqırımı Gününün ölkə dindarları tərəfindən qeyd olunması, bu faciələr barədə həqiqətlərin insanlara, xüsusən gənc nəslə çatdırılması üçün dini icmalarla yaxından əməkdaşlıq edilmişdir.
İnzibati tədbirlər. Dövlət Komitəsi ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirləri intensiv şəkildə davam etdirmişdir.
Ötən dövr ərzində İnzibati Xətalar Məcəlləsinin (İXM) 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsinə əsasən Sumqayıt bölgəsi üzrə 1, Bakı bölgəsi üzrə 10 və İXM-nin 516.0.2-ci (“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın (kağız və ya elektron daşıyıcılarda), audio və ya video materialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına görə) maddəsinə əsasən Bakı bölgəsi üzrə 1, Sumqayıt bölgəsi üzrə 2, Şirvan bölgəsi üzrə 2, Ağcəbədi bölgəsi üzrə 1 nəfər barədə, ümumilikdə 17 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilmişdir. Onlardan 1-i Sumqayıt Şəhər Məhkəməsi tərəfindən rədd edilmişdir.
Bundan başqa, polis tərəfindən İXM-nin 515.0.2-ci maddəsinə əsasən Zaqatala rayonunda 8, Qax rayonunda 4, Şəki şəhərində 1 və Sabirabad rayonunda 2 protokol tərtib edilmişdir.
Hüquq və qeydiyyat üzrə
2019-cu ildə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilmiş, onların ümumi sayı 941-ə çatmışdır. Onlardan 906-sı İslam, 35-i qeyri-islam təmayüllüdür. Sonunculardan 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 95 müraciət (89-u İslam, 6-sı qeyri-müsəlman təmayüllü) daxil olmuş, 38 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmışdır. Ümumilikdə 34 dini icma (31-i İslam, 3-ü qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınmışdır. Hazırda 38 (37 müraciət hesabat dövrü ərzində, 1 köhnə müraciət) dini icmanın sənədləri yoxlanılır.
Təsis sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı 146 dini qurum müraciət etmişdir. Bunlardan 102 dini qurumun təsis sənədlərində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alınaraq dini qurumların dövlət reyestrinə daxil edilmiş, 44 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmışdır.
11 dini icma ləğv edilməsi barədə məlumatın dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmişdir. Onlardan 6 dini qurumun ləğv edilməsi barədə məlumat dini qurumların dövlət reyestrinə daxil edilmişdir.
Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsilə bağlı 11 və ixtisaslaşdırılmış satış məntəqəsi vasitəsilə satışın həyata keçirilməsinə verilmiş razılığın ləğv edilməsi ilə əlaqədar 3 müraciət daxil olmuşdur. Ümumilikdə 9 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmış, 3 ixtisaslaşdırılmış satış məntəqəsi vasitəsilə satışın həyata keçirilməsinə verilmiş razılıq ləğv edilmişdir. 2 müraciətə razılıq verilmiş, 1 müraciətlə bağlı sənəd isə yoxlanılır. 1 ixtisaslaşdırılmış satış məntəqəsinə razılığın verilməsindən imtina edilmişdir.
Hesabat dövründə Dövlət Komitəsində kadr işi dövlət qulluğuna dair qanunvericiliyə uyğun olaraq aparılmışdır. Müsabiqə yolu ilə 21, ümumi müsahibə yolu ilə 1, daxili müsahibə yolu ilə 6 nəfər işə qəbul edilmişdir.
Dövlət Komitəsinin hüquqlarının müdafiəsi ilə bağlı əməkdaşlar 30 məhkəmə iclasında iştirak etmişlər.
Dinşünaslıq ekspertizası üzrə
Ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində iş davam etdirilmişdir. Xaricdən gətirilən, eləcə də ölkədə yeni nəşr olunan dini təyinatlı ədəbiyyat öyrənilmiş, təhlil olunmuş, onlardan zərərlilərinin adları ölkədə nəşrinə və yayılmasına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat siyahısına daxil edilmişdir.
Ümumilikdə idxalla bağlı 2019-cu ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 239 adda dini ədəbiyyata baxılaraq, onlardan 14-nün çapı məqsədəuyğun sayılmamışdır.
Nəşrə hazırlanan ədəbiyyatlardan ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlərin çıxarılması ilə bağlı müəllif və tərcüməçilərlə fərdi qaydada söhbətlər aparılmış və bu istiqamətdə müsbət nəticələr əldə olunmuşdur.
Hesabat dövründə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində tədbirlər davam etdirilmişdir. Belə ki, 799 adda (648247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilmişdir.
Bunlarla yanaşı, dini ədəbiyyatlara, mal və məmulatlara və məlumat materiallarına tətbiq olunması prosedurunu hüquqi müstəvidə əks etdirən “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları” haqqında Nazirlər Kabinetinin 191 saylı 9 iyun 2014-cü il tarixli Qərarına əsasən dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanmasının müvafiq qaydada uçotu həyata keçirilmişdir.
Hüquq mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışını həyata keçirən mağazalara və müvafiq obyektlərə baxışların keçirilməsi davam etdirilmiş və müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş və ya istehsal olunmuş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınmışdır.
Hüquq mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilmiş 721 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 95-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilmişdir.
Təhlil və proqnozlaşdırma üzrə
Hesabat dövrü ərzində ölkədə dini durumun öyrənilməsi, radikal, o cümlədən qeyri-ənənəvi cərəyanların daşıyıcılarının fəaliyyət istiqamətlərinin araşdırılması, bu yöndə zərərli tendensiyaların müəyyən edilməsi və onların fəaliyyəti nəticəsində meydana çıxa biləcək mümkün təhdid ehtimallarının təhlil edilməsi işi davam etdirilmişdir. Daxil olan məlumatların sistemləşdirilməsi həyata keçirilmiş, həmin məlumatlar əsasında müxtəlif istiqamətlər, mövzular üzrə təhlil və proqnozlaşdırma işi təşkil edilmişdir.
