Şriftin ölçüsü:
Saytın rəngi:
AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 2018-Cİ İLDƏ FƏALİYYƏTİ BARƏDƏ
HESABATI
Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət-din münasibətləri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq daha da təkmilləşmiş və ölkəmiz konfessiyalararası münasibətlərin, tolerantlıq mühitinin, multikultural təfəkkürün dünya üçün nümunəvi modelinə çevrilmişdir.
2018-ci il ərzində ölkədə dini durumla bağlı sabitliyi təmin etmək və qoruyub-saxlamaq, həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımlar atılmışdır. Bütün bu addımlar ölkədəki dövlət-din münasibətlərinin təkmilləşməsi və möhkəmlənməsinə xidmət etmişdir.
Xüsusilə ötən il dövlət-din münasibətlərinin tənzimlənməsi və din sahəsinə dövlət qayğısı baxımından əlamətdar olmuşdur. Belə ki, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli 1624 saylı Fərman ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu ötən il tam şəkildə fəaliyyətə başlamışdır.
Bundan əlavə, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə 9 fevral 2018-ci il tarixli Sərəncam imzalamışdır.
Bu sərəncamlar, ümumiyyətlə, Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığının təminatı sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər və tendensiyalar nəzarətdədir.
Dövlət Komitəsi ölkədə dini sabitliyin qorunub saxlanılması istiqamətində fəaliyyətini 2018-ci ildə də davam etdirmişdir. Komitə Azərbaycan Respublikasının Konstitusiyasını, “Dini etiqad azadlığı haqqında” Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Komitəsinin Əsasnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutaraq, il ərzində iş planına uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir.
Dövlət Komitəsi bu tədbirləri həyata keçirərkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, xüsusilə Administrasiyanın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi ilə fəaliyyətini koordinasiya etmiş, hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət qurumları, habelə Heydər Əliyev Fondu, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və başqa dini mərkəzlərlə yaxından əməkdaşlıq etmişdir.
Dini durumun tənzimlənməsi və dini qurumlarla iş üzrə
Respublikada dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Komitə öz səlahiyyətləri çərçivəsində radikal dini cərəyanların və ekstremist qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində müvafiq qurumlarla, o cümlədən yerli icra strukturları və hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir.
Dövlət Komitəsinin bölgələr üzrə şöbələrinin (Bakı, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Quba, Ucar, Yevlax, Ağcabədi, Zaqatala, Şəki, Şamaxı, Gəncə, Tovuz və İmişli bölgəsi üzrə şöbələr) fəaliyyəti koordinasiya edilərək, şöbələrin yerli icra strukturları və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi məqsədilə işçi görüşlərin keçirilməsi və fikir mübadiləsinin aparılması davam etdirilmişdir.
Hesabat dövründə mütəmadi olaraq məlumat bankının yenilənməsi və məlumatların dəqiqləşdirilməsi prosesi və statistikaların müəyyənləşdirilməsi həyata keçirilmişdir. Son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Ramazan ayı. 2018-ci ildə Ramazan ayı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilərək, ay boyunca dini durum nəzarətdə saxlanılmış, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər aparılmışdır.
QMİ-nin Qazılar və Elmi-dini Şurasının verdiyi fətvaya əsasən, 2018-ci il 17 may tarixi Ramazan ayının birinci gününə, Fitr bayramı (Ramazan bayramı), yəni şəvval ayının 1-i miladi təqvimlə iyunun 15-nə təsadüf etmişdir.
Eyni zamanda, ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı QMİ və Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun xüsusi təqvim hazırlanmışdır. Bütün dini icmaların QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməsi mütəmadi diqqət mərkəzində saxlanılmışdır.
Ümumiyyətlə, 2018-ci ildə Ramazan ayı ölkəmizdə mənəvi dəyərlərimizə uyğun formada keçirilmişdir. Ay boyu dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilmişdir. Dini icmalara sərbəst şəkildə təravih namazlarının icrası, Qədr gecələrinin əhya edilməsi ilə bağlı lazımi şərait yaradılmışdır.
Müqəddəs ay ərzində respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən və dövlət qeydiyyatından keçən dini icmalar iftar süfrələri ətrafında dini maarifləndirici tədbirlər keçirmişlər. Həmin iftar süfrələrində ziyalılar, din xadimləri, ağsaqqallar, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları və Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər. Qeyd olunan bütün tədbirlərdə dindarlarla söhbətlər aparılmış, ümumi həmrəylik, vəhdət mühiti yaradılmışdır.
Məhərrəm ayı. 2018-ci ildə “Məhərrəmlik” mərasimləri ilə bağlı plana uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilmiş, dini mərasimlərin QMİ-nin Məhərrəmliklə bağlı qəbul etdiyi fətvada irəli sürülmüş şəri qaydalar əsasında keçirilməsi istiqamətində İslam dini icmaların sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılmışdır. Vətəndaşların dini etiqad azadlığının tam təmin olunması, mərasimlərin milli adət-ənənələrə uyğun şəkildə yüksək səviyyədə təşkil edilməsi və neqativ halların, xurafat və mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik təbdirlər, xüsusilə maarifləndirmə işi həyata keçirilmişdir. Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində QMİ, eləcə də yerli icra hakimiyyətləri yanında yaradılmış qərargahlar və hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər görülmüşdür. “Tasua” günü 2018-ci ilin 19 sentyabr, “Aşura” günü isə 20 sentyabr tarixinə təsadüf etmişdir. Bu münasibətlə 10-20 və 22 sentyabr tarixlərində məscidlərdə xüsusi monitorinqlər təşkil olunmuş, Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları respublika üzrə məscid və ziyarətgahlarda keçirilmiş mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparmışlar. Əvvəlki illərlə müqayisədə 2018-ci ildə monitorinq günlərinin sayı artırılmaqla yanaşı, əhatə dairəsi genişləndirilmişdir.