2019-cu il Ramazan ayı, Məhərrəmlik mərasimləri ilə əlaqədar olaraq həm ölkə üzrə, həm də internet resurslarında mütəmadi monitorinqlər aparılmış, müşahidələr nəticəsində əldə olunmuş məlumatlar əsasında mövcud vəziyyət təhlil edilmişdir.
Yaxın regionda baş verən siyasi proseslərin izlənilməsi, həmin proseslərdə din amilinin rolu, din adı altında fəaliyyət göstərən silahlı birləşmələrin fəaliyyəti, bu hadisələrin ölkəmizə göstərdiyi təsirlər və vətəndaşlarımızın qeyd edilən məsələlərə münasibətinin, fikirlərinin araşdırılması da həyata keçirilmişdir.
Qadınlarla iş üzrə
Bu gün radikalizm, ekstremizm və digər mənfi tendensiyalardan əziyyət çəkən ölkələrə nəzər saldıqda, bu problemi yaradan amillər sırasında ümumi dini savadsızlıq, dini biliklərin elmi əsaslarla deyil, xurafat və mövhumat səviyyəsində təbliği kimi faktların dayandığı görünür.
Dini sahədə baş verən proseslərin dinamikliyi dini maarifləndirmə ilə bağlı yeni yanaşmaların meydana çıxmasını, xüsusilə onların keyfiyyət baxımından gücləndirilməsini şərtləndirir. Bu baxımdan müasir dövrdə Azərbaycanda dini radikalizmlə mübarizə, düzgün dini maarifçilik, ənənəvi və milli dəyərlərin təbliği sahəsində qadınlarla iş kifayət qədər vacib və əhəmiyyətlidir.
Qeyd edilənləri nəzərə alaraq, Dövlət Komitəsi ölkədə neqativ elementlərin qarşısının alınması məqsədilə qabaqlayıcı amil kimi qadınlarla iş sahəsində öz fəaliyyətini gücləndirmişdir. Belə ki, 2019-cu ildə ölkənin bir sıra bölgələrində qadınlarla müxtəlif səpkidə görüşlər keçirilmiş, maarifləndirici söhbətlər aparılmışdır. Bakı şəhərində, eləcə də digər rayonlarda idarə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan, rayon ictimaiyyətinin fəal üzvləri olan qadınların iştirakı ilə 6 regional (Bərdə, Xaçmaz, Lerik, Mingəçevir, Ağstafa və Zaqatala rayonları) konfrans keçirilmişdir.
Konfranslarda radikalizmin meydana çıxma səbəbləri, mənfi təzahürləri, ailə və cəmiyyət üçün təhlükələri kimi məsələlər ətrafında müzakirələr edilmiş, xüsusilə bölgələr üçün aktual olan və insan hüquqlarının ciddi şəkildə pozulması halı kimi erkən nikah və təhsildən yayınma hallarının aradan qaldırılması ilə bağlı profilaktik söhbətlər aparılmışdır.
Təhlillər göstərir ki, ölkəmizdə bu və ya digər dini xarakterli mərasimlərdə savadlı qadın din xadimlərinə ehtiyac var və dindarlaşma prosesinin təzahürü kimi bu fakt getdikcə aktuallığını artırır. Dövlət Komitəsi bu istiqamətdə QMİ ilə birgə fəaliyyətini 2019-cu ildə də davam etdirmişdir. Sayları az da olsa, din sahəsində çalışan, dövlət qeydiyyatından keçərək məscidlərdə dini icma sədri kimi fəaliyyət göstərən qadınlara (Gəncə şəhəri Bala Bağmanlar məhəlləsi "Həzrəti Zeynəb" məscidi, Ağcabədi rayonu “Seyyid Mürsəl ağa” məscidi) Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maddi dəstək göstərilmişdir.
Bütün sahələrdə olduğu kimi, ölkəmizdə dini sahədə yüksək ixtisaslı qadın kadrların olması zəruridir. Həm dini, həm də dünyəvi elmləri bilən, geniş dünyagörüşünə malik qadın ilahiyyatçı kadrların hazırlanması məqsədilə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu bu sahədə işini davam etdirmişdir. Hazırda İnstitutda 69 nəfər qız tələbə təhsil alır. Onların təhsillərini bitirdikdən sonra dinşünas və din xadimi kimi fəaliyyət göstərmələri nəzərdə tutulmuşdur.
Eyni zamanda dindarlaşma prosesində qadınların yerini və aktiv rolunu nəzərə alaraq, xüsusilə məscidlərdə Dövlət Komitəsinin qadın əməkdaşlarının iştirakı ilə cümə namazları, dini bayram və digər əlamətdar günlərdə mütəmadi monitorinqlər həyata keçirilmişdir.
Monitorinqlər zamanı dini durumun hərtərəfli öyrənilməsi və qiymətləndirilməsi məqsədilə qadınlar arasında dindarlıq səviyyəsi, say və yaş kateqoriyası, məzhəb və təriqət təəssübkeşliyi, xurafat elementlərinin təbliği, təbliğat və təşkilatlanmanın formaları, eləcə də maraq doğuran digər məqamların təhlili aparılmışdır.
Dini maarifləndirmə üzrə
2019-cu ildə Dövlət Komitəsi tərəfindən ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə 45 mindən artıq insanın iştirak etdiyi 500-ə yaxın tədbir həyata keçirilmişdir.
Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məqalə müsabiqəsi elan etmiş və 2019-cu ilin 1 may tarixində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda keçirilmiş konfransda müsabiqə qalibləri mükafatlandırılmış, eləcə də 15 iyun – Qurtuluş Günü münasibətilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu”, “Milli-mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir”, “15 İyun - Milli Qurtuluş Günü”, "Xalqın xilaskarı" və s. mövzularda müxtəlif formatlarda tədbirlər həyata keçirilmişdir.
Ölkənin şəhər və rayonlarında “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda 12 ikigünlük regional konfrans, “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda 21 ikigünlük seminar-müşavirə, “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda 20 ikigünlük seminar-treninq təşkil olunmuşdur.
Eyni zamanda, 2019-cu il ərzində Bakı şəhərində dövlət-din münasibətlərinin hüquqi, siyasi, mənəvi tərəflərini özündə əks etdirən müxtəlif mövzularda 30 konfrans keçirilmişdir.
Həmçinin “Dini radikalizmlə mübarizə: necə və nə etməli” mövzusunda 9 seminar-treninq, “Dini maarifləndirmə: imkanlar və perspektivlər” mövzusunda 9 seminar-treninq təşkil olunmuşdur.
“Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda Bakı şəhəri və ətraf qəsəbələri, eləcə də Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron və Masallı rayonlarında 12 seminar-müşavirə keçirilmişdir.
Dövlət Komitəsi Bakı şəhərində “Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi” mövzusunda respublika səviyyəli, “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda isə beynəlxalq səviyyəli konfransların birgə təşkilatçısı olmuşdur.
Həmçinin QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə “Şeyxülislam Allahşükür Paşazadə 70 – Mənəviyyata həsr olunmuş ömür” mövzusunda geniştərkibli konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Komitəsinin 2019-cu ildə dini ekstremizmə qarşı mübarizəyə dair birgə “Tədbirlər Plan”ı çərçivəsində “Məzhəbçilik – dini təhlükəsizliyə təhdid kimi”, “Din və ideoloji təhlükəsizlik”, “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzularda 12 regional seminar-müşavirə təşkil olunmuşdur.
Dövlət Komitəsi 2019-cu ildə dini maarifləndirmə işi sahəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da genişləndirmişdir. Belə ki, ilin əvvəlindən Silahlı Qüvvələrin şəxsi heyətinin maarifləndirilməsi istiqamətində Müdafiə Nazirliyi ilə 18, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə 7, Dövlət Sərhəd Xidməti ilə 6 tədbir həyata keçirilmişdir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dövlət Komitəsi arasında imzalanmış “Tədbirlər Planı” çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 25 tədbir baş tutmuşdur.
Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış “Mənəvi dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizəyə dair” birgə “Tədbirlər Planı” çərçivəsində Bakı Dövlət Universitetində “Prezident İlham Əliyevin siyasəti, güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda konfrans keçirilmişdir.
Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi arasında Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin təbliği və dini radikalizmə qarşı mübarizəyə dair 2019-cu il üçün birgə “Tədbirlər Planı” çərçivəsində Zaqatalada “Tolerantlıq – Azərbaycan xalqının mənəvi sərvətidir”, Yevlaxda “Qloballaşma dövründə xalqımızın mədəni və mənəvi dəyərlərinin qorunması”, Qubada “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi”, Gəncədə “Mədəni və mənəvi dəyərlərə təhlükə – dini radikalizm”, Ağcabədidə “Mədəni və mənəvi dəyərlərimizə qarşı təhdidlər: fanatizm və xurafat”, Lənkəranda “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzularında seminarlar təşkil olunmuşdur.
2019-cu ildə Dövlət Komitəsi bir sıra dövlət və özəl müəssisələrlə də yaxından əməkdaşlığı davam etdirmişdir. Belə ki, dini radikalizmin törətdiyi təhdidlərlə bağlı preventiv xarakterli, eləcə də ölkəmizdə mövcud tolerantlıq mühitinin daha da gücləndirilməsi, multikulturalizm siyasətinin təbliği və təşviqi məqsədilə müxtəlif qurumların kollektivləri arasında dini maarifçilik işinin təşkili məqsədilə maarifləndirici tədbir həyata keçirilmişdir.
Dövlət Komitəsi və Təhsil Nazirliyinin yerli strukturları tərəfindən təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması məqsədilə təhsil müəssisələrində 200-ə yaxın birgə tədbir təşkil edilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə əməkdaşlıq çərçivəsində Dövlət Komitəsi “İnsan Hüquqları Aylığı” ilə bağlı 33 tədbir, Beynəlxalq Sülh Günü” ilə bağlı “Sülh aylığı” çərçivəsində 13 tədbir, “Uşaq hüquqları aylığı” çərçivəsində 22 tədbir həyata keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı çərçivəsində İş Planı hazırlanaraq respublikanın bütün regionları əhatə olunmaqla tədbirlər təşkil edilmişdir.
Gənclər arasında hərbi vətənpərvərlik ruhunun təbliği məqsədilə 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu hərbi əməliyyatların ildönümü münasibətilə 2019-cu ilin aprel ayı ərzində “Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir”, “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı”, “Aprel şəhidləri: Azərbaycan xalqının milli-mənəvi qürur mənbəyidir”, “Aprel zəfəri – xalqımızın qələbə əzminin təntənəsi”, “Aprel döyüşləri – tariximizin şanlı səhifəsi”, “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” və s. mövzularda 10-a yaxın tədbir təşkil olunmuşdur.
Hesabat dövrü ərzində keçirilən bəzi maarifləndirici tədbirlərin formatına uyğun olaraq, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə”, “Şəhadət”, “Üfüqdəki gələcək”, “Vəhdət”, “Oxu” sənədli filmləri də nümayiş olunmuşdur. Ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələri, orta məktəblər, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirilən filmlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.
Ümumiyyətlə, bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunan tədbirlərdə müxtəlif din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədilə maarifləndirici mövzularda çıxışlar olmuşdur. Səmərəli diskussiyaların aparıldığı görüşlərdə respublikanın müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, imam və axundlar, dindarlar, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəalları iştirak etmişlər.
Maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında yayımlanan “İnam” verilişləri vasitəsi ilə də həyata keçirilmişdir. Hesabat dövründə “Dövlət və Din” ictimai fikir toplusunun 3 sayı, “Cəmiyyət və Din” qəzetinin isə 11 sayı çap edilmişdir. Nəşrlərdə dövlət başçısının ölkəmizin din sahəsinə diqqət və qayğısı geniş şəkildə işıqlandırılmış, bu sahəyə dair qəbul edilmiş qanunvericilik aktları, dövlət-din münasibətləri, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin, ölkəmizdəki multikultural və tolerantlıq mühitinin təbliği ilə bağlı maarifçilik işi aparılmış, dini radikalizm, ekstremizm və məzhəb təəssübkeşliyinin, dinin siyasi alətə çevrilməsi cəhdlərinin fəsadları barədə müəllif yazıları diqqətə çatdırılmışdır.
Xarici əlaqələr üzrə
2019-cu il Dövlət Komitəsi üçün xarici əlaqələr sahəsində də əlamətdar il olmuşdur. Bu istiqamətdə ən önəmli tədbir kimi Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu il 14-15 noyabr tarixlərində “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsini qeyd etmək olar. Dövlət Komitəsi Sammitin təşkili işində QMİ ilə birgə yaxından iştirak etmiş, bu tədbir tək Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük əks-səda doğurmuşdur.
Belə ki, Sammitə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqət lideri və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın rəsmiləri, ümumilikdə 500-ə yaxın yüksək səviyyəli xarici nümayəndə qatılmışdır.
2019-cu il mart ayının sonlarında “Yeni Zelandiyada iki məsciddə terror hadisəsi, müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə” mövzusunda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında 42 ölkənin dövlət və hökumət nümayəndələri, o cümlədən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir. Tədbirdə Azərbaycan nümayəndə heyətinə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəhbərlik etmişdir.
Dövlət Komitəsi sədrinin digər xarici səfəri 16-21 iyun tarixlərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, Milli Məclis üzvləri və QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin daxil olduğu nümayəndə heyəti tərkibində Avstriya Respublikasının Vyana şəhərinə olmuşdur ki, orada da əhəmiyyətli görüşlər keçirilmişdir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstriya hökuməti və parlamentinin üzvləri ilə görüşmüşdür. İyunun 19-da "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda keçirilmiş beynəlxalq konfransda Azərbaycan nümayəndə heyəti ilə yanaşı, dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, o cümlədən BMT Baş katibinin müavinləri - M.Moratinos və R.Xalikov, Avstriya Federal Hökuməti və parlamentinin nümayəndələri, Avstriyada akkreditə olunmuş səfirliklər, beynəlxalq təşkilatlar və dini konfessiyaların nümayəndələri iştirak etmişlər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti 2019-cu ilin 16-18 iyul tarixlərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak etmişdir.
Konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatın təmsilçiləri, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılmışdır. 18 iyul tarixində keçirilmiş konfransın yekun iclasında ABŞ-ın Dövlət katibi Maykl Pompeo və vitse-prezidenti Mayk Pens çıxış etmişlər. Səfər çərçivəsində M.Qurbanlı ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek və Antisemitizmə nəzarət və mübarizə üzrə xüsusi səfiri Elan Karr, nüfuzlu amerikalı yazıçı və “Coşua” Xeyriyyə Fondunun rəhbəri Joel Rosenberq, ABŞ-ın yəhudi icmasının nüfuzlu qurumlarından olan Simon Vizental Mərkəzinin təsisçisi ravvin Abraham Kuper və ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) müvəkkili və yevangelist icmasının nümayəndəsi Conni Mur, BDAK-ın digər müvəkkilləri, Macarıstanın Xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə görüşmüş, fikir mübadiləsi aparmışdır.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Türkiyə Respublikası Diyanət İşləri Başqanı Əli Ərbaşın dəvətilə Türkiyənin ən böyük məscidi adını alan “Çamlıca” məscidinin açılış mərasimində iştirak etmək məqsədilə 2-4 may tarixlərində İstanbul şəhərində səfərdə olmuşdur.
Müasir dövrdə fərqli din və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi ətrafında fikir mübadiləsi aparmaq, eyni zamanda bu sahədəki mövcud problemləri və perspektivləri müzakirə etmək məqsədilə keçirilmiş tədbirlərdən biri də mart ayının 25-də Rusiyanın paytaxtı Moskva şəhərində təşkil edilmişdir. “Dinlərarası sülhü əldə etmək yolları: din xadimləri, diplomatlar və ictimai xadimlərin rolu” mövzusuna həsr edilmiş konfransda Dövlət Komitəsini sədr müavini Səyavuş Heydərov təmsil etmişdir.
Səyavuş Heydərov İslam Dünyası Liqasının təşkilatçılığı ilə 27-29 may tarixlərində Müqəddəs Məkkə şəhərində “Qurani-Kərimdə və Peyğəmbər sünnəsində mötədillik və mülayimlik dəyərləri” mövzusunda keçirilmiş beynəlxalq konfransda da iştirak etmişdir. Dünyanın müxtəlif müsəlman ölkələrinin dövlət qurumları nümayəndələrinin, dinşünas alimlərin və ekspertlərin iştirak etdiyi beynəlxalq konfransda çıxış edən S.Heydərov ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemindən danışmışdır.
Hesabat dövründə S.Heydərovun iştirak etdiyi digər beynəlxalq tədbir İƏT üzv ölkələrinin Çex Respublikasında akkreditə olunmuş səfirlərinin təmsil olunduğu Praqa Qrupu və həmin ölkənin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə 7 noyabr tarixində “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda keçirilmiş konfrans olmuşdur. Konfransda çıxış edən sədr müavini Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit, din sahəsindəki əməkdaşlığın önəmi, o cümlədən dinin siyasiləşməsi, radikalizm və ekstremizm ideologiyası ilə mübarizə kimi bir sıra məqamlara toxunmuşdur.