Dövlət Komitəsi hər il olduğu kimi QMİ tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək verərək dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini ötən il də davam etdirmişdir. 2018-ci ildə 11-i Bakı şəhərində, 17-i isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 28 yerdə qanvermə aksiyası keçirilmişdir. Görülən tədbirlər nəticəsində qanvermə aksiyasında artım müşahidə olunmuşdur. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, Aşura günü keçirilmiş qanvermə aksiyasında 5539 nəfər qan vermiş, 2403 litr qan toplanmışdır.
Məhərrəmlik mərasimlərinin yekunu sayılan “Ərbəin günü” (İmam Hüseynin şəhadətinin qırxıncı günü) QMİ-nin müvafiq təqviminə uyğun olaraq ötən ilin 30 oktyabr tarixinə təsadüf etmişdir. Bu günlə bağlı Bakı şəhərində və respublikanın bölgələrindəki məscidlərdə mərasimlər təşkil olunmuş, əzadarlıq məclisləri keçirilmişdir.
Təhlillərə əsasən, dini sahədə qanunvericilik bazasının gücləndirilməsi, eyni zamanda Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş maarifçilik tədbirləri, digər dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının birgə aktiv fəaliyyətə cəlb edilməsi nəticəsində ötən ildə respublikanın rayon və şəhərlərində Aşura mərasimləri sivil formada, dövlətçilik prinsiplərinə hörmət şəraitində, Kərbəla şəhidləri ilə yanaşı, vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda dünyasını dəyişmiş şəhidlərimizin də anılması konteksində keçirilmişdir.
2018-ci ildə Qurban bayramı 22-23 avqust, Məbəs (Həzrət Məhəmmədə peyğəmbərliyin verilməsi) bayramı 14 aprel, Məhəmməd peyğəmbərin mövlud həftəsi 21-27 noyabr tarixlərinə təsadüf etmişdir. Qeyd olunan əlamətdar dini günlərlə bağlı respublika üzrə məscidlərdə tədbirlər yüksək səviyyədə keçirilmiş, hər hansı insident qeydə alınmamışdır.
Qeyri-müsəlman icmalarla iş. Hesabat dövründə Azərbaycanda mövcud olan qeyri-islam dua evlərinin (kilsələr istisna olmaqla) rayonlar üzrə saylarının dəqiqləşdirilməsi, onların fotoşəkillərinin məlumat bazasına daxil edilməsi, sahələrinin müəyyənləşdirilməsi istiqamətində iş aparılmışdır. Məlum olmuşdur ki, ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.
Qeyri-müsəlman dini icmaların bayram və əlamətdar günlərinin icrası ilə bağlı lazımi şərait yaradılmış və ümumi nəzarət tədbirləri davam etdirilmişdir. Belə ki, Milad, Pasxa, Purim, Pesax və s. bu kimi bayram tədbirləri qeyri-müsəlman icmalar tərəfindən yüksək səviyyədə qeyd olunmuşdur.
Bununla yanaşı, ənənəvi olaraq Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası tərəfindən İçərişəhərdə Qız qalasının yanında Müqəddəs Varfolomeyin şərəfinə anım mərasiminin keçirilməsi, həmçinin Qax rayonunda yerləşən Gürcü pravoslav xristian dini icmalarının “Müqəddəs Nino”, “Müqəddəs Georgi”, “Kürmükoba” və s. bayramları qeyd etmələri üçün lazımi şərait yaradılmışdır.
Habelə 11 noyabr tarixində xristian dini icmaların Beynəlxalq Bibliya Gününü qeyd etmələri üçün müvafiq kömək göstərilmişdir. Qeyd edək ki, “Beynəlxalq Bibliya Günü” həm Alban-Udi, rus pravoslav, katolik, həm də müxtəlif protestant dini icmaların təşəbbüsü ilə keçirilmişdir.
Hesabat dövründə dini icmalarda dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsi sahəsində həyata keçirilən müvafiq işlər davam etdirilmişdir. Belə ki, hər il olduğu kimi 2018-ci ildə də 20 Yanvar faciəsinin ildönümü ərəfəsində ölkədə fəaliyyət göstərən dini qurumlara ibadət evlərində din xadimləri tərəfindən vətənpərvərlik hisslərinin təbliği məqsədilə moizə və xütbələrin verilməsi, şəhidlərimizin ruhlarına dualar oxunması tövsiyə edilmişdir. Eyni zamanda, Xocalı faciəsinin, eləcə də 31 mart Azərbaycanlıların Soyqırımı Gününün ölkə dindarları tərəfindən qeyd olunması, bu faciələr barədə həqiqətlərin insanlara, xüsusən gənc nəslə çatdırılması üçün dini icmalarla yaxından əməkdaşlıq edilmişdir.
İnzibati tədbirlər sahəsində. Ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlər intensiv şəkildə davam etdirilmişdir.
Hesabat dövrü ərzində İnzibati Xətalar Məcəlləsinin (İXM) 515.0.2 (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsinə əsasən, Yevlax bölgəsi üzrə şöbədə 4, Lənkəran bölgəsi üzrə şöbədə 1, Bakı bölgəsi üzrə şöbədə 5, Şamaxı bölgəsi üzrə şöbədə 3, Quba bölgəsi üzrə şöbədə 13, Ağcəbədi bölgəsi üzrə şöbədə 3, Sumqayıt bölgəsi üzrə şöbədə 1, Zaqatala bölgəsi üzrə şöbədə 1, Gəncə bölgəsi üzrə şöbədə 1, Tovuz bölgəsi üzrə şöbədə 1 olmaqla, ümumilikdə 33 ədəd protokol tərtib edilmişdir.