16-27 sentyabr tarixlərində Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan ölçüsü üzrə növbəti illik görüşündə Dövlət Komitəsini Xarici əlaqələr şöbəsinin müdiri təmsil etmiş, illik görüşün 25 sentyabr tarixində “Nifrət zəminində cinayət” mövzusunda keçirilmiş 14 və 15-ci işçi sessiyalarında məruzələrlə (“Azərbaycanda din siyasəti” və “Ermənistanın Azərbaycana təcavüzkar siyasəti: azərbaycanlıların soyqırımı” mövzularında) çıxış etmişdir.
Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, azadlıq, təhlükəsizlik və demokratiya üzrə Alt-komitənin 5-7 fevral tarixlərində Bakıda keçirilmiş 7-ci iclasında və həmin iclasın 24 yanvar tarixində Xarici İşlər Nazirliyində keçirilmiş hazırlıq görüşündə Dövlət Komitəsini sədr müavini Səyavuş Heydərov təmsil etmişdir.
Dekabrın 19-da Bakıda keçirilmiş Azərbaycan və Avropa İttifaqı arasında ikinci təhlükəsizlik dialoqunda da sədr müavini Səyavuş Heydərov iştirak etmiş, “Zorakı ekstremizm və terrorizmə yol açan radikallaşmanın qarşısının alınması və ona qarşı mübarizə” mövzusunda çıxış etmişdir.
Martın 5-də Bakıda Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilmiş beynəlxalq konfransda ABŞ-ın ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri ilə yanaşı, Kabardino-Balkar Respublikasının müftisi, İmam Əbu-Hənifə adına Şimali Qafqaz Universitetinin rektoru, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, dini konfessiya rəhbərləri, hökumət və parlament üzvləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Konfransda çıxış edən Etnik Anlaşma Fondunun prezidenti Mark Şneyer, “İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri yepiskop Robert Störns dinlərarası və məzhəblərarası münasibətlərə görə Azərbaycanı nümunə ölkə kimi xarakterizə etmişlər.
Aprel ayının 25-26-da Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans təşkil olunmuşdur.
May ayının 2-3-də Bakıda dünyanın 105 ölkəsini, 35 beynəlxalq qurumu təmsil edən yüksək səviyyəli qonaqların iştirakı ilə “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və sədr müavini Gündüz İsmayılov çıxış etmişdir.
Hesabat dövrü ərzində Dövlət Komitəsi Beynəlxalq Miqrasiya Təşkilatı (BqMT) ilə əməkdaşlığını davam etdirmişdir. Belə ki, təşkilatla Dövlət Komitəsi arasında zorakı ekstremizm və radikalizmlə mübarizə çərçivəsində “Həssas icmaların dayanıqlılığının gücləndirilməsi” adlı birgə layihənin həyata keçirilməsinə dair əldə edilmiş razılıq əsasında müəyyən tədbirlər davamlı şəkildə icra edilmişdir. Layihə 01.10.2017-ci il tarixdən 30.09.2019-cu il tarixədək müəyyən edilmiş qrafikə əsasən həyata keçirilmişdir.
Dekabr ayının 10-da Bakıda Dövlət Komitəsi, ABİA və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Dövlət Komitəsinin sədri hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik korpusun rəhbərlərini, təmsilçilərini, ölkəmizə səfərə gəlmiş nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətlərini qəbul etmişdir. Bütün görüşlərdə Azərbaycanla ikitərəfli əlaqələr, qarşılıqlı əməkdaşlıq və ölkəmizlə bağlı həqiqətlərin düzgün təbliğ edilməsi məsələləri müzakirə olunmuşdur.
Eyni zamanda, Azərbaycan həqiqətlərinin, xalqımızın zəngin tolerantlıq ənənələrinin, ölkəmizdə formalaşmış yüksək dövlət-din münasibətlərinin beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Fransanın “Fransa 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupu 10-29 noyabr 2019-cu il tarixlərində Azərbaycanda səfərdə olmuş, müxtəlif dini ibadət evləri və ziyarətgahlarda çəkiliş aparmış, dövlət rəsmiləri, konfesssiya rəhbərləri və digər müvafiq şəxslərdən, o cümlədən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan müsahibə almışdır.
16 dekabr 2019-cu ildə Dövlət Komitəsinin sədri “Yəhudi Teleqraf Agentliyi” və ABŞ paytaxtının əsas diplomatik nəşri olan “The Washington Diplomat” qəzetinin jurnalisti Lari Luksnerin suallarını cavablandırmışdır.
2019-cu il ərzində Komitə tərəfindən dünyada mövcud olan dini vəziyyətlə bağlı ABŞ Dövlət Departamentinin İnsan hüquqları və ABŞ Beynəlxalq Din Azadlığı Komissiyalarının, eləcə də BMT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların hazırladığı müvafiq hesabatların Azərbaycanla bağlı hissəsinə dair ingilis dilində hazırlanmış cavablar müvafiq qaydada aidiyyəti üzrə göndərilmişdir.
Ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin, həqiqətlərinin ölkə xaricində təbliğ edilməsi məqsədilə Komitə əməkdaşları tərəfindən ABŞ-da geniş auditoriyaya malik “Muslim World Today” (Müsəlman Dünyası Bugün) internet platforması, Misir Ərəb Respublikasının nüfuzlu xəbər portalı “ASİAELYOUM” və “islamsng.com” (“MDB-də İslam”) saytında məqalələr dərc edilmişdir.