Hüquq, qeydiyyat və kadr məsələləri üzrə
2018-ci ildə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilmiş, onların ümumi sayı 909-a çatmışdır. Onlardan 877-i İslam, 32-i qeyri-islam təmayüllüdür. Sonunculardan 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciət (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olmuş, 22 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmışdır. Ümumilikdə 98 dini icma (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınmışdır. Hazırda 7 dini icmanın sənədləri yoxlanılır.
Təsis sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı 74 dini qurum müraciət etmişdir. Bunlardan 57 dini qurumun təsis sənədlərində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alınaraq dini qurumların dövlət reyestrinə daxil edilmiş, 10 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmışdır.
41 dini icma ləğv edilməsi barədə məlumatın dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmişdir. Onlardan 32 dini qurumun ləğv edilməsi barədə məlumat dini qurumların dövlət reyestrinə daxil edilmişdir.
Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsilə bağlı 14 müraciət daxil olmuşdur. Bunlardan 5 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmış, 5 müraciətə razılıq verilmiş, 3 müraciətlə bağlı sənədlər isə yoxlanılır. 1 ixtisaslaşdırılmış satış məntəqəsinə razılığın verilməsindən imtina edilmişdir.
Hesabat dövründə Dövlət Komitəsində kadr işi dövlət qulluğuna dair qanunvericiliyə uyğun olaraq aparılmışdır. Müsabiqə yolu ilə 10, ümumi müsahibə yolu ilə 2, daxili müsahibə yolu ilə 2 nəfər işə qəbul edilmişdir.
Dinşünaslıq ekspertizası üzrə
Dövlət Komitəsi hesabat dövründə dini təyinatlı ədəbiyyatın ölkəyə idxalı, nəşri və yayılması sahəsindəki vəziyyəti öyrənmiş, zərərli dini ədəbiyyatın aşkarlanması, onların ölkəyə idxalının və nəşrinin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirmişdir.
Radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini təriqətlərin təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilmiş, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülmüşdür.
Qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının, nəşrinin və yayılmasının qarşısının alınması məqsədilə dövlət qurumları ilə əməkdaşlıq daha da gücləndirilmiş, müvafiq məsləhətləşmələr aparılmış və birgə tədbirlər həyata keçirilmişdir.
Ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində iş davam etdirilmişdir. Xaricdən gətirilən, eləcə də ölkədə yeni nəşr olunan dini təyinatlı ədəbiyyat öyrənilmiş, təhlil olunmuş, onlardan zərərlilərinin adları ölkədə nəşrinə və yayılmasına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat siyahısına daxil edilmişdir.
Ümumilikdə idxalla bağlı 2018-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 adda dini ədəbiyyata baxılaraq, onlardan 26-sının çapı məqsədəuyğun sayılmamışdır.
Nəşrə hazırlanan ədəbiyyatlardan ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlərin çıxarılması ilə bağlı müəllif və tərcüməçilərlə fərdi qaydada söhbətlər aparılmış və bu istiqamətdə müsbət nəticələr əldə olunmuşdur.
Hesabat dövründə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində tədbirlər davam etdirilmişdir. Belə ki, 741 adda (801307 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilmişdir.
Bunlarla yanaşı, dini ədəbiyyatlara, mal və məmulatlara və məlumat materiallarına tətbiq olunması prosedurunu hüquqi müstəvidə əks etdirən “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları” haqqında Nazirlər Kabinetinin 191 saylı 9 iyun 2014-cü il tarixli Qərarına əsasən dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanmasının müvafiq qaydada uçotu həyata keçirilmişdir.
Hüquq-mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışını həyata keçirən mağazalara və müvafiq obyektlərə baxışların keçirilməsi davam etdirilmiş və müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş və ya istehsal olunmuş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınmışdır.
Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilmiş 437 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 38-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilmişdir.
Təhlil və proqnozlaşdırma üzrə
Hesabat dövrü ərzində ölkədə dini durumun öyrənilməsi, radikallıq və ekstremizmi yayan, eləcə dini siyasiləşdirən qeyri-ənənəvi cərəyanların təbliğat fəaliyyətinin araşdırılması və bu fəaliyyət fonunda baş verə biləcək mümkün təhdid ehtimallarının təhlil edilməsi işi davam etdirilmişdir.
Dini maarifləndirmə üzrə
Ötən il ərzində Dövlət Komitəsi tərəfindən ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eyni zamanda Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkili, o cümlədən müvafiq kontingentin həmin tədbirlərdə iştirakının təmin edilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslamın dirçəldilməsi üçün hərtərəfli maarifləndirməni özündə ehtiva edən kompleks işlərin həyata keçirilməsi məqsədilə respublikanın bütün bölgələrində tədbirlər təşkil olunmuşdur.
2018-ci ildə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirmişdir. 50 mindən artıq insanın iştirak etdiyi bu tədbirlərdə rayon icra hakimiyyətləri, təhsil müəssisələri, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, rayonlarda yerləşən Heydər Əliyev Mərkəzləri, Yeni Azərbaycan Partiyası (YAP) və YAP-ın Gənclər Birliyi, eləcə də Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və silahlı qüvvələri ilə yaxından əməkdaşlıq edilmişdir.