İctimaiyyətlə əlaqələr və KİV ilə iş üzrə
Hesabat dövründə Dövlət Komitəsinin sədri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 28 mərkəzi şəhərdə qəbul keçirmişdir. Qəbulda iştirak etmiş vətəndaşların müraciətlərinin bəziləri yerində həll edilmiş, həlli yerində mümkün olmayan məsələlər isə nəzarətə götürülmüşdür. Bununla yanaşı, Dövlət Komitəsinin vəzifəli şəxsləri və əməkdaşları hər gün məhdudiyyət qoyulmadan vətəndaşları qəbul etmiş, şikayətlərin dərhal və yerindəcə araşdırılması işinə diqqəti daha da artırmışlar.
Hesabat dövrü ərzində Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulmasının təmin edilməsi sahəsində müvafiq qurumun struktur bölməsi ilə Dövlət Komitəsinin göstərdiyi xidmətlərlə bağlı Dövlət Xidmətlər Reyestrinə rüblük məlumatların yerləşdirilməsi təmin olunmuş, “İdarələrarası elektron sənəd dövriyyəsi” sistemi və e-xidmet@scwra.gov.az e-mailinə nəzarət edilmiş, sistem vasitəsi ilə mərkəzi icra hakimiyyəti orqanlarına 1000-ə yaxın məktub göndərilmişdir.
Hesabat dövründə Dövlət Komitəsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etməklə gənclər arasında könüllülük fəaliyyətini tətbiq etməyə başlamış, “Könüllü fəaliyyət” layihəsi çərçivəsində Dövlət Komitəsinin rəsmi internet resursunda ayrıca bölmə yaradılmış və məlumatların mütəmadi yenilənməsi təmin edilmişdir.
“Könüllümüz ol” şüarı altında Azərbaycan İlahiyyat İnstitutunda tələbə və magistrlarla görüş keçirilmişdir. Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olmuş, iştirakçılara Dövlət Komitəsinin bütün fəaliyyət istiqamətləri barədə məlumat əldə etmək, o cümlədən Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmaq, Dövlət Komitəsinin keçirdiyi tədbirlərin təşkil edilməsi prosesində iştirak etmək imkanı yaradılmışdır. Hesabat dövründə “Könüllü fəaliyyət” layihəsi yekunlaşdırılmış və müqavilə öhdəliklərini uğurla başa vuran könüllü gənclərə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar verilmişdir.
Dövlət Komitəsinin bütün istiqamətlər üzrə fəaliyyəti Komitənin internet resursu olan rəsmi veb səhifəsində əks olunmuşdur. Dövlət Komitəsinin rəsmi saytı vasitəsilə (scwra.gov.az) məlumatların açıqlığı və əlçatanlığı təmin edilmiş, 3 dildə - Azərbaycan, ingilis, rus dillərində xidmət göstərən elektron resursun xəbər lenti mütəmadi olaraq yenilənmişdir. Rəsmi saytın məlumat informasiya bazasının, video və foto qalereyasının onlayn şəraitdə davamlı olaraq yenilənməsi təmin edilmişdir.
Ötən dövr ərzində Dövlət Komitəsinin bütün istiqamətlər üzrə fəaliyyəti sosial şəbəkələrdə (“facebook”, “twitter”, “youtube”) operativ şəkildə işıqlandırılmışdır. Dövlət Komitəsinin göstərdiyi xidmətlər haqqında qurumun qaynar xəttinə daxil olan suallar barədə rəsmi “Facebook” səhifəsində “Sual-cavab” formasında paylaşımlar edilmiş, o cümlədən xidmətlərlə bağlı postkart şəklində statistik məlumatlar yayımlanmışdır. Həmçinin keçirilən maarifləndirmə tədbirlərinin daha böyük auditoriyaya çatdırılması üçün canlı yayımlar açılmışdır.
Eyni zamanda, Dövlət Komitəsinin fəaliyyəti haqqında müxtəlif telekanallarda yayımlanan reportajların, süjetlərin müvafiq formada yayılması prosesi həyata keçirilmişdir.
Komitənin “www.scwra.gov.az” rəsmi saytının “qaynar xətt” bölməsinə, “Jivochat” onlayn müraciət proqramına, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki səhifələrinə daxil olan onlarla müraciət cavablandırılmış, vətəndaşların qısa zamanda müvafiq məsələlərlə bağlı məlumat və cavab almaları təmin edilmişdir.
Qeyd edək ki, hesabat dövründə dövlət orqanlarının veb-saytlarının fəaliyyətinin, operativliyinin araşdırılması məqsədilə aparılan monitorinqlərin nəticələrinə əsasən, Dövlət Komitəsinin rəsmi internet saytı operativliyinə görə fərqlənmişdir.
Kargüzarlıq üzrə
Hesabat dövründə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 314-İQ saylı, 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan, “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 772 saylı, 24 avqust 2002-ci il tarixli Fərmanından, “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında 472 saylı, 26 oktyabr 2006-ci il tarixli Fərmanından və Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 saylı Fərmanı ilə təsdiq olunmuş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişikliklər edilməsi barədə 15 iyul 2015-ci il tarixli Fərmanından irəli gələn vəzifələr daim diqqət mərkəzində saxlanılmışdır.
2019-cu ildə Dövlət Komitəsinə 2947 məktub, 784 qanunvericilik sənədi daxil olmuşdur. Hazırda 76 məktub icradadır. 54 sənəd dini icmaların dövlət qeydiyyatına alınması ilə bağlıdır. “Nəzarətə götürülmüş” qriflə daxil olmuş 22 sənədin hamısı icra olunmuşdur. Dövlət Komitəsi tərəfindən müxtəlif instansiyalara 833 məktub göndərilmişdir. Hesabat dövründə Dövlət Komitəsinin elektron poçt ünvanına 93 vətəndaş müraciəti daxil olmuş, 92 müraciətə cavab verilmiş, 1 müraciət icra prosesindədir.