Dövlət Komitəsi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” və “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” çərçivəsində 2 konfrans, dini icmaların üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda məqalə müsabiqəsi keçirilmiş və qaliblər mükafatlandırılmışdır. Habelə sözügedən Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda kitab hazırlanmış və bütün dövlət qurumlarına, kitabxanalara paylanması təşkil edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Dövlət Komitəsi müxtəlif formatlarda 24 tədbir keçirmişdir.
Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan tarixi”, “Ümummilli Lider Heydər Əliyev – Azərbaycanda dövlət-din münasibətlərinin banisi”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında silsilə tədbirlər təşkil etmişdir. Bu tədbirlərin yekunu olaraq 2018-ci ilin may ayında dövlət, media və dini qurumlar, eləcə də qeyri-hökumət təşkilatları və elmi ictimaiyyətin iştirakı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans təşkil olunmuşdur. Konfransın materialları kitab formatında çap olunaraq oxucuların ixtiyarına verilmişdir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərlə bağlı “Vətən sevgisi imandandır” mövzusunda 17 tədbir və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 30-dan artıq maarifləndirmə xarakterli tədbir həyata keçirilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə əməkdaşlıq çərçivəsində “İnsan hüquqları aylığı” ilə bağlı 15, “Sülh aylığı” ilə əlaqədar 22, “Uşaq hüquqları aylığı” ilə bağlı 32 tədbir olmaqla ümumilikdə 69 tədbir baş tutmuşdur.
Ölkənin şəhər və rayonlarında “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda 13 ikigünlük regional konfrans, “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda 21 seminar-müşavirə, “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda 20 ikigünlük seminar-treninq təşkil olunmuşdur.
Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dini ekstremizmə qarşı mübarizəyə məsul dövlət qurumlarının əməkdaşları ilə 2018-ci ildə keçirilən seminar-müşavirələrin (regional) Tədbirlər Planı” çərçivəsində “Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” və “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini radikalizm” mövzularında 10 seminar-müşavirə keçirilmişdir.
Dövlət Komitəsi 2018-ci ildə dini maarifləndirmə işi sahəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da genişləndirmişdir. Belə ki, ilin əvvəlindən Müdafiə Nazirliyi ilə 10, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə 10, Dövlət Sərhəd Xidməti ilə 6 tədbir həyata keçirilmişdir.
2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu hərbi əməliyyatların ildönümü münasibətilə 2018-ci ilin aprel ayı ərzində “Çağdaş qəhrəmanlıq salnaməsi - aprel döyüşləri”, “Aprel zəfəri şəhidlərimiz hər zaman bizimlədir”, “Zəfərin təntənəsi: aprel döyüşləri”, “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir”, “Ölümsüz qəhrəmanlar: aprel şəhidləri”, “Aprel şəhidlərinin hünəri gənclərimizin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasına əvəzsiz töhfədir” və s. mövzularda 20-dək tədbir təşkil olunmuş və bu, gənclər arasında hərbi vətənpərvərliyin təbliğində önəmli rol oynamışdır.
Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planı çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 33 tədbir baş tutmuşdur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində isə 2 tədbir keçirilmişdir.
Dövlət Komitəsi 2018-ci ildə bir sıra dövlət və özəl müəssisələri ilə də yaxından əməkdaşlıq etmişdir. Belə ki, dini radikalizmin törətdiyi təhdidlərlə bağlı preventiv xarakterli, eləcə də ölkəmizdə mövcud tolerantlıq mühitinin daha da gücləndirilməsi, multikulturaizm siyasətinin təbliği və təşviqi məqsədilə müxtəlif qurumların kollektivləri arasında dini maarifçiik işinin təşkili məqsədilə ilə 14-ü Bakı şəhərində olmaqla 24 maarifləndirici tədbir həyata keçirilmişdir.
Dövlət Komitəsi və Təhsil Nazirliyinin yerli strukturları tərəfindən təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi məqsədilə təhsil müəssisələrində 200-dən artıq birgə tədbir təşkil edilmişdir.
Hesabat dövrü ərzində keçirilən bəzi maarifləndirici tədbirlərin formatına uyğun olaraq, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət”, “Üfüqdəki gələcək” və “Vəhdət qanımızdadır” sənədli filmləri nümayiş olunmuşdur. Ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirilən filmlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.
Ümumiyyətlə, bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunan tədbirlərdə müxtəlif din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədilə maarifləndirici mövzularda çıxışlar olmuşdur. Səmərəli diskussiyaların aparıldığı görüşlərdə respublikanın müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, imamlar, dindarlar, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəalları iştirak etmişlər.
Maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, Space kanalında yayımlanan “İnam” verilişləri vasitəsi ilə də həyata keçirilmişdir. Hesabat dövründə “Dövlət və Din” ictimai fikir toplusunun 6, “Cəmiyyət və Din” qəzetinin isə 12 sayı çap edilmişdir.
Xarici əlaqələr üzrə
Hesabat dövründə Dövlət Komitəsinin xarici əlaqələrinin inkişafında müsbət dinamika qorunub saxlanmış, mövcud əlaqələr genişləndirilmiş, beynəlxalq təşkilatlar və analoji qurumlarla əlaqələrin qurulması prosesi davam etdirilmişdir. Bu məqsədlə Komitənin ikitərəfli və çoxtərəfli əlaqələri vasitəsilə xaricdə Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin təbliği istiqamətində konfransların, festivalların, təlim proqramlarının, sərgilərin və s. tədbirlərin keçirilməsi təmin edilmişdir. Habelə ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman icmaların fəaliyyəti ilə bağlı məsələlərdə əlaqələndirmə həyata keçirilmiş, bu istiqamətdə adekvat addımların atılmasına köməklik göstərilmişdir.