Dövlət Komitəsinin tabeliyində olan qurumların fəaliyyəti barədə
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) əsas fəaliyyəti dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və gənclər arasında geniş təbliğinə, eyni zamanda dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir. MDTF-nin fəaliyyətinin başlıca istiqamətlərindən biri də dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək verməkdir. Belə ki, hər il QMİ tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş din xadimləri Fond tərəfindən maddi dəstəklə təmin olunur. Bu məqsədlə 2019-cu ildə 1021 nəfər din xadiminə Fond tərəfindən maddi yardım göstərilmişdir. Onlardan 211 nəfəri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir. Həmçinin 2019-cu ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-müsəlman dini icmasına maddi dəstək göstərilmişdir.
Hesabat dövründə MDTF tərəfindən QMİ ilə birgə “Vəhdət dəyərimizdir” layihəsi həyata keçirilmişdir. Hər biri 3 gün olmaqla 4 dəfə (Gəncə şəhəri, eləcə də Lənkəran, Zaqatala və Oğuz rayonlarında) keçirilən layihə çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan din xadimləri bir araya gəlmiş, onlar üçün seminarlar təşkil olunmuş, ölkəmizin tarixi-dini abidələri ziyarət edilmiş və birlikdə vəhdət namazları qılınmışdır.
Eyni zamanda, respublikamızın müxtəlif bölgələrində 2 layihə, 23 konfrans, 35 seminar və 8 dəyirmi masa təşkil edilmişdir. 2019-cu ildə dini icmalar tərəfindən təqdim olunmuş 71 maarifləndirici layihə maliyyələşdirilmişdir.
Ramazan ayında Fond tərəfindən Bakı şəhəri daxil olmaqla, ölkənin müxtəlif bölgələrində şəhid ailələri və müharibə veteranları üçün 12 iftar süfrəsi təşkil edilmiş, Ramazan bayramında isə 116 şəhid ailəsinin üzvlərinə və aztəminatlı ailələrə bayram sovqatı (ərzaq) verilmişdir.
2019-cu ildə 4 nəfər aztəminatlı, əlil və şəhid ailəsinin üzvlərinə müraciətləri əsasında birdəfəlik maddi yardım göstərilmişdir. Qurban bayramı münasibətilə ölkə üzrə 144 şəhid ailəsinin üzvlərinə və aztəminatlı ailələrə, eləcə də 50 nəfər Böyük Vətən və Qarabağ müharibəsi əlillərinə bayram sovqatı (ərzaq) paylanılmışdır. Xocalı Soyqrımının 27-ci ildönümü münasibətilə 101 nəfər Xocalı sakininə, “Əlillər günü” münasibətilə 2019-cu ilin oktyabr ayında 100 nəfər əlil və aztəminatlı ailələrin üzvlərinə ərzaq yardımı göstərilmişdir. 2019-cu ildə həyata keçirilən “Bir uşaq bir ümid” layihəsi çərçivəsində isə Bakı şəhəri daxil olmaqla, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşən 6 uşaq evi ziyarət edilmiş və məktəbli ləvazimatı, eləcə də müxtəlif hədiyyələr uşaqlara paylanılmışdır.
2019-cu ildə MDTF, Təhsil Nazirliyi və BBMM-in birgə əməkdaşlığı ilə “Multikulturalizmə giriş” ali məktəblər üçün dərslik, eləcə də Fond və BBMM ilə birgə ingilis dilində “Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” adlı kitab işıq üzü görmüşdür.
Fondun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə ilə həyata keçirilən daha bir layihə “Dəyərlərimizi öyrənək” adlı intellektual yarışların təşkili olmuşdur. Layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda (Bakı, Gəncə, Sumqayıt şəhərləri, Ağcabədi, Lənkəran, Sabirabad, Göyçay, Quba, Zaqatala) məktəblərin 9-11-ci sinif şagirdləri arasında intellektual yarışlar təşkil edilmiş, qalib gələn komandalar sonda final mərhələsində yarışmış və qaliblər mükafatlandırılmışdır.
2019-cu il ərzində Fondun təşkilatçılığı ilə İsmayıllı və Qusar rayonlarında yay məktəbləri təşkil olunmuşdur. Yay məktəblərində 10-a yaxın müxtəlif universitetlərin ümumilikdə 200-ə yaxın tələbəsi, o cümlədən şəhid ailələrindən olan tələbələr və Fondun könüllüləri iştirak etmişdir.
Hesabat dövründə Fond tərəfindən 2019-2020-ci tədris ilində 1-ci sinifə gedəcək 200 nəfər uşağa məktəbli forması, çanta və dərs ləvazimatları hədiyyə edilmişdir. Bundan başqa, Azərbaycan İlahiyyat İnstitutunun aztəminatlı ailələrdən olan 44 nəfərinə, eləcə də “Heydər Əliyev” təqaüdünü qazanmış institutun bir nəfər tələbəsinə aylıq təqaüdlər verilmişdir.
28 yanvar 2019-cu il tarixdə Azərbaycan Dillər Universitetində MDTF və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilmişdir.
Bundan əlavə ADU tələbələrinin iştirakı ilə Fondun sifarişi əsasında çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş etdirilmişdir.
MDTF və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı layihə keçirilmişdir. Bundan əlavə aprelin 16-da ADA Universitetində keçirilən “İmadəddin Nəsimiyə həsr olunmuş bir gün” adlı tədbir çərçivəsində Fond tərəfindən “Ebru” sərgisi təşkil olunmuşdur.
6-11 may 2019-cu il tarixlərində MDTF-nin icraçı direktoru Mehman İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəvəti ilə sözügedən ölkədə səfərdə olmuşdur. Səfər proqramı çərçivəsində Gürcüstanın Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Saqareco, Laqodexi və Tbilisi şəhərlərində ölkəmizin Gürcüstan Respublikasındakı səfirliyi, MDTF və Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mənəvi dəyərlər” mövzusunda silsilə tədbirlər keçirilmişdir. Daha sonra Fondun dəvəti ilə GMİ-nin şeyxi Ramin İgidovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.