Ermənistanın təcavüzkarlıq siyasətinin pislənilməsi, xalqımıza qarşı erməni vandalizmi və soyqırımı siyasəti, Azərbaycanın multikultural mühitinə təhdidlər fonunda müsəlman və yəhudilərin erməni vandalizminin qurbanı olması və azərbaycanlıların etnik təmizlənməsinə şahidlik etmiş dini abidələrimiz, radikal dini qruplara, təriqətlərə, həmçinin terrorizmə qarşı davamlı mübarizə aparılması məqsədilə Dövlət Komitəsi tərəfindən xarici və ya yerli internet platformaları üzərindən təbliğat xarakterli məlumat və məqalələr planlı şəkildə dərc edilmiş, tirajlanmışdır.
Dövlət Komitəsinin rəhbərliyi səviyyəsində xarici ölkələrə səfərlər zamanı dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək səviyyəli rəsmi şəxslərlə çoxsaylı görüşlər keçirilmiş, mühüm müzakirələr aparılmışdır.
13-19 may tarixində Dövlət Komitəsi sədrinin başçılığı ilə Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri baş tutmuşdur. Səfər çərçivəsində ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti, Los-Anceles arxiyepiskopu Xose Horasiyo Qomezlə, San-Fransisko Şəhər Şurasının üzvü Norman Yi və Kaliforniya ştat senatoru Ceri Hill ilə görüşlər keçirilmiş, əhəmiyyətli müzakirələr aparılmışdır. ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los-Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir təşkil edilmişdir.
Noyabrın 19-da Berlin şəhərində QMİ-nin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilmiş beynəlxalq konfransda Komitə sədri məruzə ilə çıxış etmişdir.
1-3 mart tarixlərində Komitə sədrinin birinci müavini Səyyad Salahlı Türkiyənin İstanbul şəhərində Dünya İslam Forumu beynəlxalq təşkilatı və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Nəzəriyyə və Təcrübədə İnteqrasiya və Mənəvi hakimiyyət” mövzusuna həsr edilmiş VIII Dünya İslam Forumunda məruzə ilə çıxış etmişdir.
4-6 may tarixlərində Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Almaniyaya səfər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti, Auqsburq Universiteti və Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda konfransda iştirak etmişdir. Beynəlxalq konfransda Gündüz İsmayılov “Azərbaycanda dini müxtəliflik” mövzusunda məruzə ilə çıxış etmişdir.
15-16 noyabr tarixlərində Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Qırğız Respublikasının Din İşləri üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bişkekdə keçirilən “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfransda iştirak etmişdir. O, beynəlxalq konfransın panel iclasında “Dini ekstremizmlə mübarizədə internet resursları və KİV-lə işin təşkili” mövzusunda məruzə ilə çıxış etmişdir.
Dövlət Komitəsinin əməkdaşları İsveçin Sandö şəhərində Avropa Şurası Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən “Gənc Müşavirlər”, Qətərin paytaxtı Dohada keçirilən “XIII Doha Dinlərarası Dialoq” konfransında, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal üzrə İşçi Qrupunun Cenevrədə təşkil edilən sessiyasında və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə Brussel şəhərində keçirilən tədbirdə iştirak etmişlər.
Dövlət Komitəsinin sədri hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik korpusun rəhbərlərini, təmsilçilərini, ölkəmizə səfərə gəlmiş nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətlərini qəbul etmişdir. Bütün görüşlərdə Azərbaycanla ikitərəfli əlaqələr, qarşılıqlı əməkdaşlıq və ölkəmizlə bağlı həqiqətlərin düzgün təbliğ edilməsi məsələləri müzakirə olunmuşdur.
Belə ki, Dövlət Komitəsinin sədri 6 ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkilini, eləcə də fövqəladə və səlahiyyətli səfiri, 4 xarici dini icma sədri və din xadimi, bir qrup xarici jurnalist, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları, 6 xarici təşkilatın nümayəndələri ilə görüşmüşdür.
Qeyd edilənlərlə yanaşı, Dövlət Komitəsi ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında zorakı ekstremizm və radikalizmlə mübarizə çərçivəsində “Həssas icmaların dayanıqlılığının gücləndirilməsi” adlı birgə layihənin həyata keçirilməsinə dair razılıq əldə edilmişdir. Razılığa əsasən layihənin 01.10.2017-ci il tarixdən 30.09.2019-cu il tarixədək müəyyən edilmiş qrafikə əsasən həyata keçirilməsi planlaşdırılmışdır.
Hesabat dövründə layihənin icrası məqsədilə Azərbaycanda fəaliyyət göstərən müsəlman dini icmaların həssaslığının və dayanıqlılığın qiymətləndirilməsinə dair sosioloji sorğu keçirilmişdir. Hazırda sözügedən layihə çərçivəsində həssas icmaların dayanıqlığının gücləndirilməsi və məşğuliyyətinin artırılması üçün əvvəlcədən layihədə müəyyən edilmiş rayonlarda biznes layihələri icra olunur.
2018-ci ildə Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Dövlət Komitəsi arasında əməkdaşlıq davam etdirilmişdir. Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşəbbüsü və sözügedən təşkilatın dəvəti ilə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya üzvlərindən ibarət nümayəndə heyətinin 27-28 iyun tarixlərində təcrübə mübadiləsinin aparılması məqsədilə Brüsselə səfəri baş tutmuşdur. Nümayəndə heyəti səfər çərçivəsində Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlər üzrə məsul şəxs Asunsion Sançez Ruiz və Azərbaycan, Belarus, Ermənistan və Şərq Tərəfdaşlığı Bölməsi, NEAR Baş Direktorluğunun nümayəndəsi Yari Hapaala, Mədəniyyətlərarası əlaqələr və Dinlərarası Dialoq üzrə işçi qrupunun həmsədri Yan Olbrayt, parlamentin Azərbaycan üzrə reportyoru, Avropa parlamentində İnkişaf komitəsinin üzvü xanım Zeljana Zovko, parlamentin üzvləri Pavel Svoboda və Aloj Peter, Cənubi Qafqaz Nümayəndəliyinin sədri, parlamentin üzvü Səccad Kərim, Avropa İttifaqının Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard, Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq və İnkişaf Departamentinin İnsan Hüquqları bölməsinin rəhbəri xanım Mersedes Qrasiya Perez ilə görüşmüşdür. Sözügedən səfər 2017-ci ilin 25-26 sentyabr tarixlərində həyata keçirilmiş səfərin davamı olmuşdur.
2018-ci ilin 6-7 dekabr tarixlərində İtaliyanın sədrliyi ilə Milan şəhərində keçirilməsi planlaşdırılan ATƏT-in Nazirlər Şurasının 25-ci iclasında müzakirə olunacaq “Din və etiqad azadlığının təşviqi, ayrı-seçkilik və dözümsüzlük ilə mübarizə sahəsində cəhdlərin genişləndirilməsi” başlıqlı Bəyanat layihəsi, həmçinin BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən “Din və ya etiqad əsasında insanlara qarşı dözümsüzlük, mənfi stereotiplər, stiqmatizasiya, ayrı-seçkilik, zorakılığa təhrik etmə və zorakılıq halları ilə mübarizə” adlı A/HRC/RES/37/38 nömrəli, 23 mart 2018-ci il tarixli qətnamənin 7 və 8-ci bəndlərində göstərilən fəaliyyət planının icrası ilə bağlı Dövlət Komitəsi tərəfindən görülən işlər barədə müvafiq məlumatlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.
Ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin, həqiqətlərinin ölkə xaricində təbliğ edilməsi məqsədilə Komitə əməkdaşları tərəfindən İsrailin nüfuzlu “Yerusəlim Post” qəzeti, “Jerusalem Herald” saytı, ABŞ-da geniş auditoriyaya malik “Muslim World Today” (Müsəlman Dünyası Bugün) internet platforması, Pakistanın nüfuzlu “Parhlo News” xəbər portalı, Rusiyanın “Вестник Кладезь” informasiya saytı, Hindistanın “Orthodoxy Cognate PAGE” portalı, Bolqarıstanın “Православие.бг” internet-platforması, Misir Ərəb Respublikasında geniş oxucu kütləsinə malik “ASİAELYOUM” xəbər portalında məqalələr dərc edilmişdir.
2018-ci il ərzində Komitə tərəfindən dünyada mövcud olan dini vəziyyətlə bağlı ABŞ Dövlət Departamentinin və Dini Etiqad Azadlığı Komissiyasının hesabatlarına cavablar hazırlanaraq müvafiq qaydada aidiyyəti üzrə göndərilmişdir.
İctimaiyyətlə əlaqələr və KİV ilə iş üzrəHesabat dövründə Dövlət Komitəsinin sədri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 11 regionda (Şirvan, Füzuli, Gəncə, Balakən, Gədəbəy, Lənkəran, Xaçmaz, Mingəçevir, Göyçay, İmişli) qəbul keçirmişdir. Qəbullarda əsasən dini icmaların dövlət qeydiyyatı, onlara maliyyə yardımının ayrılması, zəruri dini ədəbiyyatlarla təmin edilməsi, məscidlərin təmiri, dini məzmunlu məhsulların satışı üzrə ixtisaslaşdırılmış məntəqələrin yaradılmasına razılıq verilməsi və s. məsələlərlə bağlı müraciətlər dinlənilmişdir. Qəbulda iştirak etmiş vətəndaşların müraciətlərinin bəziləri yerində həll edilmiş, həlli yerində mümkün olmayan məsələlər isə nəzarətə götürülmüşdür. Bununla yanaşı, Dövlət Komitəsinin vəzifəli şəxsləri və əməkdaşları hər gün məhdudiyyət qoyulmadan vətəndaşları qəbul etmiş, şikayətlərin dərhal və yerindəcə araşdırılması işinə diqqəti daha da artırmışlar.
2018-ci ildə Dövlət Komitəsinin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Komitə tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması təmin edilmiş, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanaraq yayımlanmışdır.
Dövlət Komitəsinin bütün istiqamətlər üzrə fəaliyyəti KİV-də, Komitənin rəsmi veb səhifəsi olan www.scwra.gov.az saytında, sosial şəbəkələrdə (“facebook”, “twitter”) operativ şəkildə işıqlandırılmışdır. Dövlət Komitəsinin rəsmi saytı (scwra.gov.az) yenidən yüksək keyfiyyətlə, dizayn baxımından peşəkar səviyyədə hazırlanmış, sayta yeni bölmələr əlavə edilmiş, Dövlət Komitəsinin fəaliyyətinin əks olunduğu məlumatların açıqlığı və əlçatanlığı təmin edilmişdir.
3 dildə - Azərbaycan, ingilis, rus dillərində xidmət göstərən elektron resursun xəbər lenti mütəmadi olaraq yenilənmişdir. Rəsmi saytda vətəndaşlar üçün “Jivochat” onlayn müraciət proqramı vasitəsilə birbaşa, asan müraciət imkanı yaradılmışdır.