5-9 noyabr 2019-cu il tarixlərində MDTF-nin icraçı direktorunun müavini Estoniyada səfərdə olmuşdur. Səfər çərçivəsində keçirilən konfransda “Qarabağ Azərbaycandır, nida!” mövzusunda məruzə ilə çıxış edilmişdir.
Ötən ilin oktyabr ayından etibarən hər həftənin cümə axşamı saat 16:05-də ASAN radioda “Mənəvi dəyərlər” radio-verilişi efirə getmişdir. “AD Media” ilə əməkdaşlıq çərçivəsində mənəvi dəyərləri təbliğ edən 6 sənədli film və 6 sosial video-çarx hazırlanmış, Fondun maliyyə dəstəyi ilə 50-ə yaxın müxtəlif adda ədəbiyyat nəşr olunmuşdur.
2019-cu ildə “Milli mətbuat – milli düşüncə” adlı məqalə müsabiqəsi uğurla icra edilmişdir. Həmçinin Bakı şəhərində fəaliyyət göstərən bir dini icma Fondun maliyyə dəstəyi ilə QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında məqalə müsabiqəsi elan etmişdir. Hər iki müsabiqənin qalibləri pul və diplomlarla mükafatlandırılmışdır.
Hesabat dövründə Fond tərəfindən dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə (012) 1845 nömrəli “Dini sorğu xidməti” yaradılmışdır.
2019-cu il ərzində Fond tərəfindən qeyri-hökumət təşkilatlarının sosial xarakterli, habelə mənəvi dəyərləri təbliğ edən layihələri maliyyələşdirilmiş, bununla əlaqədar QHT-lər ilə əməkdaşlıq çərçivəsində 15 layihə icra edilmişdir.
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan İlahiyyat İnstitutu 2019-cu il üzrə fəaliyyətini müvafiq iş planına əsasən yerinə yetirmişdir. Həmin iş planı tədrisin təşkili, elmi və dövri nəşrlər, elmi konfrans, simpozium və dəyirmi masalar, respublika əhəmiyyətli mühüm günlərə dair tədbirlər, maarifləndirmə işi, mətbuatla əlaqələr kimi bir çox sahəni əhatə etmişdir. Azərbaycan İlahiyyat İnstitutu 2019/2020-ci tədris ilində tələbə qəbulunu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III qrup üzrə iki istiqamətdə - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirmişdir. Hazırda İnstitutda 166 tələbə təhsil alır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.2019-cu il tarixli 6 nömrəli Qərarı ilə İnstituta 2020/2021-ci il üzrə doktoranturaya qəbul başlanmışdır.
İnstitut fəaliyyətə başladığı gündən elektron təhsil sistemi ilə bağlı alternativlər araşdırılmış, mart ayında Azərbaycan İlahiyyat İnstitutu ilə “Neuron Technologies” Şirkəti arasında “Unibook” təhsil informasiya idarəetmə sisteminin tətbiqi ilə bağlı müqavilə imzalanmışdır.
Tələbələrin arasından sosial müdafiəyə ehtiyacı olan 44 tələbə müəyyən edilərək, Mənəvi Dəyərlərin Təbliği Fonduna sosial yardımla bağlı müraciət ünvanlanmış, həmin tələbələr Fondun vəsaiti hesabına aylıq əlavə təqaüdlə təmin olunmuşlar.
İnstitutda ötən dövr ərzində cəmiyyətin maarifləndirilməsi istiqamətində ictimaiyyət nümayəndələri, elm xadimləri və tədqiqatçıların iştirakı ilə müxtəlif mövzularda elmi seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil olunmuşdur. Hesabat dövrü ərzində respublikanın bir sıra bölgələrində yüksək intellektli və savadlı gənclərin cəlb olunması, İnstitutun tanıdılması məqsədilə bölgələrə səfərlər təşkil edilmişdir. İnstitut əməkdaşları tədris və tədqiqat fəaliyyəti ilə yanaşı, mənəviyyat sahəsində də ictimai maarifləndirmə prosesində fəal iştirak etmişlər. Hesabat dövrü ərzində İnstitut müəllimlərinin 10 monoqrafiyası, 92 məqalə və tezisi, eləcə də İnstitutun təşkil etdiyi elmi konfrans materialları nəşr olunmuşdur. Bundan başqa, “İlahiyyat” elmi-publisistik jurnalının nəşrinə başlanılmış, İnstitutun fəaliyyətinin işıqlandırılması üçün nəzərdə tutulan “İlahiyyatçı” qəzeti öz fəaliyyətini davam etdirmişdir.
Hesabat dövrü ərzində Azərbaycan İlahiyyat İnstitutunda ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə 31 seminar və dəyirmi masa, ölkədəki əlamətdar hadisələrə və beynəlxalq günlərə həsr olunmuş 13 tədbir, tələbələrin fərdi inkişafı, intellektual səviyyəsinin və mənəvi dünyasının zənginləşdirilməsi məqsədilə 6 təlim və 2 müsabiqə, elm xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilmişdir. Televiziyaların iştirakı ilə 15 genişmiqyaslı tədbir, tələbələrin və əməkdaşların iştirakı ilə 13 səfər təşkil olunmuşdur.
2019-cu ildə İnstitut öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasına xüsusi önəm vermişdir. Bu istiqamətdə bir çox ölkənin Azərbaycandakı səfirləri, səfirliklərin nümayəndələri, mədəniyyət mərkəzlərinin direktorları, xarici universitetlərin rektor və müəllimlərinin İnstituta və İnstitut nümayəndə heyətinin xarici ölkələrə səfərləri təşkil olunmuşdur.