Dövlət Komitəsinin “youtube” video portalında “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-DQİDK” adlı video kanalının fəaliyyəti təmin edilmiş, həyata keçirilən tədbirlər, telekanallarda Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı işıqlandırılan materiallar video portalda yerləşdirilmişdir.
Komitənin “www.scwra.gov.az” rəsmi saytının “qaynar xətt” bölməsinə, “Jivochat” onlayn müraciət proqramına, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki səhifələrinə daxil olan onlarla müraciət qısa zamanda cavablandırılmışdır.
Hesabat dövründə dövlət orqanlarının veb-saytlarının fəaliyyətinin, operativliyinin araşdırılması məqsədilə aparılan monitorinqlərin nəticələrinə əsasən, Dövlət Komitəsinin rəsmi internet saytı ictimaiyyətə çatdırdığı xəbərlərin sayına görə ilk yerlərdə mövqe tutmuşdur.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Kaspi Geosiyasi” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə keçirilən monitorinqdə Dövlət Komitəsinin rəsmi internet saytı və Mətbuat xidmətinin fəaliyyəti “əla” qiymətləndirilmişdir.
Komitənin göstərdiyi elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulmasının təmin edilməsi sahəsində müvafiq qurumun struktur bölməsi ilə Dövlət Komitəsinin göstərdiyi e-xidmətlə bağlı Dövlət Xidmət Reyestrinə rüblük məlumatların yerləşdirilməsi təmin edilmiş, “İdarələrarası elektron sənəd dövriyyəsi” sisteminə nəzarət edilmiş, sistem vasitəsi ilə mərkəzi icra hakimiyyəti orqanlarına 100-dən çox məktub göndərilmişdir.
Kargüzarlıq üzrə
2018-ci ildə Dövlət Komitəsinə 2811 məktub, 575 qanunvericilik sənədi daxil olmuşdur. Hazırda 88 məktub icradadır. 47 sənəd dini icmaların dövlət qeydiyyatına alınması ilə bağlıdır. “Nəzarətə götürülmüş” qriflə daxil olmuş 23 sənədin hamısı icra olunmuşdur. Dövlət Komitəsi tərəfindən müxtəlif instansiyalara 773 məktub göndərilmişdir. Hesabat dövründə Dövlət Komitəsinin elektron poçt ünvanına 63 vətəndaş müraciəti daxil olmuş, müraciətlərin hamısına cavab verilmişdir.
DÖVLƏT KOMİTƏSİNİN TABELİYİNDƏ OLAN QURUMLARIN FƏALİYYƏTİ BARƏDƏ
Mənəvi Dəyərlərin Təbliği Fondu
Dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etmək məqsədi ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun 2018-ci ildəki ilkin fəaliyyəti mənəvi dəyərləri təbliğ edən şəxslər qismində QMİ tərəfindən rəsmi şəkildə məscidlərə təyin edilmiş imam, imam müavini və mütəvəllilərə maddi dəstəyin göstərilməsi ilə bağlı olmuşdur.
Ramazan ayında Fond tərəfindən Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki və Lənkəran şəhərlərində, eləcə də Masallı, Zaqatala, Quba və İsmayıllı rayonlarında şəhid ailələri və müharibə veteranları üçün ümumilikdə 12 iftar süfrəsi təşkil edilmiş, Ramazan bayramında isə 60-dan çox şəhid ailəsinə bayram sovqatı (ərzaq) verilmişdir. 2018-ci ilin avqust ayında Qurban bayramı münasibətilə ölkə üzrə 120 şəhid ailəsinə ümumilikdə 360 kq ət sovqatı paylanmışdır. Bununla yanaşı, 2018-ci ilin noyabr ayında Fond tərəfindən bir şəhid ailəsinə birdəfəlik maddi yardım göstərilmişdir.
13 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 2018-2019-cu tədris ilində cəbhə bölgəsində (Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Tərtər sakinləri) 1-ci sinifə gedəcək 100 nəfər uşağa məktəbli forması, çanta və dərs ləvazimatları hədiyyə edilmişdir.
2018-ci ilin sentyabr ayında ailəsinin müraciəti əsasında Fond tərəfindən Qarabağ uğrundakı döyüşlərdə həlak olmuş şəhid Nəsirov Fərhad İsa oğlunun qəbirüstü abidəsi bərpa edilmişdir.
29-31 avqust tarixlərində ölkəmizin müxtəlif bölgələrindən olan Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qax rayonunda Yay məktəbi təşkil edilmişdir. Yay məktəbində mənəvi dəyərlərin təbliği, qorunması və inkişafı ilə bağlı müxtəlif mühazirələr dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə aktual mövzulara həsr edilmiş müxtəlif istiqamətdə 11 konfrans, Məhərrəmlik ayında dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə 10, “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda bölgələrdə 6 seminar-treninq, Azərbaycançılıq ideologiyasının gənclər arasında təbliğini təmin etmək məqsədilə 6 seminar-müşavirə, “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda 7 regional seminar təşkil olunmuşdur.
Təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən oktyabr ayından etibarən Azərbaycan İlahiyyat İnstitutunun 20 tələbəsinə 100 manat miqdarında aylıq maddi yardım göstərilmişdir.
Məktəblilər arasında mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi məqsədilə Fondun təşkilatçılığı və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə oktyabr ayında Bakı şəhərinin məktəbliləri üçün “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda inşa-yazı müsabiqəsi elan edilmişdir. Müsabiqənin nəticələri ilə bağlı 30 oktyabr 2018-ci il tarixdə mükafatlandırılma mərasimi və tədbir təşkil olunmuş, qaliblərə diplom və pul mükafatı təqdim edilmişdir.
26 noyabr tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Uşaqlar gülərsə, dünya güləcək” adlı layihə həyata keçirilmişdir. Layihə çərçivəsində Bakı şəhərinin Nizami rayonunda yerləşən 1 saylı, Suraxanı rayonunda yerləşən 2 saylı və Xətai rayonunda yerləşən 3 saylı uşaq evlərində məskunlaşmış uşaqlarla görüş keçirilmiş, onlara müxtəlif hədiyyələr təqdim edilmişdir.
Noyabr ayının 30-da Fond tərəfindən 22 oktyabr-22 noyabr tarixlərində elan edilmiş “Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsinin yekunlarına həsr edilmiş konfrans və mükafatlandırılma mərasimi keçirilmişdir.
Mənəvi dəyərlərin təbliği və dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə 2018-ci ildə Fond tərəfindən 44 adda ədəbiyyat nəşr edilmişdir.
Fond tərəfindən kütləvi informasiya vasitələrində mənəvi dəyərlərin təbliği işini həyata keçirmək məqsədilə ASAN Radio ilə birgə 2018-ci ilin oktyabr ayından etibarən “Mənəvi dəyərlər” adlı radio veriliş hazırlanaraq radio dinləyicilərinə təqdim edilmişdir. Bununla yanaşı, ASAN Radio ilə əməkdaşlıq çərçivəsində mənəvi dəyərləri təbliğ edən 2 sənədli film və 5 sosial video-çarx hazırlanmışdır.
Hesabat dövründə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dini etiqad sahəsində vətəndaşların maarifləndirməsini təmin etmək, dövlət-din münasibətləri, mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək, eləcə də dini radikalizm və ekstremizm və fanatizmlə mübarizəni təşkil etmək məqsədilə müasir texnologiyanın imkanlarından istifadə edilməklə “Sorğu mərkəzi”nin yaradılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür. “Sorğu mərkəzi”nin təşkili üçün maliyyə və texniki prosedur yekunlaşmaq üzrədir.
2018-ci ildə eyni zamanda, müasir texnoloji və innovativ yeniliklərin tətbiqi məqsədilə ölkə üzrə 200 məscidə veb-kamera sisteminin quraşdırılması prosesinə başlanılmışdır. Bu, Fondun maddi dəstək göstərdiyi şəxslərin fəaliyyətini qiymətləndirmək, eləcə də mənəvi irsimiz olan məscidlərdə mənəvi dəyərlərimizin qorunması istiqamətində maarifləndirmə işinin aparılması zamanı innovativ yeniliklərdən istifadə, habelə vətəndaşların dini etiqad azadlığına dövlət dəstəyinin təmin edilməsi məqsədini daşıyır.
Hesabat dövründə Mənəvi Dəyərlərin Təbliği Fondu qeyri-hökumət təşkilatları və dini icmaların sosial xarakterli, habelə mənəvi dəyərləri təbliğ edən layihələrini də maliyyələşdirmişdir. Bununla əlaqədar 46 qeyri-hökumət təşkilatı və 85 dini icma ilə əməkdaşlıq əsasında layihələr icra edilmişdir.
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən etibarən fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirməyə başlamışdır. Qısa vaxtda İnstitutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, eləcə də maarifləndirmə istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür. İnstitutda bir fakültə (İlahiyyat fakültəsi) və üç kafedra (Dinşünaslıq, İslamşünaslıq və Dillər və ictimai fənlər kafedraları) formalaşdırılmışdır. İnstituta 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III ixtisas qrupu üzrə iki istiqamət - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilmişdir. Hazırda fakültədə bakalavriat səviyyəsində 101, magistratura səviyyəsində isə 7 tələbə təhsil alır.
İnstitut maarifləndirmə istiqamətində müxtəlif mövzularda 93 elmi seminar, görüş, dəyirmi masa təşkil etmişdir. Həmçinin fəaliyyətini inkişaf etdirmək məqsədilə İnstitut xarici təhsil müəssisələri ilə əlaqələr yaratmışdır.
İnstitutun fəaliyyət sahələrindən biri də nəşriyyatlardır. İnstitutun nəşriyyatla bağlı ilkin hədəfi yeni dərsliklərin hazırlanmasıdır. Bütün fənlər üzrə yeni dərsliklərin hazırlanması layihəsi çərçivəsində tədris ilinin başlanğıcında lazım olan dərsliklər hazırlanaraq tələbələrə paylanmışdır. Növbəti tədris ilində lazım olacaq dərsliklərlə bağlı işlər davam etdirilir. İnstitutda elmi məqalələrin nəşri üçün nəzərdə tutulan “Din araşdırmaları” jurnalı təsis olunmuşdur. Jurnalın redaksiya heyətinə həm ölkədaxili, həm də xarici tədqiqatçılar daxil edilmişlər. Jurnalın yaxın gələcəkdə beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur. Bundan əlavə, İnstitutun fəaliyyətinin işıqlandırılması üçün nəzərdə tutulan “İlahiyyatçı” qəzeti də nəşrə başlamışdır. İnstitutun bütün strukturları və fəaliyyəti ilə bağlı “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” nəşr olunmuş, İnstitutun kataloqu nəşrə hazırlanmışdır. İnstitutun müasir tələblərə cavab verən geniş həcmli internet saytının hazırlanmasına başlanmış və əməkdaşlar korporativ maillərlə təmin edilmişdir.